Bizi Telegram-da da izləyə bilərsiniz:@xqazeti
Energetika naziri Pərviz Şahbazovla Venesuelanın karbohidrogenlər nazirinin müavini Sindi Rondon və İranın neft nazirinin müavini, İran Milli Qaz Şirkətinin icraçı direktoru Səid Təvəkkoli arasında görüşlər keçirilib.
Bu barədə XQ-yə Energetika Nazirliyindən məlumat verilib.
Bildirilib ki, Venesuelanın karbohidrogenlər nazirinin müavini Sindi Rondon ilə görüşdə iki ölkə arasında enerji əlaqələrinin inkişafında beynəlxalq forumlar çərçivəsində baş tutan görüşlər və OPEC+ formatında əməkdaşlığın roluna toxunulub. Enerji tələbatının qarşıdakı onilliklərdə artması fonunda enerji istehsal edən ölkələr arasında əməkdaşlığın önəmi qeyd edilib. İki ölkə arasında neft və qaz sektorunda əməkdaşlıq imkanları müzakirə edilib.
Venesuelanın zəngin neft və qaz ehtiyatlarına malik olduğu, yeni yataqların işlənməsi, dənizdə layihələrin genişləndirilməsi və beynəlxalq enerji şirkətləri ilə əməkdaşlıq imkanları diqqətə çatdırılıb. Azərbaycanın karbohidrogen sahəsində təcrübəsi barədə məlumat verilib. İki ölkənin dövlət enerji şirkətləri arasında mümkün əməkdaşlıq, mütəxəssis hazırlığı, universitetlərarası mübadilə və insan resurslarının inkişafı kimi istiqamətlər də nəzərdən keçirilib.
İranın neft nazirinin müavini, İran Milli Qaz Şirkətinin icraçı direktoru Səid Təvəkkoli ilə keçirilən görüşdə isə Azərbaycan-İran enerji əməkdaşlığının neft-qaz, elektrik enerjisi istiqamətləri üzrə müzakirələr aparılıb. Birgə layihələrin icrası, həmçinin D-8 formatında enerji əlaqələrinin inkişafı məsələləri nəzərdən keçirilib.






