Azərbaycan – Belarus Hökumətlərarası Komissiyanın iclası

post-img

Azərbaycan – Belarus Hökumətlərarası Ticarət-İqtisadi Əməkdaşlıq üzrə Komissiyasının 16-cı iclasında iştirak etmək məqsədilə Belarus Respublikasında rəsmi səfərdə olan Azərbaycan Respublikası Baş nazirinin müavini Samir Şərifovun rəhbərlik etdiyi nümayəndə heyəti ilə bu ölkənin Nazirlər Kabinetində görüş keçirilib.

Söhbət zamanı nümayəndə heyətini salamlayan Belarus Respublikasının Baş naziri Aleksandr Turçin bildirib ki, Azərbaycan – Belarus qarşılıqlı iqtisadi əməkdaşlığında sənaye kooperasiyası və yeni layihələr strateji “artım nöqtələri” kimi vacib rol oynayır. O, əməkdaşlığın dərinləşdirilməsinin Belarus və Azərbaycan arasında ticarət dövriyyəsinin artmasına, qarşılıqlı investisiya layihələrinin genişlənməsinə və yeni birgə müəssisələrin yaradılmasına töhfə verəcəyini vurğulayıb.

Həmin gün Minsk şəhərində baş nazirlərin müavinləri Samir Şərifovun və Natalya Petkeviç rəhbərliyi ilə ticarət-iqtisadi əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyanın 16-cı iclası keçirilib.

Natalya Petkeviç Azərbaycan və Belarus arasında münasibətlərin zamanın sınağından çıxmış dostluq və qarşılıqlı etimada əsaslandığını bildirib. O qeyd edib ki, dövlət başçıları tərəfindən qarşıya qoyulan ikitərəfli ticarət dövriyyəsinin 1 milyard ABŞ dollarına çatdırılması hədəfi ölkələr arasında əməkdaşlıq potensialının yüksək olduğunu göstərir.

Baş nazirin müavini Samir Şərifov vurğulayıb ki, Azərbaycan – Belarus münasibətləri prezidentlər İlham Əliyev və Aleksandr Lukaşenko arasında formalaşmış qarşılıqlı etimad və yüksəksəviyyəli siyasi dialoq əsasında uğurla inkişaf edir. Qlobal iqtisadi çağırışlara baxmayaraq, Azərbaycan və Belarus arasında ticarət əlaqələri müsbət dinamika nümayiş etdirir. 2026-cı ilin ilk dörd ayı ərzində qarşılıqlı ticarət dövriyyəsi ötən ilin müvafiq dövrü ilə müqayisədə 11 faizdən çox artaraq 158 milyon ABŞ dollarına çatıb.

Tərəflər ticarət dövriyyəsinin daha da artırılması, ixrac nomenklaturasının şaxələndirilməsi və investisiya əməkdaşlığının genişləndirilməsi üçün əlavə tədbirlərin həyata keçirilməsi barədə razılığa gəliblər. Sənaye kooperasiyası əməkdaşlığın ən perspektivli istiqamətlərindən biri kimi qiymətləndirilib.

Azərbaycanda məişət texnikasının istehsalı, lift avadanlıqlarının yığılması, farmasevtika və baytarlıq preparatlarının istehsalı, eləcə də mineral gübrələrin hazırlanması sahələrində yeni birgə layihələrin həyata keçirilməsi imkanları da müzakirə edilib. Azərbaycanın işğaldan azad edilmiş ərazilərində həyata keçirilən birgə layihələr xüsusi diqqət mərkəzində olub.

Kənd təsərrüfatı sahəsində əməkdaşlığın inkişafı, ərzaq təhlükəsizliyi, baytarlıq və fitosanitar nəzarət sistemləri arasında inteqrasiyanın gücləndirilməsi, kənd təsərrüfatı məhsullarının qarşılıqlı ixracının artırılması məsələləri də geniş müzakirə olunub. Nəqliyyat və logistika sahəsində əməkdaşlığın inkişafı da iclasın əsas mövzularından biri olub. Humanitar əməkdaşlıq sahəsində əldə olunmuş nəticələr də yüksək qiymətləndirilib.

İclas çərçivəsində Azərbaycan–Belarus Hökumətlərarası Komissiyasının 16-cı iclasının yekun Protokolu, Azərbaycan Respublikası Dövlət Statistika Komitəsi ilə Belarus Respublikası Milli Statistika Komitəsi arasında əməkdaşlığa dair Anlaşma Memorandumu, 2026–2030-cu illər üçün bədən tərbiyəsi və idman sahəsində əməkdaşlıq proqramı, Azərbaycan və Belarus səhiyyə nazirlikləri arasında 2026–2027-ci illər üçün səhiyyə sahəsində əməkdaşlıq üzrə Yol Xəritəsi, Gəncə Avtomobil Zavodu ilə “POJSNAB” arasında yanğınsöndürmə texnikasının yığılmasına dair müqavilə imzalanıb.

Növbəti, 17-ci Azərbaycan-Belarus Hökumətlərarası Komissiyasının iclasının 2027-ci ildə Bakı şəhərində keçirilməsi barədə razılıq əldə olunub.

Azərbaycan-Belarus Hökumətlərarası Komissiyanın 16-cı iclasından sonra hökumət nümayəndələrinin və iş adamlarının iştirakı ilə Azərbaycan-Belarus biznes-forumu keçirilib.

XQ



Son xəbərlər