“Gül dəftəri”

post-img

Cinas bayatılar ustadı kimi tanınan klassik şair Sarı Aşığın “Gül dəftəri” kitabı 3-cü dəfə çap olunub.

Şair İlham Qəhrəmanın tərtib etdiyi yeni nəşr AMEA Folklor İnstitutu Elmi Şurasının qərarı ilə işıq üzü görüb. Təkmilləşdirilmiş topluda Sarı Aşığa məxsus müxtəlif mənbələrdən götürülmüş 1018 bayatı, 8 qoşma (2 təcnis), 33 bayatı-tapmaca və bağlamalar yer alıb.

Tərtibçi istifadə etdiyi qaynaqlara tənqidi yanaşıb, çoxsaylı deyim və sözlərə, dini-mifoloji məfhumlara, xüsusi adlara aydınlıq gətirib, cinasları düzgün və anlaşıqlı şəkildə təqdim edib. Sarı Aşığın irsi bu kitabla oxuculara tam şəkildə çatdırılır.

Əvvəlki toplulardan fərqli olaraq 3-cü nəşrə Haqq Aşığının 2 mənbədən götürülmüş 21 bayatısı əlavə edilib və indiyə qədər cavabsız qalmış bağlama və tapmacaların bir çoxunun açması düzgün qeyd olunub. Eyni zamanda, oxucular kitabda Sarı Aşıq haqqında el arasında yayılmış rəvayətlərlə də tanış ola biləcəklər.

Geniş oxucu kütləsi üçün nəzərdə tutulmuş nəşrin redaktoru filologiya üzrə fəlsəfə doktoru Məsiağa Məhəmmədidir.

Əli NƏCƏFXANLI
XQ

Mədəniyyət