BMT-dən qlobal xəbərdarlıq: Dünya dəhşətli anomal istilərə və kataklizmlərə hazırlaşmalıdır

post-img

Bizi Telegram-da da izləyə bilərsiniz:@xqazeti

Birləşmiş Millətlər Təşkilatının (BMT) Ümumdünya Meteorologiya Təşkilatı (ÜMT) yaxın aylarda "El-Ninyo" iqlim fenomeninin qlobal temperatur artımına və bütövlükdə planetdə ekstremal hava anomaliyalarına səbəb olacağını proqnozlaşdırır. Sakit okeanın mərkəzi və şərq hissələrində səth sularının dövri olaraq qızması ilə xarakterizə olunan bu təbiət hadisəsi adətən 9 aydan 12 aya qədər davam edir. Qurumun rəsmi bəyanatında bildirilir ki, okeandakı isti su kütlələri "El-Ninyo"nun inkişafını sürətləndirir və cari ilin iyun-avqust ayları ərzində dünyanın əksər regionlarında temperatur göstəricilərinin orta normadan xeyli yüksək olacağı gözlənilir.

Ekspertlər bu iqlim dalğasının nə dərəcədə güclü olacağını hələlik tam dəqiqləşdirə bilmirlər, çünki müasir iqlim modellərinin qiymətləndirmələri fərqlidir. Buna baxmayaraq, mütəxəssislər bütün ölkələri potensial təbii fəlakətlərə qarşı ciddi hazırlıq görməyə səsləyirlər. ÜMT-nin Baş katibi Selesta Saulo mövzu ilə bağlı çıxışında qeyd edib ki, bəşəriyyət həm quruda, həm də okeanda istilik dalğaları riskini artıracaq, güclü quraqlıqlara və amansız leysan yağışlarına yol açacaq dağıdıcı bir "El-Ninyo" fazasına hazır olmalıdır.

Mövcud iqlim xəritəsinə əsasən, bu fenomen fonunda Cənubi Amerikanın cənub hissələrində, ABŞ-da, Afrika Buynuzu regionunda və Mərkəzi Asiyanın bəzi bölgələrində yağıntıların miqdarı kəskin arta bilər. Bunun əksinə olaraq, Avstraliya, Mərkəzi Amerika, İndoneziya və Cənubi Asiyanın bir hissəsində dəhşətli quraqlıq qeydə alınacaq. Sakit okeanın mərkəzi və şərq akvatoriyasında isə bu proses dağıdıcı uraqanların (qasırğaların) formalaşmasına rəvac verəcək.

Baş katib anomal istilərin yaradacağı digər qlobal təhlükələri də xatırladıb. Onun sözlərinə görə, temperatur artımı ağcaqanad və gənələr vasitəsilə yayılan təhlükəli infeksion xəstəliklərin coğrafiyasını genişləndirəcək, eyni zamanda bir çox regionların əhalisi içməli su və ərzaq qıtlığı problemi ilə üz-üzə qalacaq. Bir sıra ölkələrin milli hidrometeorologiya xidmətləri bu dəfəki "El-Ninyo"nun son onilliyin ən güclü iqlim böhranı olacağını proqnozlaşdırırlar. ÜMT rəsmiləri daha təmkinli mövqe nümayiş etdirsələr də, Sakit okeanın tropik zonasında sualtı qatların anomal dərəcədə qızdığına diqqət çəkiblər. Belə ki, orada temperatur orta normanı 6 dərəcədən çox üstələyib ki, bu da okean səthindəki istiləşməni daha da alovlandıran nəhəng bir istilik rezervi yaradır.

Hazırladı:

Arzu ƏLİYEVA
XQ

Dünya