Bizi Telegram-da da izləyə bilərsiniz:@xqazeti
Madridin "Real" klubu "adidas" şirkəti ilə birgə hazırlanan 2026/27 mövsümü üçün yeni ev formasını təqdim edib.
XQ klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, yeni forma "Real"ın tarixi mirası və zərif üslubunun şərəfinə dizayn olunub. Mətbuat xidməti bildirir ki, formanın üzərindəki qrafik elementlər klubun loqosundakı tacın detallarından ilhamlanaraq hazırlanıb və mükəmməlliyə canatmanı, ustalığı, eləcə də qələbə ruhunu simvolizə edir.
"Bu dəst klubumuzun gerbindəki tacın incilərindən ilhamlanan qrafik elementləri birləşdirən müasir dizaynı ilə seçilir. Bu da mükəmməlliyə canatmanı, ustalığı və qalib mentalitetini əks etdirir", – deyə klubun rəsmi açıqlamasında qeyd olunub.
Ənənəvi ağ rəngli formanın yaxası və qolüstü hissələri tünd yaşıl elementlərlə tamamlanıb. Çiyinlərdə yer alan "adidas"ın ənənəvi üç zolağı isə çəhrayı rəngdə icra olunub.
Klub, həmçinin formanın hazırlanmasında "adidas"ın ən son texnologiyalarından istifadə olunduğunu vurğulayıb.
"Forma elit idmanın tələbləri nəzərə alınmaqla və oyun zamanı hava dövranını yaxşılaşdırmağa, həmçinin sərinliyi qorumağa kömək edən ən yeni 'adidas' texnologiyalarına uyğun olaraq hazırlanıb", – deyə bəyanatda bildirilir.
Qeyd edək ki, "Real Madrid" 2025/26 mövsümünü titulsuz başa vurub, bundan sonra klub prezidenti Florentino Peres madridlilərin rəhbəri vəzifəsinə növbədənkənar seçkilərin keçiriləcəyini elan edib.

