Postmünaqişə dövrünün beynəlxalq təcrübəsi və milli modeli
Vətən və torpaq nisgili çox acı duyğudur. Ona öyrəşmək, qəbul etmək və qaçılmaz gerçəklik kimi bir ömür içində yaşatmaq ağır dərddir. XIX əsrin əvvəllərindən başlayaraq Azərbaycan torpaqlarının çar Rusiyasının şovinist siyasəti nəticəsində erməniləşdirilməsi prosesinə başlandı. Bu müdhiş siyasət XX əsrin əvvəlində, ortasında və sonuna yaxın, bu dəfə artıq formal rol dəyişikliyi ilə – sovet-kommunist rejiminin əli ilə təkrarlandı. Üst-üstə milyondan artıq insan doğulub-böyüdüyü, əkib-becərdiyi, babalarının ruhunun uyuduğu torpaqları tərk etmək məcburiyyətini yaşadı.
Bu gün tarixin geosiyasi oxu dəyişib, 44 günlük müharibədəki böyük Zəfər Qarabağı öz həqiqi sakinlərinə qaytardı, bütün ərazilərimizdə müstəqil Azərbaycanın suveren hüquqları bərpa edildi, nəticə etibarilə məcburi köçkünlərin yurd yerlərinə qayıtmaq istəyi reallaşdı.
Bəs Qərbi Azərbaycandan qovulmuş qaçqınların taleyi necə olacaq?
Beynəlxalq hüquq ləyaqətli qayıdışın yolları barədə ən yaxın tarixin təcrübəsinə əsaslanaraq konkret yol xəritəsi müəyyənləşdirir. Lakin unutmayaq ki, bu elə həmin beynəlxalq hüquqdur ki, torpaqlarımızın 20 faizinin işğal edilməsinə göz yumub 30 illik letargiya yuxusuna getmişdi.
Hələ XVII əsrdə dahi fransız alimi Blez Paskal deyirdi ki, həqiqəti ölçmək mümkün deyil, gücü ölçmək olur. Güc haradadırsa, həqiqət də oradadır.
Azərbaycanın üç on ildən bəri içində olduğu haqsız və ikili standartlı dünyanın XIX əsrdən bəri dəyişməmiş “həqiqətini” ifşa edən Azərbaycan Prezidenti İlham Əliyev 2026-cı ilin əvvəlində təxminən eyni fikirləri səsləndirərək söyləmişdir ki, bugünkü dünyada beynəlxalq hüquq deyilən məsələ yoxdur, güc var, əməkdaşlıq var...
Beynəlxalq hüquqda qayıdış doktrinası
Müasir beynəlxalq hüquq sistemində qayıdış hüququ postmünaqişə tənzimlənməsinin mərkəzi institutlarından biri kimi çıxış edir. XX əsrin sonu – XXI əsrin əvvəllərində baş vermiş regional münaqişələr nəticəsində milyonlarla insanın məcburi köçkün və qaçqın statusu alması bu hüququn yalnız normativ deyil, həm də praktik əhəmiyyətini artırmışdır. Qayıdış hüququnun effektiv həyata keçirilməsi isə onun yalnız beynəlxalq sənədlərdə təsbit olunması ilə deyil, kompleks hüquqi və institusional mexanizmlərlə təmin edilməsindən asılıdır.
Qərbi azərbaycanlıların öz tarixi torpaqlarına qayıdışı beynəlxalq hüququn fundamental prinsiplərinə söykənən hüquqdur. Beynəlxalq hüquqda qayıdış hüququnun normativ əsasları Ümumdünya İnsan Hüquqları Bəyannaməsi (1948), Mülki və Siyasi Hüquqlar haqqında Beynəlxalq Pakt (1966), eləcə də regional hüquqi sənədlərdə təsbit olunmuşdur. Bununla yanaşı, Avropa İnsan Hüquqları Məhkəməsinin presedent hüququ və BMT mexanizmləri bu hüququn tətbiq sahəsini genişləndirmiş və onun doktrinal əsaslarını dərinləşdirmişdir.
