Bizi Telegram-da da izləyə bilərsiniz:@xqazeti
Azərbaycanın kənd təsərrüfatı sektorunda beynəlxalq əməkdaşlığın genişləndirilməsi istiqamətində daha bir önəmli addım atılıb.
Məlumata görə, yerli aqrar təcrübənin və müasir bağçılıq texnologiyalarının xarici bazarlara inteqrasiyasını hədəfləyən yeni investisiya layihəsi çərçivəsində Azərbaycan şirkəti Dağıstanda iri aqroparkın yaradılmasına start verir.
Bu çərçivədə Sankt-Peterburq Beynəlxalq İqtisadi Forumu – 2026-da Azərbaycanın aparıcı kənd təsərrüfatı müəssisələrindən biri olan “İSFA” MMC ilə Dağıstanın “RBR” MMC-si arasında əməkdaşlıq sazişi imzalanıb.
Ümumi dəyəri 3,4 milyon manatdan artıq olan müqaviləyə əsasən, tərəflər Dağıstanın Dərbənd rayonunun Vəlikənd ərazisində aqroparkın yaradılması üzrə birgə fəaliyyət göstərəcəklər.
Layihəyə uyğun olaraq “İSFA” MMC tərəfindən 300 hektar ərazidə zeytun bağlarının salınması, 20 hektarda tingçilik sahəsinin qurulması, 40 hektarda müxtəlif meyvə ağaclarından ibarət nümayiş bağının yaradılması, həmçinin 10 hektarlıq damazlıq bağ və aqroturizm zonasının təşkili planlaşdırılır.
Aqroparkda istifadə olunacaq meyvə ağacları və tinglərin “İSFA” MMC-nin Yevlax Pilot Aqroparkındakı təsərrüfatında yetişdiriləcəyi bildirilir. Bu müəssisə 2025-ci ilin iyununda Azərbaycan Prezidenti İlham Əliyevin iştirakı ilə istifadəyə verilib.
Layihənin həyata keçirilməsi Azərbaycanın ting istehsalı sahəsində mövqeyini gücləndirməklə yanaşı, ölkənin idxaldan asılılığının azalmasına və ixrac potensialının artmasına da töhfə verəcək. Gələcək mərhələdə aqropark ərazisində zeytun yağı istehsalı zavodunun inşası da nəzərdə tutulur.
Tədbirdə Dağıstan rəhbərliyinin nümayəndəsi, Azərbaycanın iqtisadiyyat nazirinin birinci müavini Elnur Əliyev, Azərbaycanın Rusiyadakı səfiri Rəhman Mustafayev və digər rəsmi şəxslər iştirak ediblər.

