“Borçalı” İctimai Birliyi “Soydaşlarımız və Qarabağ” layihəsinin icrasına başlayıb

post-img

Bizi Telegram-da da izləyə bilərsiniz:@xqazeti

“Borçalı” İctimai Birliyi 1 iyun 2026-cı ildən “Soydaşlarımız və Qarabağ” layihəsinin icrasına start verib. 

Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin  maliyyə dəstəyi ilə həyata keçiriləcək layihənin əsas məqsədi ölkəmizin müstəqillik uğrunda mübarizəsində, torpaqlarımızın erməni işğalından azad olunmasının döyüşlərdə iştirakçısı Borçalı əsilli soydaşlarımızın – şəhid və qazilərimizin həyat-döyüş yolunu araşdırmaq, toplanmış materialları kitablaşdırmaq, onların I və II Qarabağ müharibələrində göstərdikləri qəhrəmanlıqları vətənpərvərlik nümunəsi olaraq təbliğ etmək, şəhid ailələri ilə təmas quraraq problem və qayğılarının həllində, hüquqlarının müdafiəsində yardımçı olmaq, bununla da çağdaş Azərbaycan-Gürcüstan dostluq münasibətlərinə ictimai dəstək verməkdir. 

Bu barədə ictimai birliyin sədri, Yazıçılar Birliyinin İdarə Heyətinin üzvü Dəyanət Osmanlı məlumat verib. O qeyd edib ki, Gürcüstanda icra ediləcək 2 aylıq layihənin ideyası dövlətimizin Qarabağ müharibəsi şəhidlərinə böyük ehtiramından, şəhid ailələri və müharibə əlillərinin sosial şəraitinin daha da yaxşılaşdırılmasına göstərdiyi diqqətdən qaynaqlanır. Gürcüstan əsilli soydaşlarımız da 1990-cı ilin 20 yanvarında sovet imperiyasına qarşı müstəqillik mücadiləsində, I və II Qarabağ müharibəsində qəhrəmalıq göstərmiş, onlarla şəhid vermiş, yaralanmışlar. Onların arasında Azərbaycanın Milli Qəhrəmanı adı alanlar, orden və medallarla təltif olunanlar vardır. 

“Layihə çərçivəsində şəhid soydaşlarımızın, qazilərin döyüş yolundan, habelə Azərbaycan-Gürcüstan dostluq əlaqələrindən bəhs edən irihəcmli 1 kitab nəşr olunacaq və Gürcüstanda təqdimat mərasimi keçiriləcək. Zəfər tariximizin yazılmasında misilsiz xidmətlər göstərmiş soydaşlarımızın həyat-döyüş salnaməsinin cəmiyyətə təqdim olunması, problem və qayğılarının həllində təşəbbüslər göstərilməsi nəzərdə tutulur. Ermənistanın Qarabağı 30 il işğal altında saxlayaraq qədim yaşayış məskənlərimizi, milli-tarixi abidələrimizi, maddi-mədəni irsimizi məhv etməsi faktlarının, şəhid və qazilərin döyüş yolunun Gürcüstanın ictimai mühitində, mətbuatda yayılması işinə də ehtiyac vardır. Azərbaycan-Gürcüstan arasında etibarlı dostluq və işgüzar əlaqələrin inkişafı, soydaşlarımızın Vətən qəhrəmanlarını tanıyıb nümunə götürməsi amilinin dəyərləndirilməsi, müasir gürcü ziyalıları arasında, ictimai qurum və qruplarda Azərbaycan həqiqətlərinin önə çəkilməsi bu gün də aktuallığını saxlayır. Layihənin nəticəsi olaraq, soydaşlarımız, onların təmsil olunduğu QHT-lər, elmi araşdırmalar aparan şəxslər (qurumlar) Vətən müharibəsində ölkəmizin qazandığı Zəfərin regionda sülh mühitinin inkişafına təsirləri, əsgər və zabitlərimizin döyüşlərdə göstərdiyi qəhrəmanlıqlar haqqında dolğun məlumatlar əldə etmiş olacaqlar. Bununla yanaşı, təşkilatımızla Gürcüstanın uyğun QHT-ləri ilə yeni ictimai, mədəni əlaqələr yaradılacaq”. 

P.ƏMİRCANOV
XQ



Sosial həyat