Azərbaycan və Aİ arasında yeni hərtərəfli saziş layihəsi üzrə danışıqlar aparılıb

post-img

Bizi Telegram-da da izləyə bilərsiniz:@xqazeti

2-3 iyun tarixlərində Bakı şəhərində Azərbaycan Respublikası ilə Avropa İttifaqının nümayəndə heyətləri arasında yeni hərtərəfli saziş layihəsi və 2026-2030-cu illəri əhatə edən Tərəfdaşlıq Prioritetləri sənədi üzrə danışıqlar aparılıb.

XQ xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyi məlumat yayıb.

Azərbaycan nümayəndə heyətinə xarici işlər nazirinin müavini Yalçın Rəfiyev, Avropa İttifaqı tərəfinə isə Avropa Xarici Fəaliyyət Xidmətinin icraçı direktorunun müavini Audrone Perkauskiene rəhbərlik edib.

Konstruktiv ruhda keçən müzakirələrin nəticəsində 2026-2030-cu illəri əhatə edən Avropa İttifaqı-Azərbaycan Tərəfdaşlıq Prioritetləri sənədinin layihəsi ilkin olaraq razılaşdırılıb.

Yeni hərtərəfli saziş üzrə aparılan danışıqlar çərçivəsində Azərbaycan Respublikasının aidiyyəti dövlət qurumlarının nümayəndələri Avropa İttifaqından olan həmkarları ilə birlikdə saziş layihəsinin müxtəlif bölmələri üzrə məhsuldar müzakirələr aparıb, bir sıra istiqamətlərdə irəliləyişlər əldə edilib və danışıqların növbəti mərhələləri ilə bağlı planlar müəyyən edilib.

Görüşün yekununda tərəflər yeni ikitərəfli saziş layihəsi üzrə danışıqların onlayn və fiziki görüşlər formatında intensiv şəkildə davam etdirilməsi barədə razılığa gəliblər.

Xarici İşlər Nazirliyi ilə yanaşı, Azərbaycan nümayəndə heyətinin tərkibində Prezident Administrasiyası, İqtisadiyyat, Ədliyyə, Energetika, Rəqəmsal İnkişaf və Nəqliyyat, Maliyyə, Əmək və Əhalinin Sosial Müdafiəsi, Elm və Təhsil Nazirliklərinin, habelə Mərkəzi Bank, Dövlət Gömrük Komitəsi, SOCAR, Antiinhisar və İstehlak Bazarına Nəzarət, Əqli Mülkiyyət və Medianın İnkişafı Agentliklərinin nümayəndələri iştirak ediblər.

Siyasət