Səmərqənddə "Eco Expo Central Asia 2026" beynəlxalq sərgisi çərçivəsində İqtisadi Əməkdaşlıq Təşkilatının (İƏT) Ətraf Mühit üzrə Altıncı Nazirlər Görüşü keçirilib.
Tədbirdə İƏT üzv dövlətlərinin nümayəndə heyətləri, İƏT Katibliyinin rəhbərliyi və beynəlxalq tərəfdaş təşkilatların nümayəndələri, ətraf mühit qurumlarının rəhbərləri, beynəlxalq təşkilatların nümayəndələri və İƏT üzv dövlətlərindən mütəxəssislər iştirak ediblər.
Ölkəmizdən bu tədbirə Azərbaycan Respublikası Prezidentinin iqlim məsələləri üzrə nümayəndəsi Muxtar Babayev qatılıb.
Görüşü açan Özbəkistan Prezidentinin Ətraf Mühit Məsələləri üzrə müşaviri və ölkənin Ekologiya və İqlim Dəyişikliyi üzrə Milli Komitəsinin sədri Əziz Abduhakimov bu görüşün xüsusi əhəmiyyətini qeyd edib. O deyib ki, bugünkü görüş xüsusi əhəmiyyət kəsb edir. 12 ildən sonra ilk dəfə olaraq üzv dövlətlərin İƏT ətraf mühit nazirləri müasir ekoloji problemlərin həlli üçün əlaqələndirilmiş yanaşmalar hazırlamaq üçün bir araya gəliblər.
Abduhakimov qeyd edib ki, baxılmaq üçün təqdim olunan sənədlər — İƏT-in 2026-2030-cu illər üçün Ətraf Mühitin Mühafizəsi üzrə Çərçivə Proqramı, iqlim və biomüxtəliflik üzrə iş proqramları və Səmərqənd Bəyannaməsi — regional ekoloji tərəfdaşlığın yeni mərhələsi üçün mühüm təməl yaradacaq.
Muxtar Babayev öz çıxışında bildirib ki, Azərbaycanla Mərkəzi Asiya ölkələri arasında əlaqələrimiz genişdir və müxtəlif sahələri əhatə edir. İqtisadi Əməkdaşlıq Təşkilatın çərçivəsində bu ölkələrin ekoloji tarazlığının qorunması və bərpa olunması sahəsində əməkdaşlığımız da diqqətəlayiqdir. Bizdən asılı olmayan səbəblərdən uzun müddət bu sahədə görüşlər olmayıb. Bu gün isə bu sahənin aktivləşdirilməsi bizim üçün priaritet məsələdir. Tədbirdə bir neçə mühüm sənəd qəbul olundu ki, bu da bizim bu sahədə gələcək inkişafımıza işıq salacaq.
M.Babayev öz çıxışında bu sahədə Azərbaycanın aktiv rolunu qeyd edərək bildirib ki, 2024-cü ildə ölkəmizdə COP 29 tədbiri keçirilib ki, ondan sonra bu sahənin inkişafına xüsusi diqqət yetirilir.
Görüş zamanı iştirakçılar İƏT üzv dövlətlərinin ətraf mühitin mühafizəsi, iqlim dəyişikliyi, davamlı təbiətin idarə olunması və torpaqların deqradasiyasının qarşısının alınması sahələrində milli prioritetlərini müzakirə ediblər. Səhralaşmaya qarşı mübarizəyə, elmi-texniki əməkdaşlığın inkişafına, meşələrin davamlı idarə olunmasına və qum və toz fırtınalarının qarşısının alınmasına xüsusi diqqət yetirilib.
Özbəkistan torpaqların deqradasiyası və səhralaşmaya qarşı mübarizədəki təşəbbüslərinə xüsusi diqqət yetirilib. Xüsusilə, Yaşıl Universitetdəki Səhralaşmaya Qarşı Mübarizə və Səhra İqtisadiyyatı üzrə Tədqiqat İnstitutunun fəaliyyəti, eləcə də Özbəkistanın İƏT ölkələri ilə elmi tədqiqatlar, texnologiya mübadiləsi və birgə pilot layihələrin həyata keçirilməsi sahəsində əməkdaşlığı genişləndirməyə hazır olduqları qeyd edilib.
Bundan əlavə, səhra ərazilərində meşə salınmasına yönəlmiş 2026-2030-cu illər üçün İƏT üzv dövlətləri üçün transsərhəd "Yaşıl Proqram"ın hazırlanması təşəbbüsü iştirakçılara təqdim olunub. Özbəkistan tərəfi həmçinin İƏT-in Ətraf Mühit üzrə Əməkdaşlıq üzrə Yüksək Səviyyəli Platforması çərçivəsində qum və toz fırtınaları üçün regional erkən xəbərdarlıq sisteminin hazırlanmasını təklif edib.
İclasdan sonra iştirakçılar 2026-2030-cu illər üçün İƏT-in Ətraf Mühit üzrə Əməkdaşlıq Çərçivə Proqramını və onun tematik əlavələrini, o cümlədən iqlim dəyişikliyi və biomüxtəliflik üzrə iş proqramlarını təsdiqləyiblər. Regional Ətraf Mühit üzrə Əməkdaşlıq haqqında Səmərqənd Bəyannaməsi də qəbul edilib.
Həmin gün "Eco Expo Central Asia 2026" beynəlxalq sərgisi çərçivəsində İpək Yolu Səmərqənd Sərgi Kompleksində "Mərkəzi Asiyanın Regional Ətraf Mühitin Fəaliyyətinin İcmalı: Əhatə Dairəsinin Təsdiqi və Əməliyyat Mərhələsinin Başlanması" adlı yüksək səviyyəli tədbir keçirilib.
Mərkəzi Asiyanın Regional Ətraf Mühitin Fəaliyyətinin İcmalı ilə bağlı Səmərqənd Bəyannaməsi imzalanıb.
Bu tədbirdə də Muxtar Babayev çıxış edib, bu istiqamətdə Azərbaycanın prioritetlərini açıqlayıb.
Qulu Kəngərli
XQ-nin Türküstan üzrə xüsusi müxbiri
Səmərqənd

