Bizi Telegram-da da izləyə bilərsiniz:@xqazeti
İsveçrənin Soloturn şəhərində (qədim adı ilə Salodurumda) yerləşən dəmir yolu körpüsünün yenidən qurulması layihəsindən əvvəl həyata keçirilən sualtı tədqiqatlar zamanı arxeoloqlar qədim Roma dövrünə aid unikal tapıntı aşkarlayıblar. Müasir Vengi körpüsündən bir neçə metr yuxarıda, çayın cənub sahilindən təxminən on metr aralıda araşdırma aparan dalğıclar suyun altında qədim ağac dirəklər tapıblar. Ümumi xəttinin uzunluğu təxminən iki metrə çatan bu konstruksiyanın dövrümüzədək qorunub saxlanmış sütunlarının hündürlüyü bir metr, diametri isə 20 santimetr civarındadır. Laboratoriya analizləri nəticəsində oduncağın eramızın IV əsrinə – yəni son Roma dövrünə aid olduğu qəti olaraq müəyyən edilib.
Qeyd edək ki, qədim Salodurum şəhərinin əsası təxminən eramızın 20-ci ilində, Roma İsveçrəsinin nəqliyyat sisteminin mühüm bir hissəsi kimi qoyulub. Yaşayış məntəqəsi çayın strateji baxımdan olduqca əhəmiyyətli bir döngəsində – Aare çayının daralaraq təbii keçid formalaşdırdığı ərazidə yerləşirdi. İtaliyadan Böyük Sen-Bernar aşırımı vasitəsilə keçən və Reyndən xeyli uzağa uzanan qədim Roma yolu məhz bu ərazidən keçirdi və sözügedən körpü həmin magistralın tərkib hissəsi idi. Son Roma dövründə Salodurum imperiyanın möhkəmləndirilmiş kastrumuna (hərbi istehkamına) çevrilmişdi. Bu sualtı tapıntı alimlərin körpü ilə bağlı çoxillik fərziyyələrini təsdiqləməklə yanaşı, vaxtilə şəhərin ətrafında niyə bu cür güclü müdafiə sisteminin qurulduğunu daha dəqiq anlamağa imkan verib.
Bu qədim ağac dirəklər xoş bir təsadüf nəticəsində məhv olmaqdan xilas ola biliblər. Belə ki, 1969-cu ildə Yura çayının təmizlənməsi zamanı Soloturn yaxınlığındakı çay yatağı xeyli dərinləşdirilsə də, bu dirəklər Vengi körpüsünün rəsmi mühafizə zonasında qaldığı üçün onlara toxunulmayıb. Suyun altındakı daimi rütubət ağacın çürümə prosesini ləngitdiyindən, körpünün qalıqları sudan çıxarılmayacaq və elə tapıldığı məkandaca qorunacaq. Arxeoloqlar gələcəkdə əraziyə yeni dalğıc yürüşləri planlaşdırırlar; bu sınaqlar vasitəsilə digər dirəklərin də tapılacağı, qədim körpünün ümumi konstruksiyasının və onun qədim şəhərin yol şəbəkəsi ilə əlaqəsinin tam bərpa ediləcəyi gözlənilir.
Hazırladı:
Arzu Əliyeva
XQ

