Azərbaycan dövlətinin son 30 ildə həyata keçirdiyi ən mühüm sosial-humanitar siyasət çərçivəsində məcburi köçkünlərin sosial müdafiəsi, yaşayış şəraitinin yaxşılaşdırılması və hüquqlarının təmin olunması istiqamətində reallaşdırılan layihələr mühüm önəm daşıyıb. Ermənistanın hərbi təcavüzü nəticəsində yüz minlərlə soydaşımız doğma torpaqlarından didərgin düşsə də, dövlət onların problemlərini heç zaman diqqətdən kənarda qoymayıb. Bu siyasətin əsasında insan amili, sosial ədalət və vətəndaş rifahı prinsipləri dayanıb.
44 günlük Vətən müharibəsində qazanılmış möhtəşəm Zəfər nəticəsində işğal altındakı torpaqların azad edilməsi, uzun illər davam edən məcburi köçkünlük dövrünün başa çatdırılması üçün real imkanlar yaranması ilə Azərbaycan bu gün yeni tarixi mərhələsini yaşayır. Məhz bu reallıqlar fonunda Milli Məclisdə müzakirəyə çıxarılan Mənzil Məcəlləsində, “Qaçqınların və məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) statusu haqqında” və “Məcburi köçkünlərin və onlara bərabər tutulan şəxslərin sosial müdafiəsi haqqında” qanunlarda dəyişiklik edilməsi barədə qanun layihəsi xüsusi əhəmiyyət daşıyır.
Yeni mərhələnin hüquqi çərçivəsi
İyunun 3-də Milli Məclisin Əmək və sosial siyasət, İnsan hüquqları, Hüquq siyasəti və dövlət quruculuğu komitələrinin birgə iclasında birinci oxunuşda müzakirəyə çıxarılan qanun layihəsi mahiyyət etibarilə məcburi köçkünlük mərhələsindən Böyük Qayıdış mərhələsinə keçidin hüquqi əsaslarını formalaşdırır.
Qanun layihəsinin əsas məqsədi işğaldan azad edilmiş ərazilərə qayıdan keçmiş məcburi köçkünlərin daimi yaşayışının təmin olunması, onların mülkiyyət hüquqlarının bərpası, sosial müdafiə mexanizmlərinin yeni reallıqlara uyğunlaşdırılması və hüquqi status məsələlərinin yenidən tənzimlənməsidir. Əgər ötən dövrdə dövlət siyasətinin əsas istiqaməti məcburi köçkünlərin müvəqqəti məskunlaşdırılması və sosial problemlərinin həlli idisə, indiki prioritet onların doğma torpaqlarda daimi məskunlaşması, iqtisadi fəaliyyətə cəlb olunması və normal həyat şəraitinin yaradılmasıdır.
Bu baxımdan qanun layihəsi texniki hüquqi dəyişiklik olmaqla bərabər, həm də Azərbaycanın postmünaqişə inkişaf modelinin mühüm tərkib hissəsi kimi diqqət çəkir. Məcburi köçkünlərin sosial müdafiəsi sahəsində Azərbaycanın dünyanın ən uğurlu təcrübələrindən birini formalaşdırması da bunun bariz ifadəsidir. Bu sahədə əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulan siyasət hazırda Prezident İlham Əliyev tərəfindən yeni dövrün tələblərinə uyğun şəkildə inkişaf etdirilir.
Yeri gəlmişkən, 2004–2019-cu illər ərzində məcburi köçkünlərin sosial problemlərinin həlli ilə bağlı Prezident tərəfindən 75 fərman və sərəncam imzalanıb. Nazirlər Kabineti tərəfindən 224 qərar və sərəncam qəbul olunub, Milli Məclis isə 11 qanun təsdiqləyib. 2004-cü ildə qəbul edilən “Qaçqınların və məcburi köçkünlərin yaşayış şəraitinin yaxşılaşdırılması və məşğulluğunun artırılması üzrə Dövlət Proqramı” isə bu istiqamətdə yeni mərhələnin başlanğıcı olub.
