DİM iyunun 7-də dövlət qulluğu üzrə növbəti imtahanlar keçirəcək

post-img

Bizi Telegram-da da izləyə bilərsiniz:@xqazeti

Dövlət İmtahan Mərkəzi (DİM) 2026-cı il iyunun 7-də dövlət qulluğu üzrə növbəti imtahanların təşkil olunacağını açıqlayıb.

Mərkəzdən XQ-yə verilən məlumata görə, həmin gün inzibati rəhbər vəzifələrə aid AB və AC, həmçinin inzibati icraçı vəzifələrə aid BA və BB vəzifə altqruplarına uyğun vəzifələr üzrə dövlət qulluğunda fəaliyyətin davam etdirilməsi imtahanı, eləcə də dövlət qulluğunda inzibati vəzifələrin B növünə aid BB vəzifə altqrupu üzrə qəbul imtahanı keçiriləcək.

BB vəzifə altqrupu üzrə qəbul imtahanı

BB vəzifə altqrupu üzrə keçiriləcək qəbul imtahanında iştirak etmək üçün 1389 namizəd qeydiyyatdan keçib.

Namizədlər DİM-in rəsmi internet səhifəsi vasitəsilə “İmtahana buraxılış vərəqəsi”ni əldə edərək çap etməlidirlər. İmtahana gələn şəxslərdən şəxsiyyət vəsiqəsinin əsli və buraxılış vərəqəsini təqdim etmələri tələb olunur.

Fəaliyyətin davam etdirilməsi imtahanı

Dövlət qulluğunda fəaliyyətin davam etdirilməsi üzrə imtahanda iştirak etmək üçün ümumilikdə 275 namizəd qeydiyyatdan keçib. Onlardan 8 nəfər AB, 15 nəfər AC, 73 nəfər BA, 179 nəfər isə BB vəzifə altqrupu üzrə müraciət edib.

İmtahan iştirakçıları da buraxılış vərəqələrini DİM-in internet portalından çap edə bilərlər. Buraxılış vərəqəsində namizədlərin imtahana gəlməli olduqları vaxt və digər vacib məlumatlar əks olunub.

DİM bir daha xatırladır ki, namizədlər imtahana gələrkən şəxsiyyətini təsdiq edən sənədin əslini və buraxılış vərəqəsini özləri ilə gətirməlidirlər.

Qeyd edək ki, imtahanların təşkili üçün 18 zal administratoru, 108 nəzarətçi və 16 buraxılış rejimi əməkdaşı cəlb olunub.

Təhsil