Bizi Telegram-da da izləyə bilərsiniz:@xqazeti
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Ramin Məmmədov iyunun 3-də Şəkidə "Cümə" və "İmam Əli" məscidlərini ziyarət edib.
XQ xəbər verir ki, bu barədə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi məlumat yayıb.
Məscidlərdə yaradılmış şəraitlə tanış olan Dövlət Komitəsinin sədri din xadimləri və dini icmaların nümayəndələri ilə görüşüb.
Görüşdə Azərbaycanda dövlət-din münasibətlərinin milli maraqlara, eləcə də insan hüquq və azadlıqlarının təmin olunması prinsiplərinə əsaslandığı diqqətə çatdırılıb. Ramin Məmmədov müasir dövrdə zərərli ideoloji təsirlərin qarşısının alınmasının vacib məsələlərdən biri olduğunu bildirib. Qeyd edib ki, Azərbaycan Respublikasında multikultural və tolerant mühitin qorunması dövlət siyasətinin prioritet istiqamətlərindən biridir. Bu siyasət ölkədə sabitliyin, qarşılıqlı hörmət və etimadın möhkəmlənməsinə xidmət edir.
Komitə sədri vurğulayıb ki, bu sahədə həyata keçirilən maarifləndirmə tədbirləri cəmiyyətin ideoloji dayanıqlığını möhkəmləndirən əsas amillərdəndir. Bu prosesdə din xadimlərinin üzərinə mühüm vəzifələr düşür. Onların fəaliyyəti gənclərin yad və destruktiv təsirlərdən qorunmasına yönəlməklə cəmiyyətdə həmrəyliyin inkişafına töhfə verir.
Qeyd olunub ki, konfessiyalar arasında qarşılıqlı əməkdaşlıq yalnız institusional çərçivə deyil, eyni zamanda cəmiyyətin mənəvi sağlamlığına xidmət edən etibarlı tərəfdaşlıq modelidir.
Görüş zamanı maarifləndirmə işinin genişləndirilməsi ilə bağlı fikir mübadiləsi aparılıb.

