Aktinilər insanlarla eyni bioloji mexanizmdən istifadə edirlər

post-img

Bizi Telegram-da da izləyə bilərsiniz:@xqazeti

Aktinilər xarici görünüşcə sadə, radial (şüalı) quruluşlu orqanizmlər kimi görünsələr də, daxili strukturları başı və quyruğu olan mürəkkəb heyvanların bədən quruluşunu xatırladır. Vyana Universitetinin alimlərinin apardıqları tədqiqat göstərib ki, dəniz anemonları öz bədənlərini nizamına salmaq üçün sümük morfogentik zülallarının (BMP) yerdəyişmə mexanizmindən istifadə edirlər. Bu proses insan da daxil olmaqla bir çox onurğalı heyvanda bədən oxlarının formalaşmasına cavabdehdir ki, bu da sadə və mürəkkəb orqanizmlər arasında dərin təkamül bağlılığının olduğunu sübut edir.

Avstriyalı mütəxəssislər elmi təcrübələr zamanı xüsusi dəniz anemonu növü olan Nematostella vectensis üzərində araşdırma aparıblar. Alimlər bədəndə "Chordin" adlı molekulun sintezini bloklayıblar və nəticədə canlının ikinci bədən oxunun formalaşmasının tamamilə dayandığını müşahidə ediblər. Daha sonra ekspertlər orqanizmə bu molekulun müxtəlif formalarını daxil edərək müəyyən ediblər ki, yalnız sərbəst hərəkət edə bilən fərqli versiya orqanizmdə lazımi bioloji siqnalları yenidən bərpa edir.

Bu kəşf bədən quruluşunun formalaşmasını təmin edən həmin mexanizmin planetimizdə nə dərəcədə qədim tarixə malik olduğunu ortaya qoyur. Alimlərin növbəti hədəfi bu mexanizmin həyatın təkamül tarixində nə qədər dərindən kök saldığını anlamaq üçün "BMP" zülallarının izini daha sadə canlılarda axtarmaq olacaq.

Ə.ARZU
XQ

Maraqlı