Qayıdış hüququ müasir beynəlxalq insan hüquqları institutunun fundamental kateqoriyalarından biri olub, şəxsin əvvəlki yaşayış yerlərinə – o cümlədən mənşə ərazisinə, daimi yaşayış yerinə və ya mülkiyyətinə qayıtmaq imkanını təsbit edən universal hüquqi norma kimi nəzərdən keçirilir. Beynəlxalq-hüquqi doktrinada bu hüquq ayrı-seçkiliyin qadağan olunması prinsipi, mülkiyyət hüququnun müdafiəsi, şəxsi və ailə həyatına hörmət hüququ, eləcə də şəxsin öz mənşə ərazisində yaşamaq imkanından özbaşına məhrum edilməsinin yolverilməzliyi ilə sıx bağlıdır.
Qayıdış hüququnun doktrinasının formalaşması İkinci Dünya müharibəsindən sonra beynəlxalq insan hüquqları institutununu inkişafı kontekstində baş vermişdir. Bu hüququ təsbit edən ilk beynəlxalq aktlardan biri, yuxarıda da qeyd etdiyimiz kimi, 1948-ci il tarixli Ümumdünya İnsan Hüquqları Bəyannaməsi olmuşdur. Həmin sənədin 13-cü maddəsinin 2-ci bəndinə əsasən, hər bir şəxs istənilən ölkəni, o cümlədən öz ölkəsini tərk etmək və ölkəsinə qayıtmaq hüququna malikdir. Beynəlxalq-hüquqi doktrinada bu norma qayıdış hüququ institutunun sonrakı inkişafının əsasını təşkil edən baza prinsipi kimi qiymətləndirilir.
Qayıdış hüququnun daha konkret hüquqi ifadəsi 1966-cı il tarixli Mülki və Siyasi Hüquqlar haqqında Beynəlxalq Paktda öz əksini tapmışdır. Bu sənədin 12-ci maddəsinin 4-cü bəndinə əsasən, heç kəs öz ölkəsinə daxil olmaq hüququndan özbaşına məhrum edilə bilməz. Hüquqi doktrinada vurğulanır ki, “öz ölkəsi” anlayışı daha geniş məna daşıyır və yalnız vətəndaşlıq əsasında deyil, həm də daimi yaşayış yeri və ya mənşə ilə bağlılığı əhatə edə bilər. Bu yanaşma qayıdış hüququnun tətbiq sahəsini genişləndirir və onu məcburi köçkünlərə də şamil etməyə imkan verir.
Qayıdış hüququnun tənzimlənməsində regional beynəlxalq hüquq mexanizmləri də mühüm rol oynayır. İnsan Hüquqlarının və Əsas Azadlıqların Müdafiəsi haqqında Avropa Konvensiyasında bu hüquq ayrıca norma kimi birbaşa təsbit olunmasa da, onun təminatları bir sıra müddəaların sistemli şərhi nəticəsində formalaşır. Bunlara Konvensiyanın 8-ci maddəsi (şəxsi və ailə həyatına hörmət hüququ), 1 saylı Protokolun 1-ci maddəsi (mülkiyyət hüququnun müdafiəsi), eləcə də 4 saylı Protokolun 3-cü maddəsi (vətəndaşların ölkədən çıxarılmasının qadağan olunması və öz ölkəsinə daxil olmaq hüququ) daxildir.
Qayıdış hüququ doktrinasının inkişafında qaçqınların və məcburi köçkünlərin mənzil və mülkiyyət hüquqlarının bərpasına dair beynəlxalq prinsiplər — Pinheiro prinsipləri mühüm rol oynayır. Bu prinsiplərə əsasən, qaçqınlar və məcburi köçkünlər könüllü şəkildə öz evlərinə, torpaqlarına və yaşayış yerlərinə qayıtmaq hüququna malikdirlər, dövlətlər isə bu hüquqların bərpasını və ya adekvat restitusiya təmin etməlidirlər.
