Vyetnamın Baş prokuroru ölkəmizdə

post-img

İyunun 8-də Milli Məclisin Sədri Sahibə Qafarova ölkəmizdə səfərdə olan Vyetnam Sosialist Respublikasının Baş prokuroru Nquyen Tiyenin başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.

Söhbət zamanı iki ölkə arasında dost münasibətlərin təməlinin hələ ötən əsrdə Ulu Öndər Heydər Əliyev və Vyetnam xalqının böyük oğlu Ho Şi Min tərəfindən qoyulduğu bildirilib. Vurğulanıb ki, Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra bu əlaqələr dinamik inkişaf edib.

Görüşdə ikitərəfli əlaqələrin güclənməsində ali və yüksəksəviyyəli qarşılıqlı səfərlərin müstəsna rolu qeyd olunub, Azərbaycan Prezidentinin Vyetnama, Vyetnam Prezidentinin isə Azərbaycana səfərlərinin münasibətlərimizin dinamikasını müəyyən etdiyi diqqətə çatdırılıb.

Sahibə Qafarova qonağa Milli Məclisin ölkənin qanunvericilik sisteminin təkmilləşdirilməsi sahəsində fəaliyyəti kontekstində Azərbaycanın Baş Prokurorluğu ilə qarşılıqlı əməkdaşlığı, Azərbaycanda müasir parlamentin strukturu, beynəlxalq fəaliyyəti, parlamentdə partiyaların təmsilçiliyi barədə məlumat verib.

Nquyen Tiyen Vyetnam Milli Assambleyası sədrinin salamlarını çatdırıb, ölkəmizə səfəri barədə təəssüratlarını bölüşüb. Qonaq rəhbərlik etdiyi qurumla Azərbaycan Baş prokurorluğu arasında imzalanmış sənədlərin əhəmiyyətindən və əməkdaşlığın perspektivlərindən danışıb.

***

Həmin gün Azərbaycanın Baş prokuroru Kamran Əliyev də Vyetnamın Baş prokuroru Nquyen Tiyenin başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.

Görüşdə Kamran Əliyevin rəhbərlik etdiyi nümayəndə heyətinin 2025-ci ildə Hanoy şəhərinə işgüzarı səfəri xatırlanmış, həmin səfərdə Azərbaycan və Vyetnam Baş prokurorluqları arasında imzalanmış Anlaşma Memorandumunun iki ölkənin prokurorluq orqanları arasında hüquqi əməkdaşlığın inkişafına töhfə verməklə yanaşı, qarşılıqlı təcrübə mübadiləsinin genişləndirilməsinə xidmət etdiyi vurğulanıb.

Görüş zamanı iki ölkənin prokurorluqları arasında hüquqi əməkdaşlığın möhkəmləndirilməsi, mövcud əlaqələrin gələcəkdə daha da intensivləşdirilməsi məqsədilə əmlakın bərpası, ətraf mühitin qorunması kimi prokurorluq fəaliyyətinin müxtəlif sahələrini əhatə edən Əməkdaşlıq Proqramı imzalanıb.

Vyetnam Sosialist Respublikasının hüquq-mühafizə orqanları ilə əlaqələrin inkişaf etdirilməsi məqsədilə “Azərbaycan Respublikası və Vyetnam Sosialist Respublikası arasında cinayət işləri üzrə qarşılıqlı yardım haqqında Müqavilə” layihəsi hazırlanıb və hazırda dövlətdaxili proseduralardan keçirilir.

Nquyen Tiyen təmsil etdiyi qurumun Azərbaycanla əlaqələrin inkişafına xüsusi önəm verdiyini, habelə qurumlar arasında əməkdaşlığın bundan sonra da genişlənəcəyinə əminliyini ifadə edib.

Görüşdə cinayətkarlığa qarşı mübarizə sahəsində əməkdaşlıq üzrə faydalı fikir mübadiləsi aparılıb, ekstradisiya, hüquqi yardım, prokurorların təlimi və digər istiqamətlər üzrə əlaqələrin davam etdirilməsi barədə razılıq əldə olunub.

***

Dünən Konstitusiya Məhkəməsinin sədri Fərhad Abdullayev də Vyetnamın Baş prokuroru Nquyen Tiyenin başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.

Konstitusiya Məhkəməsinin sədri Azərbaycanla Vyetnam arasında dostluq münasibətlərinin uğurla inkişaf etdiyini vurğulayaraq, müxtəlif sahələrdə əməkdaşlığın genişləndirilməsinin əhəmiyyətini qeyd edib, dövlətlərarası münasibətlərin inkişafında hüquqi əməkdaşlıq və qarşılıqlı təcrübə mübadiləsinin xüsusi rol oynadığını bildirib. O, Konstitusiya Məhkəməsinin fəaliyyət istiqamətlərindən, həmçinin qərar qəbuletmə proseduru və bu sahədə görülən işlərdən ətraflı bəhs edib.

Baş prokuror Nquyen Tiyen Azərbaycan ilə Vyetnam arasında əlaqələrin inkişafından məmnunluğunu ifadə edib, məhkəmə və prokurorluq sahələrində münasibətlərin genişləndirilməsinin qarşılıqlı maraqlara uyğunluğunu vurğulayaraq, gələcəkdə təcrübə mübadiləsinin və birgə təşəbbüslərin hər iki ölkənin hüquq sahəsi üçün faydalı olacağını diqqətə çatdırıb.

XQ





Son xəbərlər