Azərbaycanın qlobal süni intellekt yarışında yeni hədəfi

post-img

ABŞ ilə texnoloji əməkdaşlıq milli ekosistemin inkişafına yeni meydan açır

Bəşəriyyət hazırda yeni bir eranın – süni intellekt və rəqəmsal keçid dövrünün astanasındadır. Uzun illər qlobal enerji bazarında etibarlı tərəfdaş kimi tanınan Azərbaycan indi öz iqtisadi inkişaf vektorunu yeni istiqamətə – “rəqəmsal qızıl” adlandırılan məlumat və texnologiyalar iqtisadiyyatına doğru yönəldir.

Bakıda keçirilən birinci Azərbaycan–ABŞ İqtisadi Dialoqu bu keçidin ən mühüm siqnallarından birini verdi. Səsləndirilən fikirlər göstərir ki, rəsmi Bakı qlobal texnologiya nəhəngləri ilə strateji tərəfdaş kimi masaya əyləşmək niyyətindədir.

Azərbaycan və ABŞ arasında əlaqələr tarixən enerji təhlükəsizliyi və geostrateji maraqlar üzərində qurulsa da, yeni dövrün tələbləri gündəliyi dəyişir. Prezident İlham Əliyevin “Oracle corporation” kimi qlobal proqram təminatı və verilənlər bazası nəhənginin rəhbərliyi ilə görüşü bu dəyişikliyin ən bariz nümunəsidir. Hazırlanmaqda olan anlaşma memorandumu süni intellektin tətbiqi, böyük verilənlərin (Big Data) idarə edilməsi və bulud (cloud) texnologiyalarının ölkəmizə inteqrasiyasını nəzərdə tutur.

Bu prosesin ən diqqətçəkən məqamlarından biri də milli enerji nəhəngi SOCAR-ın ABŞ korporasiyaları ilə texnoloji tərəfdaşlığa girməsidir. Bu, təsadüfi deyil. Müasir dövrdə neft və qaz hasilatından tutmuş onun logistikasına qədər hər bir mərhələdə süni intellekt vasitəsilə optimallaşdırma milyonlarla dollar qənaət və ekoloji səmərəlilik deməkdir.

Azərbaycanın “hyperscaler” (böyük həcmli məlumat mərkəzləri və bulud infrastrukturu təminatçıları) platformaları ilə əməkdaşlıq hədəfi isə ölkənin regionda rəqəmsal haba çevrilmək arzusundan xəbər verir. Bu o deməkdir ki, Azərbaycan rəqəmsal xidmətlərin tənzimləyici mühitini beynəlxalq standartlara uyğunlaşdırmağa və “Silikon vadisinin” təcrübəsini yerli ekosistemə tətbiq etməyə hazırdır.

ABŞ şirkətləri ilə qurulan körpülər əslində ölkə daxilində artıq başlanmış böyük rəqəmsal hərəkatın davamıdır. Rəsmi Bakı süni intellekt texnologiyalarının inkişafını ölkənin gələcək iqtisadi modelinin əsas istiqamətlərindən biri kimi dəyərləndirir. Bu sahənin inkişafı yalnız iqtisadi artım baxımından deyil, eyni zamanda, dövlət idarəçiliyinin daha səmərəli və müasir mexanizmlər əsasında qurulması baxımından strateji əhəmiyyət daşıyır. Süni intellekt həllərinin tətbiqi dövlət xidmətlərinin keyfiyyətinin yüksəldilməsi, rəqəmsal biznes mühitinin genişləndirilməsi və innovasiyalara söykənən iqtisadi sistemin formalaşdırılması üçün mühüm vasitə hesab olunur.