Müasir beynəlxalq-hüquqi doktrinada qayıdış hüququ zaman baxımından məhdudlaşdırılmayan, yəni “davam edən hüquq” kimi nəzərdən keçirilir. Bu o deməkdir ki, həmin hüququn pozuntusu şəxs öz hüquqlarını bərpa edənədək davam edir. Bu yanaşma beynəlxalq məhkəmə orqanlarının, xüsusilə Avropa İnsan Hüquqları Məhkəməsinin praktikasında öz təsdiqini tapmışdır. Məhkəmə mülkiyyətə və əvvəlki yaşayış yerinə çıxışın olmamasını davam edən hüquq pozuntusu kimi qiymətləndirir. Eyni məntiq Qərbi azərbaycanlıların qayıdışını və əmlak iddialarını hüquqi cəhətdən legitimləşdirir.
Restitusiya və mülkiyyət hüququnun bərpası
Məlumdur ki, zorən deportasiyaya məruz qalmış, qovulmuş yüz minlərlə soydaşımızın Qərbi Azərbaycan adlandırdığımız torpaqlarda ev-eşiyi, mülkü, təsərrüfatı qalıb. Bəs qayıdış onların mülkiyyət hüquqlarının bərpasını, maddi zərərin ödənilməsi kimi təbii tələbləri nəzərdə tuturmu? – Qayıdış hüququnun real məzmun kəsb etməsi onun mülkiyyət hüququ ilə qarşılıqlı əlaqəsindən birbaşa asılıdır. Beynəlxalq hüquq təcrübəsi göstərir ki, məcburi köçürülmə, deportasiya və ya silahlı münaqişələr nəticəsində əhalinin əvvəlki yaşayış yerlərini tərk etməsi, bir qayda olaraq, həmin şəxslərin daşınmaz və daşınar əmlak üzərində hüquqlarının pozulması ilə müşayiət olunur. Bu baxımdan beynəlxalq hüquqi doktrinada qayıdış hüququ mülkiyyət hüququnun bərpası ilə sıx bağlı kompleks hüquqi mexanizm kimi nəzərdən keçirilir. Bir əsrdə qismətinə dörd dəfə deportasiya yazılmış Qərbi azərbaycanlı soydaşlarımızın həmin hüquqlarının bərpası da qayıdış ideyasının əsas məqsədlərindən birini təşkil edir.
Beynəlxalq hüquqi praktikada mülkiyyət hüququnun pozulması hallarında əsas bərpa mexanizmi kimi restitusiya prinsipi tətbiq edilir. Restitusiya pozulmuş hüquqların əvvəlki vəziyyətə qaytarılmasını nəzərdə tutur və beynəlxalq hüquqda kompensasiyaya nisbətən üstün mexanizm hesab olunur. Bu yanaşma beynəlxalq hüququn ümumi prinsiplərindən biri kimi qəbul edilir və dövlət məsuliyyəti ilə bağlı doktrinalarda da öz əksini tapmışdır. Restitusiya mexanizminin mahiyyəti ondan ibarətdir ki, hüquq pozuntusunun nəticələri mümkün qədər aradan qaldırılmalı və zərərçəkmiş şəxsin əvvəlki hüquqi vəziyyəti bərpa edilməlidir.
Avropa İnsan Hüquqları Məhkəməsinin presedent hüququ da restitusiya mexanizminin əhəmiyyətini təsdiq edir. Məhkəmə bir sıra qərarlarında şəxslərin mülkiyyətə çıxış imkanının olmamasını davam edən hüquq pozuntusu kimi qiymətləndirmişdir. Bu yanaşma, apriori, Qərbi azərbaycanlıların mülkiyyət hüququnun zaman baxımından məhdudlaşmadığını və hüququn bərpasına qədər pozuntunun davam etdiyini göstərir.
Qərbi Azərbaycandan qovulmuş soydaşlarımızın kompensasiya tələbi də aktualdır və hüquqi aktlarla dəstəklənir. Kompensasiya beynəlxalq hüquqda restitusiya mümkün olmadıqda tətbiq edilən subsidiar mexanizm kimi çıxış edir. Beynəlxalq hüquqi yanaşmaya görə kompensasiya əsas mexanizm olmasa da, əlavə vasitə kimi çıxış edir. Bu yanaşma beynəlxalq sənədlərdə və məhkəmə presedentlərində də öz əksini tapmışdır.