Həyata keçirilən tədbirlər nəticəsində ölkə üzrə fəaliyyət göstərən 12 çadır düşərgəsi tamamilə ləğv edilib. Dəmir yolu vaqonlarında yaşayan insanların məskunlaşma problemi həll olunub. Sonuncu fin tipli qəsəbə isə 2016-cı ildə bağlanıb. Bu illər ərzində 121 yeni qəsəbə və yaşayış kompleksi salınıb, 62 mindən çox ailənin, yəni 300 mindən artıq məcburi köçkünün mənzil-məişət şəraiti yaxşılaşdırılıb.
Bununla yanaşı, dövlət tərəfindən məcburi köçkün ailələrinə vahid aylıq müavinət ödənilib, vergi və təhsil güzəştləri tətbiq olunub, məşğulluq proqramları həyata keçirilib, tibbi-sosial xidmətlər göstərilib. Bütün bunlar göstərir ki, Azərbaycan dövləti öz vətəndaşlarını ən çətin şəraitdə belə diqqət və qayğıdan kənarda qoymayıb.
Qələbənin yaratdığı reallıq
2020-ci ildə əldə olunan tarixi Qələbə məcburi köçkün məsələsinə tamamilə yeni məzmun gətirib. Artıq söhbət köçkünlük şəraitinin yaxşılaşdırılmasından deyil, insanların öz doğma torpaqlarına qayıdışından gedir. Prezident İlham Əliyevin 2021-ci il 7 iyul tarixli fərmanı ilə Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarının yaradılması bölgənin gələcək inkişafının strateji istiqamətlərini müəyyənləşdirdi. Daha sonra dövlət başçısının 2022-ci il 16 noyabr tarixli sərəncamı ilə “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair Birinci Dövlət Proqramı” təsdiq edildi. Bu proqram Azərbaycanın müasir tarixində ən genişmiqyaslı sosial-iqtisadi layihələrdən biri hesab olunur. Son 4 il ərzində proqramın icrasına dövlət büdcəsindən təxminən 28 milyard manat vəsait ayrılıb.
Qarabağ və Şərqi Zəngəzurda onlarla şəhər, qəsəbə və kənd yenidən qurulub, müasir infrastruktur yaradılıb, yollar, hava limanları, məktəblər, xəstəxanalar, enerji və su təchizatı sistemləri inşa edilib. Hazırda 40-dan çox yaşayış məntəqəsində keçmiş məcburi köçkünlərin daimi yaşayışı təmin olunub. İşğaldan azad edilmiş ərazilərdə 85 minə yaxın insan yaşayır, çalışır və təhsil alır. Bu göstəricilər Böyük Qayıdış proqramının artıq nəzəri konsepsiya deyil, real həyat faktına çevrildiyini göstərir.
Müzakirəyə çıxarılan qanun layihəsinin ən mühüm məqamlarından biri qayıdan vətəndaşların mülkiyyət hüquqlarının təmin edilməsidir. Belə ki, illərlə məcburi məskunlaşma şəraitində yaşayan insanlar dövlət tərəfindən verilən mənzillərdən istifadə hüququna malik olsalar da, həmin yaşayış sahələrinin mülkiyyətçisi hesab edilmirdilər. Yeni hüquqi mexanizm isə doğma yurd-yuvalarına qayıdan vətəndaşların daimi yaşayış sahələri üzərində tam mülkiyyət hüququ əldə etməsinə imkan yaradır. Bu isə təkcə sosial məsələ deyil, eyni zamanda, konstitusion hüququn bərpasıdır.
Mülkiyyət hüququ insan hüquqlarının fundamental elementlərindən biridir. İnsan öz evinin sahibinə çevrildikdə onun gələcəyə inamı artır, ailə institutunun möhkəmlənməsi üçün əlavə təminatlar yaranır, sosial sabitlik güclənir. Bu baxımdan qanun layihəsini insan hüquqlarının təntənəsi kimi qiymətləndirmək tam əsaslıdır.
