Dahilərə sənət həyatı vermiş heykəltaraş

post-img

“Borçalı” İctimai Birliyinin təşkilatçılığı ilə Atatürk Mərkəzində tanınmış heykəltaraş, Azərbaycan Rəssamlar İttifaqının üzvü Cümşüd İbrahimlinin 85 illik yubiley mərasimi keçirilib.

“Borçalı” İctimai Birliyinin sədri, şair-publisist Dəyanət Osmanlı qocaman sənətkarın yaradıcılıq yolundan danışaraq qeyd edib ki, heykəltaraşın əsərlərində və layihələrində modern düşüncə ilə ənənəvi üsulub vəhdət təşkil edir. “Babək”, “Koroğlu”, “Pənahəli xan”, “Nizami Gəncəvi”, “Nuru Paşa”, “Atatürkün salamı”, “Niyazi”, “M.Ə.Sabir”, “Planetin harayı”, “Rəşid Behbudov”, “Səttar Bəhlulzadə” və s. çoxsaylı abidə, büst və barelyef nümunələrində Vətən, torpaq sevgisi, xalqımızın qəhrəmanlıq tarixinə, görkəmli şəxsiyyətlərə sayğı əksini tapıb: “Heykəltaraşın bu günümüzlə səsləşən layihə-eskiz modellərindən biri isə hələ 1991-ci ildə hazırladığı “Pənahəli xan” atlı monumental abidəsidir. Şuşa şəhəri üçün nəzərdə tutulan əsərdə Pənahəli Xan şahə qalxmış Qəmər atın belində, bir əlində qalxan, bir əlində sıyrılmış qılınc təsvir olunub. Cümşüd İbrahimli bu gün də həmişəki yaradıcılıq əzmini qoruyub saxlayır və həvəslə yeni abidə layihələri üzərində işləyir”.

BDU-nun kafedra müdiri, dosent Knyaz Aslan heykəltaraş Cümşüd İbrahimlinin yaradıcılıq yolunun əlamətdar, milli-mənəvi dəyərlərə bağlı olduğunu deyib: “Onun toxunduğu mövzular milli və bəşəri səciyyə daşıyır, əsərlərində tariximizin, tarixi şəxsiyyətlərimizin ruhunu səmimiyyətlə anır, xatirəsini ustalıqla daşın yaddaşına köçürür”.

Digər çıxış edənlər də Cümşüd İbrahimli sənət yolu barədə fikirlərini, onun vətənə bağlılığından, milli heykəltaraşlığa verdiyi töhfələrdən söhbət açıblar.

Sonda yubiliyara “Borçalı” İctimai Birliyinin “Borçalının fəxri” diplomu təqdim olunub.

XQ

Mədəniyyət