Beləliklə, beynəlxalq hüquqda mülkiyyət hüququ və restitusiya mexanizmi qayıdış hüququnun həyata keçirilməsinin əsas elementlərindən biri kimi çıxış edir. Bu mexanizm, həmçinin Qərbi Azərbaycandan qovulmuş soydaşlarımızın əvvəlki yaşayış yerlərinə qayıtmasının hüquqi əsasını yaradır, mülkiyyət hüquqlarının bərpasını təmin edir və postmünaqişə dövründə hüquqi sabitliyin formalaşmasına xidmət edir.
Postmünaqişə dövrünün qayıdış təcrübəsi
Qərbi Azərbaycana ləyaqətli və hüquqi qayıdışdan bəhs edərkən onun hansı təcrübə əsasında reallaşdırıla biləcəyi imperativi ilə qarşılaşırıq. Beynəlxalq hüquq bununla bağlı müəyyən “reseptlər” təklif edir.
Postmünaqişə qayıdış mexanizmlərinin formalaşmasında Bosniya və Herseqovina modeli beynəlxalq hüquqi praktikada ən sistemli və institusional nümunələrdən biri hesab olunur. 1992–1995-ci illər Bosniya münaqişəsi nəticəsində əhalinin kütləvi şəkildə məcburi köçürülməsi, etnik təmizləmə siyasəti və mülkiyyət hüquqlarının geniş miqyasda pozulması beynəlxalq ictimaiyyəti qayıdış və restitusiya mexanizmlərinin hüquqi əsaslarını formalaşdırmağa sövq etmişdir.
Bosniya modelinin hüquqi əsasını 1995-ci il Dayton Sülh Sazişinin 7-ci Əlavəsi təşkil edir. Həmin sənəd qaçqınların və məcburi köçkünlərin öz əvvəlki yaşayış yerlərinə qayıtmaq hüququnu təsbit etmişdir. Bu modelin mühüm xüsusiyyəti ondan ibarətdir ki, qayıdış hüququ yalnız siyasi bəyanat kimi deyil, konkret institusional mexanizmlərlə təmin olunmuşdur.
Bosniya və Herseqovina modeli beynəlxalq hüquqi praktikada qayıdış hüququnun həyata keçirilməsi üçün kompleks mexanizm kimi çıxış edir. O qayıdış hüququnun normativ təsbitini, mülkiyyət hüquqlarının bərpasını, beynəlxalq nəzarət mexanizmlərini və təhlükəsizlik təminatlarını birləşdirən sistemli yanaşma təqdim edir. Bu səbəbdən Bosniya modeli postmünaqişə qayıdışın hüquqi arxitekturasının formalaşmasında mühüm presedent kimi qiymətləndirilir.
Qərbi Azərbaycan nümunəsinə tətbiq etdikdə Bosniya modelinə əsaslanan birinci mərhələ normativ-hüquqi tanınma və siyasi çərçivəni nəzərdə tutur. Məqsəd Qərbi azərbaycanlıların qayıdış hüququnun beynəlxalq hüquq subyekti kimi rəsmən tanınması və Ermənistanın bu hüquqa dair öhdəliklərinin hüquqi çərçivəyə salınmasından ibarətdir.
Əsas addımlar hansılar ola bilər? Qayıdış hüququnun ikitərəfli sülh sazişi layihələrinə, beynəlxalq vasitəçilik sənədlərinə, BMT və ya ATƏT çərçivəli razılaşmalara daxil edilməsi təsirli normativ mexanizm kimi dəyərləndirilə bilər.
Kosovo modeli postmünaqişə qayıdışın beynəlxalq hüquqi mexanizmlərinin formalaşmasında mühüm əhəmiyyət kəsb edir. 1998–1999-cu illər münaqişəsi nəticəsində Kosovo ərazisində genişmiqyaslı məcburi köçürülmə baş vermiş, yüz minlərlə insan öz yaşayış yerlərini tərk etmişdir. Münaqişədən sonra qayıdış hüququnun təmin edilməsi, mülkiyyət hüquqlarının bərpası və əhalinin əvvəlki yaşayış yerlərinə reinteqrasiyası beynəlxalq idarəetmə mexanizmlərinin əsas istiqamətlərindən biri olmuşdur.
