İnsan ömrünün uzanması ilə yanaşı, sağlam və keyfiyyətli qocalmaq məsələsi də müasir dövrün ən aktual mövzularından birinə çevrilib. Mütəxəssislər hesab edirlər ki, yaşlanma prosesinin sürətinə təkcə genetik amillər deyil, həm də gündəlik qidalanma vərdişləri ciddi təsir göstərir. Təbiətin insanlara bəxş etdiyi nemətlər arasında xüsusi yer tutan nar isə zəngin tərkibi və sağlamlığa faydaları ilə uzunömürlülüyü dəstəkləyən qidalardan biri kimi diqqət çəkir.
Dietoloq Qerys Fərhad "El Economista" nəşrinə açıqlamasında bildirib ki, narın müntəzəm şəkildə qida rasionuna daxil edilməsi sağlam qocalmağa kömək edə bilər. Onun sözlərinə görə, nar güclü antioksidantlarla zəngindir və bu maddələr orqanizmdə hüceyrələrin vaxtından əvvəl qocalmasına səbəb olan sərbəst radikallarla mübarizə aparır. Meyvənin tərkibindəki polifenollar ürək-damar sisteminin fəaliyyətini dəstəkləyir, qan dövranını yaxşılaşdırır və iltihabi proseslərin azalmasına yardım edir.
Mütəxəssisin sözlərinə görə, narın müntəzəm qəbulu koqnitiv funksiyalara müsbət təsir göstərir. O qeyd edib ki, yaş artdıqca beyin fəaliyyətinin zəifləməsinə səbəb olan müəyyən iltihabi göstəricilər narın tərkibindəki polifenollar sayəsində azalır.
Dietoloq xatırladıb ki, koqnitiv qabiliyyətlərin zəifləməsi adətən orta yaş dövründən başlayır. Buna görə də həmin yaşlardan etibarən narın gündəlik qida rasionuna daxil edilməsi məqsədəuyğun hesab olunur.
Qeyd edək ki, sağlam qocalmaq üçün yalnız bir məhsulun istehlakı kifayət deyil. Balanslı qidalanma, fiziki aktivlik, keyfiyyətli yuxu və zərərli vərdişlərdən uzaq durmaq da vacib amillərdir. Bununla belə, narın gündəlik rasionda yer alması sağlam həyat tərzinin mühüm tərkib hissələrindən biri hesab oluna bilər.
Qocalıq həyatın təbii mərhələsi olsa da, bu dövrün necə keçəcəyi böyük ölçüdə insanın bugünkü seçimlərindən asılıdır. Sağlam qidalanma vərdişləri formalaşdırmaq, təbii və faydalı məhsullara üstünlük vermək gələcək illərdə daha enerjili və fəal yaşamağa imkan yaradır. Min illərdir bolluq və bərəkət rəmzi sayılan nar da bu baxımdan təkcə ləzzətli meyvə deyil, həm də sağlam qocalmağa aparan yolun dəyərli qida dəstəkçilərindən biridir.
Nurəngiz Adilqızı
XQ

