Bizi Telegram-da da izləyə bilərsiniz:@xqazeti
Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Türkiyə–Azərbaycan–Gürcüstan XİN rəhbərlərinin 10-cu üçtərəfli görüşündən sonra keçirilən mətbuat konfransında Cənubi Qafqazda Ermənistan–Azərbaycan normallaşma prosesi ilə bağlı son inkişaflar barədə geniş məlumat verib.
Nazir bildirib ki, o, həmkarlarını regionda sülh və sabitliyə doğru gedən prosesin hazırkı mərhələsi barədə məlumatlandırıb. Xüsusilə, ötən ilin avqustunda baş tutmuş tarixi Vaşinqton sammitindən sonra normallaşma istiqamətində atılan addımlar, müşahidə olunan müsbət dinamika və etimadın möhkəmləndirilməsi məqsədilə həyata keçirilən tədbirlər ətraflı şəkildə diqqətə çatdırılıb.
Ceyhun Bayramov qeyd edib ki, bu dövrdə tərəflər arasında dialoqun güclənməsi və praktiki addımların artması prosesin daha dayanıqlı mərhələyə keçidi üçün mühüm zəmin yaradır.
O, həmçinin vurğulayıb ki, normallaşmanın tam və davamlı sülhə çevrilməsi, dövlətlərarası münasibətlərin sağlam əsaslar üzərində qurulması və yekun sülh sazişinin imzalanması üçün hələ də bəzi vacib məsələlərin tam icrası zəruridir. Nazir bu istiqamətdə öhdəliklərin yerinə yetirilməsinin və qarşılıqlı etimadın möhkəmləndirilməsinin əhəmiyyətini bir daha diqqətə çatdırıb.

