Bu, Heydər Əliyevin neft strategiyasının təntənəsidir
Xəzər Neft və Qaz Sərgisi müasir Azərbaycanın enerji inkişafının bünövrəsini qoydu. Vaxt ötdükcə o dəyişdi, daha böyük vüsət aldı və hazırda çoxsaylı tədbirlər və xeyli faydalı mərasimlərlə yadda qalan “Bakı Enerji Həftəsi” adlanır. Haqlı olaraq bildirildi ki, dünyanın ən iri qaz yataqlarına aid “Şahdəniz” müqaviləsi dəqiqliklə 30 il əvvəl, 1996-cı ilin iyununda imzalanıb.
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti
Dövlət başçımızın istər yerli, istərsə də beynəlxalq əhəmiyyətli hər hansı tədbirdə səsləndirdiyi fakt, arqument və rəqəmlər təkcə siyasi əhəmiyyət kəsb etmir, həm də region və dünya mətbuatı üçün çoxsaylı mövzular verir. Prezidentin 31-ci “Bakı Enerji Həftəsi” çərçivəsində keçirilən məlum sərgi və enerji forumunun açılışındakı çıxışı da bu baxımdan xüsusi önəm kəsb edirdi. Bu barədə aşağıda ətraflı söz açmağa çalışacağıq. Ancaq indi başqa bir məqamı xatırlatmaq istəyirik.
İyunun 1-də Bakı Ekspo Mərkəzində ilk çıxış edən Böyük Britaniyanın “ICA Events” şirkətinin İdarə Şurasının müşaviri Tomas Hord bizim üçün xüsusi önəm kəsb edən bir məqama toxundu: “1994-cü ildə Heydər Əliyevin rəhbərliyi ilə Azərbaycan müasir tarixində yeni bir səhifə açdı. Tarixi “Əsrin müqaviləsi”nin imzalanması ilə yanaşı, təşkil olunan ilk Xəzər Neft və Qaz Sərgisi ölkənin uzunmüddətli enerji strategiyasının təməlini qoydu, Azərbaycanı qlobal enerji sektorunda etibarlı və vacib tərəfdaş kimi təsdiqlədi”.
Fikrimizcə, bu fakt Azərbaycanın beynəlxalq aləmdəki çoxsaylı dost və tərəfdaşlarından birinin səmimi ürək sözləri olmaqla yanaşı, dünya ictimaiyyətinin Azərbaycan reallıqlarının etirafı kimi qiymətləndirilməlidir. Cənab Tomas Hord həmin məqamda 46 ölkədən gəlmiş 270-dən çox şirkətin təmsilçiləri adından danışırdı. O, hamıya növbəti dəfə xatırladırdı ki, bugünkü Azərbaycanın çoxsaylı uğurlarının təməlində hansı liderin müdrikliyi, uzaqgörənliyi dayanır.
Bəli, Azərbaycan son 23 ildə Heydər Əliyev siyasi kursunu uğurla davam etdirərək başqa dövlətlərin bir əsrdə qazandığından çox nailiyyətlərə imza atıb. Ən başlıcası, həmin siyasət bizim dostlarımızın gündən-günə artmasını təmin etmiş (biz bunu COP29-un beynəlxalq əks-sədası zamanı da gördük, WUF13-ün reallaşdırıldığı günlərdə də) və nəticədə son iki-üç əsrdə əlli milyondan artıq soydaşımızın üz qaralığına səbəb olmuş erməni işğalına son qoyduq. Haqqında söz açdığımız son tədbir – regionun aparıcı beynəlxalq enerji platformalarından birinə çevrilən, dövlət başçılarını, nazirləri, qlobal enerji şirkətlərini, investorları və sənaye mütəxəssislərini enerji sənayesinin gələcəyini formalaşdıran əsas prioritetləri müzakirə etmək üçün bir araya gətirən “Bakı Enerji Forumu” da məhz son 23 ildə qazanılan mükəmməl nüfuzun göstəricilərindəndir.
