Peyk şəkillərini smartfon səviyyəsinə endirən yeni süni intellekt modeli təqdim olunub

post-img

Bizi Telegram-da da izləyə bilərsiniz:@xqazeti

Kembric Universitetinin tədqiqatçıları Avropa Kosmik Agentliyi (AKA) və Aalto Universiteti ilə birgə kosmik tədqiqatlar və ekologiya sahəsində əlçatanlığı artıracaq "Tessera" adlı unikal süni intellekt modelini ərsəyə gətiriblər. ABŞ-ın Denver şəhərində keçirilən kompüter görməsi və təsvirlərin tanınması üzrə nüfuzlu "CVPR 2026" beynəlxalq konfransında rəsmən elan edilən bu mühüm innovasiya barədə elmi məqalə "arXiv" preprint arxivində işıq üzü görüb.

"Tessera" modeli birbaşa Yerin məsafədən zondu edilməsi (müşahidəsi) sahəsində toplanan irihəcmli kosmik məlumatların emalı üçün nəzərdə tutulub. Sistem Avropa İttifaqının "Copernicus" proqramına daxil olan "Sentinel-2" peykinin optik çəkilişlərini və "Sentinel-1" peykinin radarlarla əldə etdiyi datalarını birləşdirir. Süni intellekt bu peyklərin 2017-2025-ci illəri əhatə edən çoxillik arxivini analiz edərək xüsusi "vektor daxiletmələri" (embeddings) formalaşdırır. Nəticədə, açılması və emalı böyük kompüter gücü tələb edən ağır pikselli peyk şəkilləri, 10 metr dəqiqlikli, sıxılmış və son dərəcə yüngül məlumat paketlərinə çevrilir. Bu rəqəmsal transformasiya qlobal landşaftın zaman daxilində necə dəyişdiyini hətta adi mobil telefonlarda belə sürətlə izləməyə imkan verir.

Kembric Universitetinin professoru Srinivasan Keşav mövzu ilə bağlı bəyanatında qeyd edib ki, "Tessera" modelinin yaratdığı vektor təsvirləri peyk informasiyalarını böyük hesablama gücü (superkompüterləri) olmayan sıravi ekoloqlar, zooloqlar və təbiəti mühafizə mütəxəssisləri üçün tam əlçatan edir. Ən mühüm məqam isə odur ki, kosmik verilənlər bazası bütün dünya üzrə tamamilə ödənişsiz və heç bir rəsmi qeydiyyat tələb olunmadan istifadəyə verilir. Eyni zamanda, layihənin kodları tamamilə açıq mənbəlidir (open-source) ki, bu da müxtəlif ölkələrin mühəndislərinə proqramı öz daxili ehtiyaclarına uyğun dəyişdirməyə şərait yaradır.

Süni intellekt modelinin praktiki tətbiq sahələri olduqca genişdir; bura kənd təsərrüfatı sahələrində əkinlərin monitorinqi, meşə yanğınlarının miqyasının operativ qiymətləndirilməsi və heyvanların təbii yaşayış mühitinin dəyişmə xronikasının izlənilməsi daxildir. Məsələn, İngiltərənin şimalında yerləşən Kambriya qraflığında dövlətin ekoloji proqramlarının səmərəliliyini yoxlamaq üçün bu model artıq real sınaqdan keçirilir. Avropa Kosmik Agentliyinin "Sentinel-1" missiyasının rəhbəri Nuno Miranda isə bu kəşfi süni intellektin Yer kürəsinin kosmik müşahidəsində tətbiqi baxımından gələcəyə doğru atılmış ən fundamental addım adlandırıb.

Hazırladı:

Arzu ƏLİYEVA
XQ

Elm