Azərbaycan və Gürcüstan xarici işlər nazirləri Cənubi Qafqazın strateji rolunu ön plana çıxarıblar

post-img

Bizi Telegram-da da izləyə bilərsiniz:@xqazeti

İstanbulda Türkiyə, Azərbaycan və Gürcüstan xarici işlər nazirlərinin X Üçtərəfli Görüşü çərçivəsində Azərbaycanın XİN rəhbəri Ceyhun Bayramov gürcüstanlı həmkarı Maka Boçorişvili ilə görüş keçirib.

XQ-nin məlumatına görə, Azərbaycan Xarici İşlər Nazirliyi “X” platformasında görüşlə bağlı paylaşım edib. Bildirilib ki, tərəflər birgə layihələrin həyata keçirilməsi istiqamətində ortaq öhdəliklərini bir daha təsdiqləyiblər.

Nazirlər Cənub Qaz Dəhlizi, Orta Dəhliz və digər regional bağlantı təşəbbüsləri daxil olmaqla, enerji təhlükəsizliyi, sabitlik və dayanıqlı iqtisadi inkişafı dəstəkləyən layihələrin irəlilədilməsinin vacibliyini vurğulayıblar. Həmçinin regional və beynəlxalq proseslər barədə fikir mübadiləsi aparılıb, Cənubi Qafqazın Avropa ilə Asiyanı birləşdirən strateji nəqliyyat və kommunikasiya mərkəzi kimi əhəmiyyəti diqqətə çatdırılıb.

Görüşdə Azərbaycan–Gürcüstan strateji tərəfdaşlığının hazırkı vəziyyəti və perspektivləri də müzakirə olunub. Tərəflər siyasi dialoqun dərinləşdirilməsi, iqtisadi əlaqələrin genişləndirilməsi və enerji, nəqliyyat və regional bağlantı sahələrində əməkdaşlığın gücləndirilməsinin əhəmiyyətini qeyd ediblər.



Siyasət