Ekspertlərin fikrincə, Prezidentin budəfəki çıxışı da çoxsaylı faktların xatırladılması və perspektivdəki uğurların proqnozu kimi qəbul edilirdi. Həmin arqumentin müəllifləri haqlıdırlar. Çünki cənab Prezident adıçəkilən tədbirdə dövlət müstəqilliyimizin ilk illərinin son dərəcə ağır, iqtisadi baxımdan qarışıq, siyasi baxımdan qeyri-sabit keçdiyini xatırlatdı və əlavə etdi ki, o zaman ərazimizin təxminən 20 faizi Ermənistan tərəfindən işğal edilmiş və nəticədə bir milyon həmvətənimiz məcburi köçkün həyatı yaşamalı olmuşdu. Həmin ağır illərdə ölkədə yoxsulluq səviyyəsi 50 faizi aşmış, işsizlik geniş yayılmışdı. Dövlət başçımız qürurla xatırladırdı ki, həmin dövrdə müstəqil ölkə kimi yaşamaq və inkişaf etmək üçün sahib olduğumuz təbii sərvətlərdən səmərəli istifadəni yeganə çıxış yolu kimi gördük və Xəzərin enerji ehtiyatlarının beynəlxalq neft şirkətlərinə açan ilk ölkə olaraq böyük, tarixi uğurlara imza atdıq. Prezident xatırlatdı ki, dünyanın ən iri qaz yataqlarına aid “Şahdəniz” müqaviləsi dəqiqliklə 30 il əvvəl, 1996-cı ilin iyununda imzalanıb: “Beləliklə, sayı artan ölkələrin enerji təhlükəsizliyinə töhfə verən Azərbaycanın müasir qaz hasilatında yeni səhifə açıldı. Bu tədbirin əhəmiyyəti, həmçinin ABŞ Prezidenti Donald Trampın nəzakətli məktubunda əks olunub”.
Azərbaycan liderinin fikrincə, enerji məsələsini yenidən normal məcraya qaytardığına görə Prezident Trampa daha bir təşəkkür düşür: “Hamımız bilirik ki, uzun illər neft və qaz hasilatı ilə məşğul olan ölkələr və şirkətlərə damğa vurulurdu, bəzən qarayaxma obyektinə çevrilirdilər, planetin dağıdılmasında ittiham olunurdular. Hər hansı əsas olmadan, ictimai rəylə küncə sıxışdırılırdılar. Prezident Tramp bu trendi dəyişdi və bu, həqiqətən əla hadisə oldu, çünki hamımız bilirik ki, hətta bəzi iri neft şirkətləri dırnaqarası müasir trendə uyğun olmaq xatirinə öz adlarını dəyişirdilər. Lakin reallıq tamamilə fərqlidir. Dünya faydalı qazıntı olmadan yaşaya bilməz”. Bu zaman xüsusilə vurğulanmalı başqa bir məqam da var. Kifayət qədər təbii sərvətləri olan, uzun illər genişmiqyaslı faydalı qazıntı işləri aparmış elə ölkələr var ki, neft və qaz onlara xoşbəxtlik gətirməyib. Daha doğrusu, gətirə bilərdi, amma... Bunu son əlli-altmış ilin hesabatlarına nəzər salanlar aydın görə bilərlər. Prezident həmin arqumentin Azərbaycana tətbiq ediləcəyi təqdirdə tamamilə fərqli mənzərənin ortaya çıxdığını qürurla xatırladır: “Əgər bu gün biz Azərbaycana nəzər salsaq, ...bu sərvətlərdən necə istifadə etdiyimizə, onun yenidən sosial infrastruktura, təhsilə, səhiyyəyə, enerji sahəsinin inkişafına yatırdığımıza əsasən deyə bilərik ki, ölkələr necə inkişaf etməlidir və bu yol 1990-cı illərin əvvəlində üzləşdiyimiz eyni problemlərdən müəyyən dərəcədə əziyyət çəkən ölkələr üçün örnək olmalıdır”.
