Bizi Telegram-da da izləyə bilərsiniz:@xqazeti
Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəisi general-mayor Mürsəl İbrahimov iyunun 5-də Xidmətin Ağsu rayon şöbəsinin inzibati binasında Ağsu, İsmayıllı, Şamaxı, Qobustan şəhər və rayonlarında olan vətəndaşları qəbul edib.
SHXÇDX-nin ictimaiyyətlə əlaqələr şöbəsindən XQ-yə verilən məlumata görə, qəbuldan əvvəl ümummilli lider Heydər Əliyevin abidəsi ziyarət edilərək önünə gül dəstəsi qoyulub, əziz xatirəsi ehtiramla yad edilib.
Qəbulda 6 şəhid ailəsi və 1 müharibə iştirakçısı olmaqla 19 vətəndaşın müraciəti dinlənilib. Vətəndaşlar Dövlət Xidmətində həqiqi hərbi xidmətə və ya işə qəbul, tibbi şəhadətləndirmə, veteranlıq və s. məsələlərlə bağlı müraciət ediblər.
Xidmət rəisi qəbul zamanı hər bir vətəndaşın müraciətini dinləyib, qaldırılan məsələlərin hərtərəfli öyrənilməsi və qanunvericiliyin tələblərinə uyğun qısa müddətdə həll edilməsi üçün müvafiq tapşırıqlar verib.
Vətəndaşların müraciətlərinin bir qismi yerindəcə həllini tapıb, bəzi məsələlər isə araşdırılması üçün nəzarətə götürülüb. Dövlət Xidmətinin səlahiyyətlərinə aid olmayan müraciətlər aidiyyəti qurumlara yönəldilib.
Müşfiq MİRZƏ
XQ











