Türkiyənin Rəqabət Şurası “Meta” şirkətinə qarşı araşdırma başladıb

post-img

Bizi Telegram-da da izləyə bilərsiniz:@xqazeti

Türkiyənin Rəqabət Şurası “Facebook”, “Instagram” və “WhatsApp” platformalarının sahibi olan “Meta” şirkətinin fəaliyyətini araşdırmağa başlayıb.

XQ xəbər verir ki, araşdırmanın başlanmasına səbəb “WhatsApp” istifadəçilərinin “Meta AI” xaricindəki süni intellekt əsaslı virtual assistent və çat-bot xidmətlərinə çıxış imkanlarının məhdudlaşdırıldığına dair iddialar olub.

Araşdırma çərçivəsində şirkətin bazardakı üstün mövqeyindən istifadə edərək rəqabətə mənfi təsir göstərib-göstərmədiyi qiymətləndiriləcək. Məsələnin bütün tərəfləri araşdırıldıqdan sonra yekun qərar veriləcək.

Rəqabət Şurasının nümayəndələri bildiriblər ki, Türkiyədə “WhatsApp”ın geniş istifadəçi bazasına malik olması rəqəmsal bazarlarda ədalətli rəqabətin qorunmasını xüsusi əhəmiyyətli edir. Qurumun əsas məqsədi istifadəçilərin müxtəlif xidmətlər arasında sərbəst seçim imkanlarının təmin olunmasıdır.

Şura “Meta”dan tələb edib ki, “WhatsApp” üzərindən təqdim olunan xidmətlər zamanı süni intellekt əsaslı alternativ çat-botların fəaliyyətinə maneə yarada biləcək addımlardan çəkinilsin. Şirkətə bu istiqamətdə zəruri tədbirləri həyata keçirmək üçün bir ay müddət verilib. Tələblərin yerinə yetirilməməsi halında isə şirkətə maliyyə sanksiyalarının tətbiqi mümkündür.

Mütəxəssislər hesab edirlər ki, sözügedən araşdırma rəqəmsal platformalarda rəqabət mühitinin qorunması və istifadəçilərin seçim hüququnun təmin edilməsi baxımından mühüm nəticələr doğura bilər.

Dünya