Çəyirdəkli meyvə bağlarında müşahidə edilən virus xəstəlikləri

post-img

Çəyirdəkli (gilas, albalı, gavalı, şaftalı, alça və s.) meyvə bağları respublikamızın əksər rayonlarında, o cümlədən Quba-Xaçmaz, Şəki-Zaqatala, Gəncə-Daşkəsən, Qazax-Tovuz, Mərkəzi Şirvan bölgələrində geniş sahələrdə becərilir. Hazırda gilasın 12 min 599, şaftalının 10 min 584, gavalının 5 min 591, əriyin 4 min 612, alçanın 4 min 422, albalının isə 2 min 112 hektar bağ sahələri mövcuddur.

2025-ci ildə respublikanın Quba-Xaçmaz, Şəki-Zaqatala, Mərkəzi Aran və Lənkəran-Astara bölgələrinin müxtəlif yaşlı belə bağlarında apardığımız elmi-praktiki müşahidələr, ekspedisiyalar əsasında bir sıra virus xəstəlikləri aşkar edilmişdir. Fermerlərin diqqətinə çatdırmaq istərdim ki, virus xəstəlikləri dünyanın əksər ölkələrinin meyvə-tərəvəz bitkilərində bu və ya digər dərəcədə müşahidə edilir. Xəstəliklərin təsirindən bitkilərin zəifləməsi, məhsuldarlığının aşağı düşməsi, son nəticədə isə quruyaraq sıradan çıxması baş verir.

Viruslar qeyri-hüceyrəvi formalı olub müəyyən canlı hüceyrələrə daxil olaraq orada çoxalmaq qabiliyyətinə malikdir. Viruslar ilk dəfə rus alimi D.İ.İvanovski tərəfindən 1892-ci ildə tütün bitkisində aşkar edilmişdir. Viruslar ali bitkilərdə 300-dən çox, istiqanlı heyvanlarda isə 500-dən artıq xəstəliyə səbəb olur. Canlı orqanizmlərin bir hissəsi olan bitkilər də ətraf mühitin abiotik və biotik amillərinin təsirinə məruz qalır. Abiotik amillərə aşağı və yüksək temperatur, quraqlıq, şoranlıq, yüksək rütubət və s., biotik amillərə isə göbələk, bakteriya, virus, nematod, həşəratlar və mikroplazma kimi tüfeyli orqanizmlər daxildir.

Son onilliklərdə bitkilərdə aşkar edilmiş yeni yoluxucu xəstəliklər arasında virus mənşəlilər önəmli yer tutur. Ayrı-ayrı virus xəstəlikləri hazırda meyvə bitkiləri üçün xüsusi təhlükə yaradır.

Qeyd etmək lazımdır ki, ölkəmizdə çəyirdəkli meyvə bağlarının sahələri ildən-ilə artır. Yeni intensiv tipli bağ sahələrinin salınması zamanı istifadə edilən tinglərin 60 faizi xarici ölkələrdən (Türkiyə, İtaliya, İspaniya və s.) gətirilir. Yerdə qalan 40 faizi isə respublikamızda fəaliyyət göstərən tingçilik təsərrüfatlarının yetişdirdiyi tinglərdən istifadə edilməklə tamamlanır.

Müxtəlif dərəcədə məhsuldar olan, ölkəmizin torpaq-iqlim şəraitinə bu və ya digər dərəcədə uyğun gələn belə tinglərin yetişdirilməsi zamanı xətalara yol verilir. Belə ki, müxtəlif növ calaqaltıların becərilməsi zamanı virusla yoluxmuş, yaxud viruslara sirayətlənə biləcək calaqaltılar ortalığa çıxır.

Bununla yanaşı, istifadə edilən calaqüstülərin (peyvənd olunacaq sortlar) az qismi də olsa viruslu ola bilir ki, bunun nəticəsində də latent (gizli) formada virus xəstəliklərinin daşıyıcısı olan tinglər ortalığa çıxır. Bunları nəzərə alaraq tingçilik təsərrüfatlarında satış üçün hazırlanmış tinglər mütləq termoterapiya (55-600C-yə qədər kamerada qızdırılmalı) mərhələsindən keçirilməklə istifadə edilə bilər.

Bölgələrdə apardığımız müşahidələr zamanı çəyirdəkli meyvə bağlarında nekrotik dairəvi ləkəlilik, xlorotik dairəvi ləkəlilik və cüzam (şarka) kimi qorxulu xəstəliklər aşkar edilmişdir.

Bu xəstəliklərin qarşısını almaq üçün aşağıdakı mübarizə tədbirləri aparılmalıdır: Yeni bağların salınması zamanı virusdan azad əkin materialından istifadə edilməlidir. Tinglik təsərrüfatlarında yetişdirilmiş tinglər satışdan əvvəl termoterapiyadan (54-640C) keçirilməlidir. Cavan və məhsuldar çəyirdəkli meyvə bağlarında ildə 3 dəfə (may, iyun, oktyabr) monitorinq aparılmalı və yoluxmuş bitkilər dərhal çıxdaş edilməlidir.

Virusların yayılmasına səbəb olan sorucu ağız aparatı olan həşəratlara qarşı mütəmadi olaraq kimyəvi mübarizə işi aparılmalıdır.

Məqalə Azərbaycan Elm Fondunun maliyyə dəstəyi ilə hazırlanmışdır.

Qrant №: AEF-BQM-BRFTF-4-2024-5(53)-06/04/3-M-04

Mədət QURBANOV,
Meyvəçilik və Çayçılıq Elmi-Tədqiqat İnstitutunun baş elmi işçisi, biologiya elmləri üzrə fəlsəfə doktoru



Sosial həyat