Bizi Telegram-da da izləyə bilərsiniz:@xqazeti
Azərbaycan Milli Elmlər Akademiyası, Türk Dünyası İşadamları Birliyi və “Compnet” MMC arasında elm, texnologiya və innovasiya sahələrində çoxtərəfli əməkdaşlığın qurulması məqsədilə Anlaşma Memorandumu imzalanıb.
Bu məqsədlə keçirilən görüşdə çıxış edən AMEA-nın prezidenti akademik İsa Həbibbəyli son illərdə Akademiyanın Türk Dünyasının aparıcı elmi qurumları ilə geniş əlaqələr qurduğunu, birgə elmi konfrans və tədqiqat layihələrinin uğurla icra edildiyini vurğulayıb.
Akademik İsa Həbibbəyli müasir dövrdə elmi və texnoloji layihələrin təşviqi sahəsində AMEA-nın daha səmərəli mexanizmlər tətbiq etdiyini və bu istiqamətdə tərəfdaşlığa xüsusi önəm verdiyini diqqətə çatdırıb.
Sonra Türk Dünyası İşadamları Birliyinin sədri Fatih Mehmet Danış çıxış edərək, rəhbərlik etdiyi qurumun rəqəmsal transformasiya proseslərinə verdiyi dəstəkdən bəhs edib. O, AMEA ilə əməkdaşlıq quracaq növbəti türk şirkəti olaraq süni intellekt, rəqəmsal texnologiyalar və innovativ həllər üzrə birgə əməkdaşlığın həyata keçirilməsində maraqlı olduqlarını bildirib.
Görüşün sonunda rəqəmsal elmi əlaqələr, innovasiya, texnologiya və beynəlxalq əməkdaşlıq sahələrində tərəflər arasında qarşılıqlı faydalı tərəfdaşlığın inkişaf etdirilməsi məqsədilə Anlaşma Memorandumu imzalanıb.
Sənədi AMEA-nın prezidenti akademik İsa Həbibbəyli və Türk Dünyası İşadamları Birliyinin sədri Fatih Mehmet Danış imzalayıblar.