Kosovo modelinin hüquqi əsasını BMT Təhlükəsizlik Şurasının 1244 saylı qətnaməsi təşkil edir. Sənəddə qeyd olunur ki, münaqişə nəticəsində köçürülmüş bütün şəxslərin öz evlərinə qayıtmaq və mülkiyyət hüquqlarını bərpa etmək hüququ təmin edilməlidir.
Qərbi Azərbaycan kontekstində də qayıdışın ilkin mərhələlərində beynəlxalq monitorinq missiyasının iştirakı, hüquq-mühafizə orqanlarının fəaliyyətinə nəzarət, minalardan və hərbi qalıqlardan təmizləmə, zorakılıq və diskriminasiya hallarına qarşı sürətli hüquqi müdaxilə mexanizmləri olmadan repatriasiyanın davamlı və təhlükəsiz olması mümkün deyil. Belə bir yanaşma qayıdış hüququnun yalnız formal hüquq kimi deyil, davamlı sosial proses kimi həyata keçirilməsinin zəruriliyini göstərmişdir.
Növbəti addım kimi “Qərbi Azərbaycanlıların Qayıdışı üzrə Bəyannamə” tipli normativ sənədin qəbulu məqsədəuyğun sayıla bilər ki, o da özündə könüllü, təhlükəsiz və ləyaqətli qayıdışın tanınması, diskriminasiyanın yolverilməzliyi, mülkiyyət hüquqlarının qorunması kimi həlqələri ehtiva etmiş olardı.
Kipr modeli postmünaqişə qayıdışın beynəlxalq hüquqi praktikası çərçivəsində xüsusi yer tutur. 1974-cü il hadisələrindən sonra adanın faktiki bölünməsi nəticəsində həm yunan, həm də türk icmalarına mənsub əhali kütləvi şəkildə köçürülmüş, mülkiyyət hüquqları geniş miqyasda pozulmuşdur.
Kipr modelinin əsas xüsusiyyəti ondan ibarətdir ki, burada qayıdış və restitusiya məsələləri birbaşa beynəlxalq məhkəmə presedentləri vasitəsilə inkişaf etmişdir. Bu baxımdan Avropa İnsan Hüquqları Məhkəməsinin qərarları həlledici rol oynamışdır. Xüsusilə Loizidou işi bu sahədə fundamental presedent hesab olunur. Məhkəmə bu işdə qərara gəlmişdir ki, mülkiyyətə çıxışın uzun müddət məhdudlaşdırılması davam edən hüquq pozuntusu təşkil edir və bu hüquq zamanla qüvvədən düşmür.
Modelin təhlili göstərir ki, postmünaqişə qayıdışın hüquqi mexanizmləri müxtəlif formalarda həyata keçirilə bilər. Bu modeldə bir tərəfdən beynəlxalq məhkəmə presedentləri, digər tərəfdən isə daxili institusional mexanizmlər paralel şəkildə fəaliyyət göstərir.
Bu məntiq Qərbi azərbaycanlıların vəziyyətinə də tam şəkildə tətbiq edilə bilər.
Bosniya və Herseqovina, Kosovo və Kipr modellərinin müqayisəli hüquqi təhlili göstərir ki, postmünaqişə qayıdışın beynəlxalq-hüquqi arxitekturası vahid universal normativ baza üzərində formalaşsa da, onun tətbiqi konkret siyasi, institusional və təhlükəsizlik şərtlərindən asılı olaraq müxtəlif formalarda reallaşır. Bu modellərin hər biri qayıdış hüququnun həyata keçirilməsi üçün fərqli hüquqi mexanizmlər təqdim etsə də, onların əsasında eyni fundamental prinsiplər dayanır.
Bu təhlil qayıdış hüququnun beynəlxalq hüquqda həm normativ, həm də tətbiqi xarakter daşıyan kompleks institut olduğunu təsdiq etməklə Qərbi Azərbaycana postmünaqişə qayıdışın hüquqi arxitekturasını formalaşdıran əsas presedent kimi çıxış edə bilər. Təqdim etdiyimiz modellər göstərir ki, qayıdış hüququnun reallaşdırılması yalnız hüquqi normaların mövcudluğu ilə deyil, onların institusional və praktik icra mexanizmləri ilə təmin olunmalıdır. Belə bir nəticə postmünaqişə reallıqlarında qayıdış hüququnun həyata keçirilməsi üçün konseptual hüquqi çərçivənin formalaşdırılmasında əsas metodoloji baza kimi çıxış edə bilər.
