Niyə acqarına qəhvə içmək olmaz?

post-img

Səhərlər acqarına içilən bir fincan qəhvə bir çox insan üçün günə başlamağın ayrılmaz hissəsinə çevrilib. Lakin mütəxəssislər xəbərdarlıq edirlər ki, bu vərdiş hər kəs üçün faydalı deyil və bəzi hallarda sağlamlıq problemlərinə yol aça bilər. Bəs acqarına qəhvə içmək orqanizmə necə təsir edir, hansı risklər yaradır və kimlər bundan çəkinməlidir? 

"Xüsusilə yuxusuzluq zamanı acqarına qəhvə içmək stres hormonu olan kortizolun səviyyəsini artırır. Bu isə sinir və ürək-damar sistemlərinə, eləcə də bütövlükdə orqanizmə mənfi təsir göstərir".

Bunu rusiyalı həkim-nevroloq İnna Filatova Gazeta.ru nəşrinə açıqlamasında bildirib.

Həkim kofeinin orqanizmə təsirlərini izah edərək bildirib ki, kofein kortizol səviyyəsini artırır. Bu təsir acqarına qəhvə içərkən, yuxusuzluq, xroniki stres zamanı və yüksək dozalarda özünü daha qabarıq büruzə verir. Müəyyən kateqoriyalı pasiyentlərdə qəhvənin acqarına qəbul edilməsi təşvişi gücləndirə, taxikardiyaya səbəb ola və vegetativ sinir sisteminin işini pisləşdirə bilər. Həmçinin qlutamatergik aktivləşməni artıraraq yuxunun keyfiyyətini poza və dolayısı ilə xroniki stresi daha da şiddətləndirə bilər.

Onun sözlərinə görə, bu cür şəraitdə kofein bədənin stresə qarşı reaksiyasında və homeostazın (orqanizmin daxili sabitliyinin) qorunmasında əsas rol oynayan neyroendokrin sisteminin fəaliyyətini pozur: "Söhbət hipotalamus-hipofiz-böyrəküstü vəzi oxundan gedir. Bu sistem ətraf mühit dəyişiklikləri, infeksiyalar, iltihab və toxuma zədələnməsi də daxil olmaqla, xarici və daxili stimullara uyğunlaşmanı təmin edir. Kofein isə ona düşən yükü artırır ki, bu da bədəndə mənfi simptomların yaranmasına səbəb olur".

Həkim əlavə edib ki, kofein miqren, narahatlıq və yuxu pozğunluğu olan xəstələrin də ümumi vəziyyətini daha da pisləşdirə bilər.

N.AdilqızıXQ

 

Sosial həyat