AMEA Lənkəran Regional Elmi Mərkəzinin Ədəbiyyat və azsaylı xalqların folkloru şöbəsinin müdiri Sərraf Talıbın “Ədəbi varislik zənciri: Lənkəran ədəbi mühiti Azərbaycan ədəbiyyatı müstəvisində” adlı kitabı çapdan çıxıb.
Elmi-publisistik məqalələr toplusuna 2020-ci ildən etibarən müxtəlif illərdə Polşada yayımlanan “POLİSH JOURNAL OF SCIENCE”, “Colloquium-jornal”, RF-də “Kulturologia, iskusstvovedenie i filologia: sovremennye vzglady i nauçnye issledovania” onlayn jurnal və nəşrlərdə, eləcə də AMEA-nın “Elm və həyat”, AYB-nin Lənkəran Bölməsinin “Şəfəq” jurnallarının ayrı-ayrı saylarında dərc olunmuş, müxtəlif elmi konfrans materiallarına salınmış məqalələrin əksəriyyəti daxil edilib. Kitab “Filoloji - nəzəri araşdırmalar”, “Folklor və etnoqrafiya” və “Elmi-publisistik yazılar” adlı 3 fəsildən ibarətdir.
Kitabın rəyçiləri fəlsəfə doktorları dosent Elşad Səfərli və Cəmil Quliyev, elmi redaktoru və ön sözün müəllifi fəlsəfə doktoru, dosent Esmira İsmayılova, redaktorları fəlsəfə doktoru, dosent Sevinc Hüseynova və yazıçı-publisist, AYB-nin üzvü İltifat Əhmədovdur.
Əli NƏCƏFXANLI
XQ

