Bizi Telegram-da da izləyə bilərsiniz:@xqazeti
Meksikanın tarixi San Lazaro Qanunvericilik Sarayında 28 May - Müstəqillik Günü münasibətilə musiqili tədbir keçirilib.
XQ xəbər verir ki, tədbir Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsinin və Meksika Deputatlar Palatasının dəstəyi, Azərbaycan Respublikasının Meksika Birləşmiş Ştatlarındakı Səfirliyinin təşkilatçılığı ilə baş tutub.
Tədbirdə Meksika hökumətinin üzvləri, parlament nümayəndələri, diplomatik korpusun rəhbərləri və üzvləri, işgüzar, akademik və elmi dairələrin, kütləvi informasiya vasitələrinin təmsilçiləri, həmçinin Azərbaycanın dostları və diasporunun üzvləri iştirak edib.
Azərbaycan Respublikasının Meksika Birləşmiş Ştatlarındakı fövqəladə və səlahiyyətli səfiri Seymur Fətəliyev Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 108-ci ildönümünü münasibətilə iştirakçıları təbrik edib. AXC-nin müsəlman Şərqində ilk dünyəvi, parlamentli və demokratik respublika olduğunu diqqətə çatdırıb.
Çıxışlarda Ulu Öndər Heydər Əliyevin Azərbaycan dövlətçiliyinin möhkəmləndirilməsi və müasir Azərbaycanın inkişafındakı tarixi rolu xüsusi vurğulanıb.
Tədbirdə, həmçinin 2026-cı ilin Azərbaycanda “Şəhərsalma və Memarlıq İli” elan edilməsinin əhəmiyyətindən söz açılıb. Bakıda keçirilən Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyasının uğurla təşkil olunduğu qeyd edilib, Meksikanın forumda yüksək səviyyəli nümayəndə heyəti ilə iştirakı yüksək dəyərləndirilib.
Meksika xarici işlər nazirinin müavini xanım Mariya Teresa Merkado Azərbaycan xalqına və hökumətinə Müstəqillik Günü münasibətilə ən səmimi təbriklərini çatdırıb. Coğrafi uzaqlığa baxmayaraq, bu gün bir birinə yaxın olan iki xalqın dostluğundan məmnunluğunu ifadə edib.
Meksika–Azərbaycan Dostluq Qrupunun rəhbəri, deputat xanım Dulse Mariya Viyyeqas Quarneros isə qeyd edib ki, Azərbaycan öz tarixi, mədəni və bədii irsinə bağlılığını qoruyaraq beynəlxalq arenada getdikcə daha fəal rol oynayan ölkəyə çevrilib. Məhz buna görə də bu bayram yalnız milli deyil, eyni zamanda mühüm diplomatik əhəmiyyət daşıyır.
Tədbirin bədii hissəsində Azərbaycanın Xalq artisti, dirijor Yalçın Adıgözəlov, solist Selcan Fermor-Hesketh və Meksikada yaşayan soydaşımız Nana Babayevanın rəhbərlik etdiyi orkestrin ifasında zəngin musiqili proqram qonaqların xüsusi marağına səbəb olub. Azərbaycan və dünya bəstəkarlıq məktəbinin seçmə nümunələri, milli musiqi irsimizi əks etdirən ifalar tədbir iştirakçılarına unudulmaz musiqi anları yaşadıb.
Tədbir Meksika Deputatlar Palatasının rəsmi sosial media hesablarında birbaşa yayımlanıb.













