Bizi Telegram-da da izləyə bilərsiniz:@xqazeti
Sosial Strateji Tədqiqatlar və Analitik Araşdırmalar İctimai Biriyi “Soyqırım və deportasiya qurbanlarına dəstək” adlı layihənin icrasını uğurla davam etdirir. Layhə Azərbaycan Respublikasının Qeyri Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi tərəfindən maliyyələşir. Layihənin icrasında Türkiyə Respublikası Bolqarıstan Türkəri Mədəniyyət və Xidmət Dərnəyi (BULTÜRK) və Özbəkistan Respublikasının “Yüksək səlahiyyət” təşkilatı tərəfdaş qismində iştirak edəcəklər.
Layihə fəaliyyəti çərçivəsində Türkiyə Cumhuriyyətinin İstanbul şəhərində “Deportasiya qurbanlarının qayıdış imkanlarının reallaşdırılması istiqamətində beynəlxalq platforma” adlı Beynəlxalq Konfrans keçiriləcək. Konfransda Türk Dövləti Təşkilatlarına (TDT) üzv dövlətlərin və türkdilli etnik xalqların dövlət və qeyri-dövlət qurumlarının təmsilçiləri, Vətəndaş Cəmiyyəti institutlarının, diaspora və mətbuat nümayəndələrinin iştirakı nəzərdə tutulub.Bu istiqamətdə təşkilatın beynəlxalq təcrübəli ekspertləri tərəfindən təqdimatlar həyata keçiriləcək.
Bu məqsədlə Bakı şəhərində deportasiya və soyqırım istiqamətində çalışan araşdırmaçılar, QHT rəhbərləri, dövlət qurumlarının və Qərbi Azərbaycan icmasının nümayəndələrinin iştirakı ilə dəyirmi masa keçirilib. Dəyirmi masanın əsas hədəfi İstanbulda baş tutacaq beynəlxalq konfras öncəsi ekspertlərlə müzakirələr aparmaqdır. Bu beynəlxalq konfransın daha da keyfiyyətli, səmərəli və əhatəli təşkili üçün əhəmiyyət daşıyır.
Dəyirmi masada Sosial Strateji Tədqiqatlar və Analitik Araşdırmalar İctimai Biriyinin prezidenti İlqar Hüseynli çıxış edib. Daha sonra təşkilatın beynəlxalq məsələlər üzrə müavini Fərhad Qəşəmli layihənin məqsədləri barədə məlumat verib.
Azərbaycan Milli QHT Forumu İdarə Heyyətinin sədri Ramil İsgəndərli çıxış edərək bildirib ki, Sosial Strateji Tədqiqatlar və Analitik Araşdırmalar İctimai Biriyinin icra etdiyi fəaliyyəti, sadcə, layihə icrası kimi deyil, bir proses kimi qiymətləndirmək olar. Artıq 4-cü ildir ki, təşkilat bu istiqamət üzrə yerli və beynəlxalq səviyyədə davamlı və faydalı işlər görür. O, layihənin növbəti mərhələsinin türkdilli auditoriyaya transferini yüksək qiymətləndirib və bir neçə təklif səsləndirib. Bildirib ki, bu xüsusda Qərbi Azərbaycana qayıdış prosesinin təqdimatı vacibdir və bu, bir hüquq məsələsidir. 3 istiqamət prinsipial olaraq prioritetdir. Tarixi faktlar, mədəni irs və milli identifikasiya, hüquq məsələlər. Bunlar beynəlxalq səviyyədə təqdim olunmaqla Azərbaycanın milli maraqları qorunmalıdır.
Tədbirdə müxtəlif təkliflər səsləndirilib. Sosial Strateji Tədqiqatlar və Analitik Araşdırmalar İctimai Biriyinin əməkdaşları tərəfindən bütün təkliflər toplanaraq layihənin strateji potensialının gücləndirilməsi məqsədilə müvafiq yol xəritəsinin hazırlanmasında istifadə olunacaq.
P.ƏMİRCANOV
XQ

