Bizi Telegram-da da izləyə bilərsiniz:@xqazeti
Azərbaycan Kibertəhlükəsizlik Təşkilatları Assosiasiyasının Dövlət Təhlükəsizliyi Xidmətinin Milli Kibertəhlükəsizlik Mərkəzi ilə əsas tərəfdaşlığı çərçivəsində iyunun 4-də Bakıda “4-cü Milli Kibertəhlükəsizlik Forumu” fəaliyyətə başlayıb.
XQ-nin məlumatına görə, forumun əsas hədəfi Azərbaycanda milli kibertəhlükəsizlik ekosisteminin inkişafına dəstək vermək, dövlət və özəl sektor arasında əməkdaşlığı gücləndirmək, həmçinin beynəlxalq təcrübə və innovativ yanaşmaların mübadiləsini təşviq etməkdir.
Tədbir çərçivəsində tanınmış beynəlxalq ekspertlərin və aparıcı qlobal İT şirkət nümayəndələrinin çıxışları planlaşdırılır. Forumda rəqəmsal transformasiya dövründə ortaya çıxan yeni kibertəhdidlər, süni intellektin kibertəhlükəsizliyə təsiri, kritik infrastrukturun qorunması, regional əməkdaşlıq imkanları və müasir kibermüdafiə yanaşmaları müzakirə olunacaq.
Eyni zamanda, panel sessiyalar və təqdimatlar vasitəsilə aktual kibertəhlükəsizlik riskləri, innovativ həllər, qabaqcıl texnologiyalar, qlobal trendlər və beynəlxalq təcrübələr barədə fikir mübadiləsi aparılacaq.
“Milli Kibertəhlükəsizlik Ekosistemi” mövzusunda keçiriləcək sessiyada ölkənin əsas kibertəhlükəsizlik qurumlarının rəhbərləri çıxış edəcəklər. Burada dövlət qurumları arasında koordinasiya, kibercinayətkarlığa qarşı mübarizə mexanizmləri və rəqəmsal təhlükəsizliyin təmin olunması istiqamətində görülən işlər müzakirə ediləcək. Həmçinin beynəlxalq vendorlarla əməkdaşlığın genişləndirilməsi və növbəti addımların təqdimatı da nəzərdə tutulur. Sessiya zamanı “Huawei” şirkətinin nümayəndəsinə Məşvərət Şurasının sertifikatının təqdim edilməsi planlaşdırılır.
Forum çərçivəsində təşkil edilən sərgi zonasında yerli və xarici şirkətlər kibertəhlükəsizlik sahəsində öz məhsul və xidmətlərini, innovativ həllərini və startap layihələrini nümayiş etdirirlər.
Qeyd olunur ki, “4-cü Milli Kibertəhlükəsizlik Forumu” ölkədə kibertəhlükəsizlik üzrə əməkdaşlığın genişlənməsinə, bilik və təcrübə mübadiləsinin artırılmasına, eləcə də rəqəmsal təhlükəsizlik sahəsində yeni təşəbbüslərin formalaşmasına mühüm töhfə verəcək.

