Bizi Telegram-da da izləyə bilərsiniz:@xqazeti
Alimlər kosmik fəlakətlər tarixində nadir ulduz ölümünün ən inandırıcı nümunələrini ortaya çıxarıblar. Müəyyən edilib ki, nəhəng bir ulduzun partlayışı elə bir güclü dalğa yaradıb ki, özündən sonra heç bir qalıq qoymadan göy cismini tamamilə yox edib. Kornell Universitetinin arxivində yayımlanan elmi hesabata istinadən xəbər verilir ki, "SN 2023vbw" adlı bu supernovanın (ulduz partlayışının) müşahidəsi astronomiyada onilliklərdir nəzəriyyə olaraq proqnozlaşdırılan, lakin real sübutu tapılmayan "cüt qeyri-sabit" supernovaların mövcudluğunu rəsmən təsdiqləyə bilər.
Adətən, kütləsi Günəşdən yüzlərlə dəfə böyük olan ağır ulduzlar partladıqdan sonra daxildə neytron ulduzu və ya qara dəlik saxlayırlar. Lakin həddindən artıq nəhəng nüvəyə malik ulduzlarda fərqli ssenari baş verir; onların daxilində qamma şüaları elektron və pozitron cütlərinə çevrilir. Nəticədə ulduzu tarazlıqda saxlayan daxili təzyiq düşür, nüvə sürətlə sıxılır və temperatur kəskin artaraq idarəolunmaz termonüvə reaksiyasını başladır. Bu zaman ulduz heç bir kompakt qalıq buraxmadan tamamilə dağılır və bu proses elmdə cüt qeyri-sabitlik adlanır.
Sözügedən "SN 2023vbw" obyekti ağır kimyəvi elementlərlə kasıb olan kiçik bir cırtdan qalaktikanın kənarında aşkarlanıb. Məhz bu cür şərait ekstremal kütləli ulduzların formalaşması üçün əlverişli mühit sayılır. İlk müşahidələr bu supernovanın qeyri-adi davrandığını göstərib: onun parlaqlığı digər supernovalar kimi bir neçə həftəyə deyil, təxminən 190 günə maksimum həddə çatıb və buraxdığı ümumi şüalanma enerjisi tipik partlayışlardan 10 dəfə çox olub.
Florida Universitetinin alimi Dayti Hiramatsunun rəhbərlik etdiyi beynəlxalq tədqiqat qrupu kosmik obyektin təbiətini anlamaq üçün parlaqlığın zamandan asılılıq modelini qurub. Hesablamalar göstərib ki, partlayış zamanı kosmosa atılan maddənin kütləsi Günəşin kütləsindən 170-350 dəfə çoxdur və tərkibində işıqlanmanı dəstəkləyən külli miqdarda radioaktiv nikel var. Astronomlar həmçinin ulduzun partlamazdan əvvəl ətrafına diskşəkilli sıx qaz təbəqəsi atdığını və zərbə dalğasının bu qaza çırpılaraq parlaqlığı daha da artırdığını müəyyən ediblər. Hazırda kifayət qədər parlaq qalan bu obyekti gələcəkdə yeni nəsil teleskoplarla daha dərindən öyrənmək planlaşdırılır.
Ə.Arzu
XQ

