Türk Akademiyası İstanbuldakı İslam Tarixi, İncəsənəti və Mədəniyyəti Tədqiqat Mərkəzində (IRCICA) elmi və mədəni tədbir keçirib.
Tədbirdə Türk Akademiyasının prezidenti, akademik Şahin Mustafayev, IRCICA-nın baş direktoru professor Mahmud Erol Kılıç, Qazaxıstanın Türkiyədəki baş konsulu Amankul Nuriddin, Türkiyə Respublikasının Türk Dövlətləri Təşkilatındakı daimi nümayəndəsi səfir Ufuk Ekici, Macarıstan diplomatik nümayəndəliyinin nümayəndəsi Peter Szanto, eləcə də Türkiyə tədqiqat və akademik ictimaiyyətinin nümayəndələri, alimlər və tədqiqatçılar iştirak ediblər.
Tədbiri açan akademik Şahin Mustafayev Türk Akademiyasının fəaliyyətinin türk xalqlarının ortaq tarixinin, dilinin, ədəbiyyatının və mədəniyyətinin öyrənilməsinə yönəldiyini vurğulayıb. O, qeyd edib ki, Akademiya tarix, arxeologiya, etnoqrafiya, dilçilik, beynəlxalq münasibətlər və rəqəmsal humanitar elmlər sahəsində onlarla beynəlxalq layihə həyata keçirir və türk dünyasında elmi əməkdaşlığın möhkəmlənməsinə töhfə verir.
Akademiyanın rəhbəri deyib Kİ, Türk dünyasının zəngin irsi İslam sivilizasiyasının ayrılmaz hissəsidir və türkologiya və islamşünaslıq sahəsində aparılan tədqiqatlar bir-birini tamamlayır və beynəlxalq elmi əməkdaşlıq üçün geniş imkanlar açır.
Öz növbəsində, professor M.E. Kılıç ortaq mədəni irsimizin qorunmasına və öyrənilməsinə yönəlmiş elmi tədqiqatların əhəmiyyətini qeyd edib və Türk Akademiyası ilə əməkdaşlığın daha da inkişaf etdirilməsində maraqlı olduqlarını bildirib.
Tədbir zamanı Türk Akademiyasının ekspertləri Aynur Maemerova, Nurdin Useyev və Dinmuhammed Ametbek Akademiyanın elmi layihələrini təqdim edib və mövcud tədqiqatlarını müzakirə ediblər.
Proqram çərçivəsində Türk Akademiyasının elmi nəşrlərinin sərgisi təşkil edilib. Təqdim olunan əsərlər arasında altı türk dilində nəşr olunmuş və tarixi Qurultayın 131 nümayəndəsi haqqında məlumatları özündə əks etdirən "1926-cı il Bakı Türkoloji Qurultayının Albomu" nəşri, eləcə də nadir arxiv materialları əsasında hazırlanmış, türk və rus dillərində nəşr olunmuş "1926-cı il Bakı Türkoloji Qurultayının arxiv sənədləri" kitabı xüsusi yer tutub.
Qulu Kəngərli
XQ-nin Türküstan üzrə xüsusi müxbiri
Astana