Bəli, Azərbaycan dövləti təbii sərvətlərdən əldə edilən mənfəəti Dövlət Neft Fondu və Mərkəzi Bankda toplayaraq, xarici borcun 18 dəfədən çox üstələnməsinə nail olub. Bəs buna necə nail olmuşuq? Təbii ki, ilk növbədə, əldə edilmiş vəsaitlərdən düzgün istifadə etməklə: “Biz həm investorlara, həm də ev sahibi ölkəsinə qazanc gətirən vəziyyəti yaratdıq. Biz milli maraqlar üzərində dayanan çox praqmatik siyasət həyata keçirtdik və işimizə müdaxilə etmək, bizə pis məsləhət vermək istəyənlərə qulaq asmadıq. Biz hər bir işi strategiyamız əsasında etdik. Bütün taktiki gedişlərimiz həmin strategiyaya əsaslanırdı. Biz demək olar ki, 30 il ərzində işğal altında qalmış torpaqlarımızı azad edən güclü ordu qurduq. Biz cəmi 44 gün ərzində Ermənistanı tamamilə məğlub etdik və kapitulyasiya aktını imzalamağa məcbur etdik. Əlbəttə ki, müharibədə qələbə dedikdə, sadəcə, pul və hətta silahlar nəzərdə tutulmur. Söhbət döyüş ruhundan gedir. Lakin gəlin etiraf edək, ordunu qurmaq üçün pulumuz olmasaydı, yəqin ki, bu gün hələ də torpaqlarımız işğal altında olardı. Beləliklə, Azərbaycanın inkişafı, – istər sosial, iqtisadi, hərbi, istərsə də xarici siyasət olsun, – bütün bunlar onu nümayiş etdirir ki, təbii sərvətlərdən düzgün istifadə olunan zaman onlar bir çox üstünlüklərə yol aça bilər”.
Diqqət yetirin. Prezidentin çıxışının birinci hissəsində söhbət ölkəmizin malik olduğu təbii sərvətlərdən xalqımızın həyat səviyyəsinin daha da yaxşılaşdırılması, dövlətimizin qüdrətləndirilməsi, ordumuzun ən müasir maddi-texniki bazaya malik olması üçün atılan addımlardan gedir. Sonra isə Azərbaycanın təbii sərvətlərinin səmərə verdiyi daha böyük arealdan söz açılır: “Enerji təhlükəsizliyi. Biz hamımız ondan danışırıq, xüsusilə indi Yaxın Şərqdəki böhran bir çox ölkələrin, istehsalçı və istehlakçıların enerji təhlükəsizliyinə ciddi zərbə vurduğu vaxtda. Biz bunun üzərində uzun illər çalışmışıq. Biz böyük sərmayələr yatırmışıq və Xəzər dənizini Aralıq dənizi ilə ilk dəfə birləşdirən Bakı–Tbilisi–Ceyhan, Xəzər dənizini Qara dənizlə birləşdirən Bakı–Supsa neft kəmərləri kimi irimiqyaslı infrastruktur layihələrinə başlamışıq. Cənubi Qafqaz qaz kəməri ilə günümüzün ən iddialı enerji infrastruktur layihələrindən biri olan Cənub Qaz Dəhlizini təşkil edən TANAP və TAP, Trans–Anadolu və Trans–Adriatik qaz kəmərləri 3500 kilometr uzunluğunda birləşmiş boru xətti sistemindən ibarətdir. Layihənin bir hissəsi yüksək dağlıq ərazidən keçir, bir hissəsi isə dənizin dibi ilə gedir. Bu gün bu layihə sayı artmaqda olan ölkələrin enerji təhlükəsizliyini təmin edir. Biz bu layihəyə başladıq və bizimlə birlikdə olan tərəfdaş ölkələrə və şirkətlərə minnətdarıq”.
Sonda dövlət başçımızın dostlarımızın fəxrinə, bədxahlarımızın isə kədər və qısqanclığına səbəb olacaq bir arqumentini xüsusi şriftlərlə qabartmaq istəyirik: “Bu gün Avropa enerji bazarının Cənub Qaz Dəhlizi olmadan necə olacağını təsəvvür etmək çətindir”.
Qələbələrin, Zəfərlərin, uğurların əbədi, dünyanın hər yerində dalğalanan bayrağın daim uca olsun, Azərbaycan!!!
İttifaq MİRZƏBƏYLİ,
Əməkdar jurnalist