Qərbi Azərbaycana qayıdışın hüquqi modeli
Qayıdış hüququnun beynəlxalq hüquqda normativ şəkildə təsbit olunması onun konkret münaqişə kontekstlərində avtomatik reallaşmasını təmin etmir. Müasir beynəlxalq təcrübə göstərir ki, bu hüququn effektivliyi yalnız onun mövcudluğu ilə deyil, hansı hüquqi və institusional mexanizmlər vasitəsilə həyata keçirilməsi ilə müəyyən olunur. Bu baxımdan Qərbi azərbaycanlıların qayıdışı problemi klassik insan hüquqları kateqoriyasından çıxaraq, kompleks hüquqi innovasiya, “mühəndislik” tələb edən xüsusi hal, normativ hüququn icraedici mexanizmə transformasiyası problemi kimi nəzərdən keçirilməlidir.
Qərbi azərbaycanlıların qayıdış hüququnun əsaslandırılması yalnız klassik “öz ölkəsinə qayıtmaq hüququ” anlayışı ilə məhdudlaşmır. 1966-cı il tarixli Mülki və Siyasi Hüquqlar haqqında Beynəlxalq Paktın 12(4)-cü maddəsində istifadə olunan “öz ölkəsi” anlayışı beynəlxalq hüquqi doktrinada geniş interpretasiya olunur və yalnız formal vətəndaşlıqla deyil, faktiki və davamlı bağlılıqla izah edilir. Məhz belə bir geniş interpretasiya Qərbi Azərbaycan kontekstində hüquqi əsaslandırmanın əsasını təşkil edir. Çünki bu yanaşma qayıdış hüququnu yalnız dövlət-vətəndaş münasibəti çərçivəsində deyil, ərazi, mülkiyyət və sosial bağlılıq əsasında formalaşan hüquq kimi təqdim etməyə imkan verir.
Bundan əlavə, beynəlxalq məhkəmə praktikasında formalaşmış “davam edən pozuntu” doktrinası bu hüququn zaman baxımından məhdudlaşdırılmadığını təsdiq edir. Xüsusilə Avropa İnsan Hüquqları Məhkəməsi tərəfindən qəbul edilmiş Loizidou və Cyprus işləri üzrə qərarlar göstərir ki, mülkiyyətə çıxışın və əvvəlki yaşayış imkanının məhdudlaşdırılması yalnız keçmişdə baş vermiş fakt deyil, davam edən hüquq pozuntusudur. Bu yanaşma Qərbi azərbaycanlıların qayıdış hüququnun hüquqi baxımdan “köhnəlmiş iddia” kimi deyil, aktual və davam edən hüquq tələbi kimi irəli sürülməsinə imkan yaradır. Qayıdış hüququnun icrası yalnız onun subyektlərinin dəqiq müəyyən edildiyi təqdirdə mümkündür. Əks halda, hüquq abstrakt kateqoriya olaraq qalır. Beynəlxalq təcrübə göstərir ki, bu mərhələ hüquqi baxımdan ən mürəkkəb və eyni zamanda ən həssas mərhələdir.
Bosniya və Kosovo təcrübəsi sübut edir ki, belə hallarda xüsusi verifikasiya mexanizmləri yaradılmadan qayıdış prosesi hüquqi baxımdan qeyri-müəyyən qalır. Mülkiyyət sənədlərinin, arxiv məlumatlarının və yaşayış faktının sübut edilməsi yalnız texniki məsələ deyil, hüquqi legitimliyin əsas elementidir.
