MegaSec MMC Özbəkistanın Rəqəmsal Texnologiyalar Naziri ilə strateji görüş keçirib

post-img

Bizi Telegram-da da izləyə bilərsiniz:@xqazeti

MegaSec şirkətinin direktoru Qabil Qasımovun rəhbərlik etdiyi nümayəndə heyəti Özbəkistan Respublikasının Rəqəmsal Texnologiyalar Naziri Şerzod Şermatov ilə strateji görüş keçirib.

XQ xəbər verir ki, görüş zamanı kibertəhlükəsizlik, süni intellekt texnologiyaları və informasiya infrastrukturunun mühafizəsi sahələrində əməkdaşlıq imkanları geniş şəkildə müzakirə olunub.

Son illər Azərbaycan rəqəmsal transformasiya və kibertəhlükəsizlik sahəsində aparıcı ölkələrdən birinə çevrilib. Dövlət səviyyəsində formalaşdırılmış güclü infrastruktur, beynəlxalq tərəfdaşlıqlar və yerli texnoloji şirkətlərin inkişafı bu uğurun təməlini təşkil edir. MegaSec məhz bu ekosistemin yetirdiyi, Azərbaycanın rəqəmsal təhlükəsizlik sahəsində topladığı bilik və təcrübəni öz fəaliyyətində əks etdirən qabaqcıl texnologiya şirkəti kimi görüşdə ölkəmizin texnoloji potensialını layiqincə təmsil edib.

Tərəflər rəqəmsal transformasiyanın sürətlə davam etdiyi müasir dövrdə informasiya təhlükəsizliyinin strateji prioritetə çevrildiyini vurğulayıblar. Kadr hazırlığı, ixtisasartırma proqramları, süni intellekt və bulud infrastrukturunun inkişafı və kibertəhlükəsizlik mərkəzinin yaradılması kimi strateji layihələr müzakirə edilib. Müzakirələr zamanı Azərbaycanın kibertəhlükəsizlik sahəsində əldə etdiyi praktiki təcrübənin və uğurlu həllərinin Özbəkistanda tətbiqi perspektivləri də diqqət mərkəzində olub. Bu baxımdan görüş, Azərbaycanın rəqəmsal inkişaf modelinin və qabaqcıl təcrübəsinin dost və tərəfdaş ölkələrlə paylaşılması istiqamətində atılmış mühüm addım kimi qiymətləndirilə bilər.

MegaSec MMC süni intellekt məhsullarının inkişafı, kibertəhlükəsizlik xidmətləri və dron sistemləri sahəsində fəaliyyət göstərən Azərbaycan texnologiya şirkətidir. Şirkətin həll paketinə kiberhücum simulyasiyaları, 24/7 fəaliyyət göstərən kiber kəşfiyyat mərkəzi, audit xidmətləri, intellektual aşkarlama sistemləri, nitq emalı texnologiyaları, böyük dil modelləri, UAV və robotexnika, habelə AgriTech həlləri daxildir. Şirkət real vaxt rejimli üz tanıma sistemi üzrə patentin də sahibidir.

Sosial həyat