Bizi Telegram-da da izləyə bilərsiniz:@xqazeti
Qarabağ və Şərqi Zəngəzurda arxeoloji qazıntılarla yanaşı, paralel olaraq toponimiya, etnoqrafiya, antropologiya, fəlsəfə, folkor, dilçilik, əlyazmalar, memarlıq, eləcə də seysmologiya sahələri üzrə kompleks elmi tədqiqatlar aparılmalıdır. Arxeoloji tapıntıların elmi mahiyyətinin dolğun şəkildə şərh olunması üçün müxtəlif elm sahələrinin nümayəndələrinin birgə əməkdaşlığı xüsusi əhəmiyyət kəsb edir və bu istiqamətdə fəaliyyət daha da genişləndirilməlidir.
Bu fikirləri AMEA-nın prezidenti akademik İsa Həbibbəyli AMEA Arxeologiya və Antropologiya İnstitutunda keçirilən 2026-cı il arxeoloji və antropoloji çöl tədqiqat mövsümünün açılış mərasimində çıxışı zamanı səsləndirib.
AMEA rəhbəri çıxışında Arxeologiya və Antropologiya İnstitutunda son illərdə aparılan tədqiqatların elmi əhəmiyyətindən və əldə olunan mühüm nəticələrdən bəhs edib. Bildirib ki, institut əməkdaşlarının yaponiyalı tədqiqatçılarla birgə Xocavənd rayonundakı Tağlar mağarasında apardıqları elmi ekspedisiya zamanı arxeoloji qazıntılar nəticəsində təxminən 80 min il əvvəl yaşamış neandertal insana aid yeni paleoantropoloji qalığın aşkar edilməsi Azərbaycan antropologiya elminin beynəlxalq miqyaslı ən böyük nailiyyətlərindən biridir. Akademik İsa Həbibbəyli qeyd edib ki, hazırda tapıntı Yaponiyada elmi analiz mərhələsindədir. Alim bu kəşfi insan çənə sümüyünün tapılmasından sonra ötən yarım əsrdən artıq dövrdə Azərbaycan arxeologiyasının dünya antropologiya elminə verdiyi ən sanballı töhfə kimi qiymətləndirib.
O, həmçinin Naxçıvanın qədim tarixi ilə bağlı İlandağ yazısının 30 illik axtarışlardan sonra aşkarlanmasını xüsusi vurğulayaraq, bu nailiyyətlərin Azərbaycan tarix, humanitar və ictimai elmlərinin yüksək inkişaf səviyyəsinin göstəricisi olduğunu bildirib. Alimin sözlərinə görə, bu tapıntılar Azərbaycan tarixinin dərin qatlarının müəyyənləşdirilməsi baxımından müstəsna elmi və ictimai əhəmiyyət daşıyır.
Arxeologiya sahəsində bu il ilk dəfə olaraq Azərbaycan Respublikasının Dövlət Mükafatının verildiyini söyləyən AMEA prezidenti bu mükafata orta əsr Gəncə və Şəmkir şəhər yerlərində aparılan arxeoloji qazıntılar əsasında əldə etdiyi fundamental elmi nəticələrə görə tanınmış arxeoloq, tarix elmləri doktoru Tarix Dostiyevin layiq görüldüyünü diqqətə çatdırıb. Akademik İsa Həbibbəyli bu yüksək etimada görə Azərbaycan alimləri adından Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevə minnətdarlığını ifadə edib.
AMEA rəhbəri son illərdə ölkənin müxtəlif regionlarında həyata keçirilən arxeoloji qazıntılarda şəxsən iştirak etdiyini vurğulayıb, həmçinin azərbaycanlı arxeoloqların xarici ölkələrdə aparılan tədqiqatlarda mütəmadi təmsil olunmasını mühüm elmi hadisə kimi dəyərləndirib. O, ötən il işğaldan azad edilmiş ərazilərdə beynəlxalq ekspedisiyaların təşkil edildiyini, Qarabağın Xocalı, Əsgəran və digər bölgələrində aparılan tədqiqatların Azərbaycan tarixinin qədim izlərini üzə çıxardığını qeyd edib. Eyni zamanda, Laçın və Kəlbəcər rayonlarında da ilk arxeoloji ekspedisiyaların təşkili üçün hazırlıq işlərinin aparıldığını bildirib.
Həmçinin Qarabağda elmi tədqiqatların vahid mərkəzdən idarə olunması üçün elmi mərkəzin yaradılmasının vacibliyi diqqətə çatdırılıb. Bu yaxınlarda Qarabağ Regional Elmi Tədqiqatlar və İnnovasiyalar İnstitutunun təsis olunması bu istiqamətdə atılmış mühüm addım kimi dəyərləndirilib.
Anar TURAN