Azərbaycanda süni intellektin inkişafı artıq dövlət səviyyəsində müəyyən edilmiş prioritet istiqamətlər sırasındadır. Prezident İlham Əliyevin təsdiqlədiyi “Azərbaycan Respublikasının 2025–2028-ci illər üçün Süni İntellekt Strategiyası” bu sahədə həyata keçiriləcək fəaliyyətin əsas yol xəritəsini müəyyənləşdirir. Sənəddə süni intellekt texnologiyalarının tətbiq dairəsinin genişləndirilməsi, elmi araşdırmaların dəstəklənməsi, müasir infrastrukturun formalaşdırılması, idarəetmə sistemlərinin təkmilləşdirilməsi və peşəkar kadr hazırlığının gücləndirilməsi prioritet vəzifələr kimi əksini tapıb.

Son illərdə görülən işlər beynəlxalq qiymətləndirmələrdə də öz əksini göstərir. Azərbaycan qlobal “Süni İntellekt Hazırlığı İndeksi”ndə 41 pillə irəliləyərək 70-ci sıraya yüksəlib. Bu göstərici ölkədə rəqəmsal transformasiya istiqamətində atılan addımların və texnoloji inkişaf siyasətinin nəticəsi kimi dəyərləndirilir. Prezident İlham Əliyevin qeyd etdiyi kimi, Azərbaycanın indiyədək 300 milyard ABŞ dollarından artıq xarici sərmayə cəlb etməsi və beynəlxalq reytinqlərdə mövqeyini gücləndirməsi ölkəyə olan etimadın göstəricisidir. Süni intellekt sahəsində aparılan ardıcıl islahatlar və yaradılan əlverişli mühit də investorlar və beynəlxalq maliyyə institutları tərəfindən ölkənin gələcək inkişaf potensialını artıran amillərdən biri kimi qiymətləndirilir.

Bu istiqamətdə diqqətçəkən yeniliklərdən biri də “Rəqəmsal iqtisadiyyatın inkişafına dair 2026–2029-cu illər üçün Strategiya” sənədində generativ süni intellektin iqtisadiyyata təsirinin konkret göstəricilər əsasında qiymətləndirilməsidir. İlk dəfə olaraq bu texnologiyaların ölkə iqtisadiyyatına verə biləcəyi töhfə rəqəmlərlə müəyyənləşdirilib. Bu yanaşma iqtisadiyyatın yeni mərhələyə keçidinin, məhsuldarlığın yüksəlməsinin və yüksək texnologiyalara əsaslanan yeni fəaliyyət sahələrinin formalaşdırılmasının göstəricisidir. Strategiyaya əsasən, 2029-cu ilədək generativ süni intellekt texnologiyalarının tətbiqi nəticəsində formalaşacaq iqtisadi dəyərin 70 milyon manata çatdırılması nəzərdə tutulur. Bu hədəf Azərbaycanın süni intellekt sahəsində sistemli və uzunmüddətli inkişaf kursu seçdiyini nümayiş etdirir.

Azərbaycanın süni intellekt və rəqəmsal texnologiyalar sahəsində ABŞ-ın nəhəng korporasiyaları ilə əlaqələri genişləndirməsi yalnız texnoloji yenilənmə deyil, həm də iqtisadi diversifikasiya siyasətinin nüvəsidir. Neftdən asılılığın azaldılması təkcə qeyri-neft sektorunun istehsalını artırmaqla deyil, həm də bilik iqtisadiyyatını qurmaqla mümkündür.

Tənzimləyici mühitin təkmilləşdirilməsi, yerli kadr potensialının artırılması və ABŞ-ın “Silicon Valley” təcrübəsinin mənimsənilməsi Azərbaycanı Cənubi Qafqazın rəqəmsal mərkəzinə çevirə bilər. Bu isə o deməkdir ki, gələcəyin Azərbaycanı, sadəcə, enerji resursları ilə deyil, həm də innovativ həlləri və ağıllı infrastrukturu ilə qlobal dünyanın ayrılmaz bir parçasına çevriləcək.

Nurlan ABDALOV
XQ

İqtisadiyyat