Sosial dəstək davam edir
Qanunvericilikdə aparılan dəyişikliklər məcburi köçkün ailələrinə göstərilən dövlət dəstəyinin dayandırılması anlamına gəlmir. Əksinə, yeni yanaşma sosial müdafiə sisteminin müasir mərhələyə uyğunlaşdırılmasını nəzərdə tutur. Təhsil sahəsində mövcud güzəştlərin davam etdirilməsi bunun ən bariz nümunəsidir. Hazırda ödənişli əsaslarla ali təhsil alan minlərlə məcburi köçkün statuslu tələbənin təhsil haqqı dövlət tərəfindən ödənilir. 2025–2026-cı tədris ilində 3923 tələbənin təhsil xərclərinin qarşılanması dövlətin sosial məsuliyyətinin davam etdiyini göstərir.
Eyni zamanda, ünvanlı dövlət sosial yardımı, məşğulluq proqramları, peşə hazırlığı kursları və digər sosial müdafiə mexanizmləri qüvvədə qalır. Bununla yanaşı, Qarabağ və Şərqi Zəngəzurda yaşayan və çalışan vətəndaşlar üçün vergi, sosial sığorta, əmək münasibətləri və digər sahələr üzrə xüsusi güzəştlər tətbiq olunur. Beləliklə, dövlət siyasətinin əsas məqsədi sosial təminatın məzmununu dəyişmək deyil, onu yeni inkişaf mərhələsinin tələblərinə uyğunlaşdırmaqdır.
Bu gün Qarabağa və Şərqi Zəngəzura qayıdan insanlar sadəcə öz evlərinə dönmürlər. Onlar Azərbaycanın gələcəyinin qurucularına çevrilirlər. Məcburi köçkün statusunun uzun illər ərzində formalaşdırdığı müvəqqəti həyat modeli artıq daimi məskunlaşma modeli ilə əvəz olunur. İnsanlar öz torpaqlarında yaşayır, işləyir, sahibkarlıq fəaliyyəti göstərir, övladlarını doğma yurdlarında böyüdürlər.
Bu proses regionun iqtisadi potensialının reallaşdırılmasına, demoqrafik tarazlığın bərpasına, milli-mədəni irsin qorunmasına və ölkənin ümumi inkişafına mühüm töhfə verir. Məhz buna görə də Milli Məclisdə müzakirə olunan qanun layihəsi təkcə hüquqi sənəd deyil. Bu, Azərbaycanın tarixi Zəfərinin sosial və hüquqi nəticələrinin təsbitidir.
Beləliklə, məcburi köçkünlük Azərbaycan xalqının son onilliklər ərzində üzləşdiyi ən ağır humanitar problemlərdən biri idi. Lakin dövlətin ardıcıl siyasəti nəticəsində bu problem nəzarətdə saxlanıldı, insanların sosial müdafiəsi təmin olundu və onların gələcəyə inamı qorundu. Bu gün isə Qarabağ və Şərqi Zəngəzurda həyata keçirilən genişmiqyaslı quruculuq işləri, Böyük Qayıdış proqramının uğurlu icrası və qanunvericilikdə aparılan yeni dəyişikliklər məcburi köçkünlük dövrünün başa çatdığını nümayiş etdirir.
Milli Məclisdə müzakirə olunan qanun layihəsi Azərbaycan dövlətinin öz vətəndaşları qarşısında götürdüyü öhdəliklərə sadiqliyinin növbəti təzahürüdür. Bu sənəd keçmiş məcburi köçkünlərin doğma torpaqlarda ləyaqətli, təhlükəsiz və davamlı həyatının hüquqi təminatını yaradır, Böyük Qayıdış strategiyasının möhkəm qanunvericilik bazasını formalaşdırır və tarixi ədalətin bərpasına xidmət edir.
V.BİNYATOĞLU
XQ


