"Politico" nəşri xəbər verir ki, Avropanın 11 ölkəsi yay tətili mövsümü ərəfəsində Brüsseldən rusiyalı səyyahların Şengen zonasına giriş qaydalarını sərtləşdirməyi tələb edir. Adı açıqlanmayan diplomatın sözlərinə görə, "Ukraynayönümlü" ölkələr Kremlə qarşı təzyiqi gücləndirmək niyyətindədirlər.
Həmin ölkələr Avropa İttifaqının xarici siyasət və təhlükəsizlik məsələləri üzrə ali nümayəndəsi Kaya Kallas və daxili işlər və miqrasiya üzrə avrokomissar Maqnus Brunnerə məktub ünvanlayıblar. Təşəbbüskarlar arasında Baltikyanı ölkələr, Çexiya, Danimarka, Finlandiya, Niderland, Polşa və İsveçlə yanaşı, İslandiya və Norveç də var. Onlar Avropa Komissiyasını Aİ-nin Rusiyaya qarşı viza siyasətini sərtləşdirməyə çağırıblar. Sözügedən ölkələr rusiyalılara verilən vizaların sayının artmasından gileyləniblər: belə ki, 2024-cü ildə 565 719 rusiyalı Şengen vizası aldığı halda, 2025-ci ildə bu rəqəm 623 451-ə yüksəlib. Ən çox viza verən ilk üç ölkənin sırasına isə Fransa, İtaliya və İspaniya daxil olub.
Avropalı iki diplomat bildirib ki, məktubu imzalayan ölkələr bu məsələni Ədliyyə və Daxili İşlər Şurasının iclası çərçivəsində qaldıracaqlar. Əgər təşəbbüs kifayət qədər dəstək qazanarsa, ona yay mövsümünə qədər sürətləndirilmiş qaydada baxıla bilər.
Lakin bəzi Avropa ölkələri bu addıma qarşı çıxır. Diplomatlardan biri viza statistikasına daxili mahiyyəti nəzərə almadan baxmamağa çağırıb; o izah edib ki, bəzi Aİ ölkələrinin müraciətləri emal etmək üçün sadəcə daha çox texniki imkanları var və burada söhbət daha yumşaq viza qaydalarından getmir. Məktuba imza atmayan ölkələrin təmsilçisi olan digər bir diplomat isə qeyd edib: "Ruslar bura gələndə Avropanın nə demək olduğunu anlayırlar. Bu, təkcə böyük gəmilər, pul xərcləmək və buna bənzər şeylər demək deyil... Biz bir qədər ehtiyatlı olmalıyıq".
S.ELAY
XQ