Qayıdış hüququnun dərhal və kütləvi şəkildə həyata keçirilməsi nəzəri cəhətdən mümkün görünsə də, praktikada bu yanaşma ciddi risklər yaradır. Bu səbəbdən beynəlxalq təcrübədə mərhələli qayıdış modeli üstünlük təşkil edir. Bu modelin hüquqi məntiqi ondan ibarətdir ki, hüququn realizəsi sosial sabitliyi pozmamalıdır. Bosniya və Kosovo təcrübəsi göstərir ki, ilkin mərhələdə məhdud sayda qayıdışın həyata keçirilməsi hüquqi mexanizmlərin sınaqdan keçirilməsinə və risklərin qiymətləndirilməsinə imkan yaradır.
Mərhələli qayıdış burada yalnız praktik zərurət deyil, hüquqi əsaslandırılmış model kimi çıxış edir.
Qayıdış hüququnun reallaşması, qeyd etdiyimiz kimi, mülkiyyət hüququnun bərpası olmadan mümkün deyil. Beynəlxalq hüquqda restitusiya hüquq pozuntusunun nəticələrinin aradan qaldırılmasının əsas forması kimi qəbul edilir.
AİHM-in Demopoulos qərarında vurğulandığı kimi, kompensasiya yalnız subsidiar xarakter daşıyır və restitusiya prinsipini əvəz edə bilməz. Bu yanaşma göstərir ki, qayıdış hüququnun reallaşması yalnız fiziki qayıdış deyil, həm də mülkiyyət və sosial bağlılığın bərpası deməkdir.
Beləliklə, mülkiyyət hüququ qayıdış modelinin mərkəzi elementi kimi çıxış edir.
Qayıdış hüququnun klassik insan hüquqlarından fərqli xüsusiyyəti onun təhlükəsizlik mühitindən asılı olmasıdır. Beynəlxalq təcrübə göstərir ki, təhlükəsizlik təmin edilmədən qayıdış hüququ, faktiki olaraq, həyata keçirilə bilmir. Bu baxımdan beynəlxalq iştirak (monitorinq, sülhməramlı mexanizmlər, hüquqi nəzarət) hüququn reallaşmasının ayrılmaz elementi kimi çıxış edir. Bu yanaşma qayıdış hüququnun yeni doktrinal interpretasiyasını formalaşdırır: qayıdış hüququ təhlükəsizliklə şərtlənən hüquqdur
Bu baxımdan Qərbi Azərbaycan modeli hüquqi, institusional və siyasi elementlərin balansına əsaslanmalıdır. Bu isə qayıdış hüququnun yalnız hüquq deyil, idarə olunan hüquqi proses olduğunu göstərir.
Qərbi Azərbaycan kontekstində təklif olunan model bu yanaşmanı tətbiq edərək hüquqi legitimlik (normativ baza və presedentlər); subyektlərin müəyyənləşdirilməsi (verifikasiya); mərhələli icra (hüquqi realizm); restitusiya (hüquqi bərpa); beynəlxalq təminat (təhlükəsizlik və nəzarət) və institusional idarəetmə (prosesin koordinasiyası) prinsiplərinə əsaslanır. Belə bir yanaşma qayıdış hüququnu abstrakt hüquqdan çıxararaq idarəolunan hüquqi prosesə çevirir. Məhz bu mənada, Qərbi Azərbaycan modeli beynəlxalq hüququn ümumi prinsiplərinin konkret regional tətbiq forması kimi çıxış edir və qayıdış hüququnun praktik realizəsi üçün konseptual əsas yaradır. Bu modelin əsas xüsusiyyəti onun normativ deyil, funksional xarakter daşımasıdır.
Beləliklə, Qərbi Azərbaycan kontekstində qayıdış hüququ yalnız siyasi tələb deyil, beynəlxalq hüquq çərçivəsində əsaslandırılmış və həyata keçirilə bilən kompleks hüquqi model kimi təqdim olunur. O müasir beynəlxalq hüquqda insan hüquqlarının bərpası ilə yanaşı, postmünaqişə sabitliyinin və regional təhlükəsizliyin təmin edilməsində mühüm rol oynayan əsas hüquqi institutlardan biri kimi çıxış edir.
Xalid NİYAZOV,
Bakı Dövlət Universiteti “Qərbi Azərbaycan Araşdırmaları Mərkəzi”nin direktoru, siyasi elmlər doktoru

