Azərbaycanın Müstəqillik Günü və Türkmənistanda təşkil olunan Azərbaycan Mədəniyyəti Günləri münasibətilə Aşqabad şəhərində rəsmi qəbul keçirilib.
Tədbir hər iki ölkənin dövlət himnlərinin səsləndirilməsi ilə başlayıb. Azərbaycanın Türkmənistandakı səfiri Qismət Gözəlov çıxışında Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 108-ci ildönümünün əhəmiyyətindən danışaraq, bu tarixi hadisənin Azərbaycan dövlətçiliyinin formalaşmasında mühüm rol oynadığını bildirib.
Diplomat qeyd edib ki, Azərbaycan 1991-ci ildə dövlət müstəqilliyini bərpa etdikdən sonra Ümummilli Lider Heydər Əliyevin rəhbərliyi ilə siyasi sabitlik və inkişaf mərhələsinə qədəm qoyub. Onun sözlərinə görə, ölkədə hüquqi dövlət quruculuğu istiqamətində mühüm addımlar atılıb, demokratik institutlar gücləndirilib və bazar iqtisadiyyatı prinsiplərinə əsaslanan sistem formalaşdırılıb. Səfir vurğulayıb ki, Prezident İlham Əliyevin rəhbərliyi altında Azərbaycan davamlı inkişafını təmin edərək regionun aparıcı dövlətlərindən birinə çevrilib.
Azərbaycan-Türkmənistan münasibətlərinə toxunan Qismət Gözəlov iki ölkəni ortaq tarix, dil, mədəniyyət və milli dəyərlərin birləşdirdiyini bildirib. Onun sözlərinə görə, dövlət başçılarının qarşılıqlı siyasi iradəsi sayəsində strateji tərəfdaşlıq münasibətləri daha da möhkəmlənib.
Səfir xatırladıb ki, 2025-ci ildə Prezident İlham Əliyevin Türkmənistana, Türkmən xalqının Milli Lideri və Xalq Məsləhətinin Sədri Qurbanqulu Berdiməhəmmədovun isə Azərbaycana səfərləri ikitərəfli əlaqələrin inkişafında mühüm mərhələ olub. O, 2026-cı ildə də yüksək səviyyəli qarşılıqlı təmasların davam etdiyini diqqətə çatdırıb.
Mədəni-humanitar əməkdaşlıq sahəsində görülən işlərdən danışan səfir ötən il Bakı və Gəncədə Türkmənistan Mədəniyyəti Günlərinin uğurla keçirildiyini, hazırda isə Aşqabad və Arkadağ şəhərlərində Azərbaycan Mədəniyyəti Günlərinin təşkil olunduğunu qeyd edib.
Çıxış zamanı Azərbaycanın Türkmənistanın daimi tərəfsizlik siyasətinə hörmətlə yanaşdığı vurğulanıb. Bildirilib ki, hər iki ölkə beynəlxalq və regional təşkilatlar çərçivəsində əməkdaşlığı uğurla davam etdirir.
Tədbirdə iştirak edən Türkmənistan Nazirlər Kabineti sədrinin müavini və Birgə Hökumətlərarası Komissiyanın həmsədri Nökərqulu Ataquliyev Prezident Sərdar Berdiməhəmmədovun təbriklərini Azərbaycan tərəfinə çatdırıb. O, Azərbaycan və Türkmənistan arasında qurulmuş yüksək səviyyəli siyasi dialoqun əlaqələrin inkişafına mühüm töhfə verdiyini bildirib. Ataquliyev xalqlar arasında mövcud olan qardaşlıq münasibətlərinin dərin tarixi köklərə söykəndiyini vurğulayaraq, əməkdaşlığın siyasi, iqtisadi, mədəni və humanitar istiqamətlər üzrə genişləndiyini qeyd edib.
Qəbulda Azərbaycanın mədəniyyət naziri Adil Kərimlinin rəhbərlik etdiyi nümayəndə heyəti, Türkmənistanda akkreditə olunmuş diplomatik korpusun təmsilçiləri, media nümayəndələri, ictimai xadimlər və Türkmənistanda yaşayan azərbaycanlılar iştirak ediblər.
Rəsmi hissədən sonra ziyafət proqramı Azərbaycan incəsənət ustalarının təqdim etdiyi musiqi nömrələri ilə davam edib. Qonaqlar xalq və bəstəkar mahnılarını dinləyib, milli rəqslərlə tanış olublar. Tədbir çərçivəsində Azərbaycanın tarixi, mədəni irsi və müasir inkişafını əks etdirən videoçarxlar nümayiş olunub.
Qonaqlara Azərbaycan mətbəxinin müxtəlif təamları, milli şirniyyatlar və içkilər təqdim edilib. Bununla yanaşı, Azərbaycan-Türkmənistan dostluq münasibətlərini əks etdirən fotosərgi təşkil olunub. Sərgidə “Made in Azerbaijan” brendi altında istehsal olunan məhsullar, o cümlədən “Azərçay” və milli kəlağayı nümunələri nümayiş etdirilib.
Bizi Telegram-da da izləyə bilərsiniz: @xqazeti





