Finlandiyanın paytaxtı Helsinkidə fəaliyyət göstərən Azərbaycan Evində istiqlal nəğməkarı, Xalq şairi Bəxtiyar Vahabzadənin anadan olmasının 100 illiyinə həsr edilmiş yubiley mərasimi və fin dilinə çevrilmiş şeirlərindən ibarət “Odlar ölkəsinin poeziyası” kitabının təqdimatı keçirilib.
Əməkdar incəsənət xadimi Tahirə Cəfərova tərcümə və tərtib etdiyi bu toplu haqqında məlumat verərək Bəxtiyar Vahabzadənin 100 illik yubileyinin qeyd olunmasını və onun yaradıcılığının fin oxucularına tanıdılmasını bu ölkədə Azərbaycan mədəniyyətinə maraq və ehtiram nümunəsi kimi dəyərləndirib.
Tərcüməçi daha sonra Bəxtiyar Vahabzadə poeziyasının xüsusiyyətlərindən danışaraq qeyd edib ki, onun şeirlərində təqdim edilən nümunələrin fəlsəfi məzmununu fin oxucusuna çatdırmaq üçün Avropada geniş yayılmış sərbəst şeir formasında təqdim edilməsinə üstünlük verib, müəllifin özünəməxsus ritmi, intonasiyası, eləcə də poetik ahəngini qoruyub saxlamağa çalışıb.
Kitabın naşiri Yirki İhalaynen Bəxtiyar Vahabzadənin fəlsəfi lirikasının bədii xüsusiyyətlərindən danışıb, onun sovet dövründə Azərbaycan xalqının tarixi faciəsinə həsr olunmuş “Gülüstan” poemasının nəşrindən sonra üzləşdiyi təqiblərdən bəhs edib. O, Xalq şairinin Azərbaycanın müstəqilliyi, milli kimliyi və ana dilinin qorunması uğrunda apardığı mübarizədən söz açıb. Yubilyarın ana dilinin hər bir xalq üçün daşıdığı önəmi əks etdirən “Mənim anam” şeirini səsləndirib.
Mərasimdə fin şairi Xannu Myakelyanın təbrik məktubu oxunub. Yazıçı Anita Konkkan, Helsinki Universitetinin Şərqi Asiya araşdırmaları kafedrasının professoru Yuxa Yanxunen və ölkənin digər tanınmış ziyalıları Bəxtiyar Vahabzadənin mübariz şəxsiyyəti və çoxşaxəli fəaliyyəti ilə XX əsrin ikinci yarısından etibarən Azərbaycan bədii-ictimai fikir tarixinə parlaq səhifələr yazmasını söyləyiblər. Bildirilib ki, onun Vətənə, millətə, doğma ana dilinə sonsuz məhəbbət ifadə edən zəngin irsi istiqlal məfkurəsinə sədaqətlə aşılanmışdır.
Sənətkar ədəbi və elmi yaradıcılığını uzun illər pedaqoji fəaliyyəti ilə uğurla əlaqələndirərək, bir neçə nəslin milli təfəkkürünün formalaşmasına çalışıb. Bəxtiyar Vahabzadə ictimai xadim kimi xalqın taleyüklü məsələlərinə münasibətdə də həmişə əsl ziyalı mövqeyi nümayiş etdirib.
Mərasimdə Azərbaycan Evinin rəhbəri Ülviyyə Cabbarovanın hazırladığı Bəxtiyar Vahabzadənin ömür yolu və doğulduğu Şəki şəhərinin gözəlliklərini əks etdirən videoçarx nümayiş olunub. Gecənin sonunda Bəxtiyar Vahabzadənin şeirləri Azərbaycan və fin dillərində səsləndirilib. Sonda qonaqlara Xalq şairinin fin dilində nəşr olunmuş kitabının nüsxələri hədiyyə olunub.
Afət SADIQOĞLU,
Əməkdar mədəniyyət işçisi


