Varşavada Müstəqillik Gününə həsr olunan konsert keçirilib

post-img

Bizi Telegram-da da izləyə bilərsiniz:@xqazeti

Azərbaycan Respublikasının Müstəqillik Gününün 108-ci ildönümü münasibətilə Varşava Milli Filarmoniyasında musiqili tədbir keçirilib.

XQ xəbər verir ki, tədbir Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi, Azərbaycan Respublikasının Polşa Respublikasındakı Səfirliyinin təşkilatçılığı ilə baş tutub.

Tədbirdə Polşa Nazirlər Kabinetinin üzvü, nazir Tomaş Şemonyak, hökumət, seym və senat nümayəndələri, diplomatik korpusun rəhbərləri, akademik, biznes və media dairələrinin təmsilçiləri, dini icmaların nümayəndələri, eləcə də Polşada yaşayan soydaşlarımız iştirak edib.

Tədbir Azərbaycan və Polşanın Dövlət himnlərinin səsləndirilməsi ilə başlayıb.

Azərbaycanın Polşadakı fövqəladə və səlahiyyətli səfiri Nərgiz Qurbanova Azərbaycan Xalq Cümhuriyyətinin Türk və müsəlman dünyasında ilk demokratik respublikanın yaranması ilə nəticələnən mühüm tarixi hadisə olduğunu bildirib. O, cümhuriyyətin qısa müddətdə güclü dövlət institutlarının formalaşdırılması və hüququn aliliyinə əsaslanan dünyəvi dövlət quruculuğu istiqamətində mühüm addımlar atdığını qeyd edib.

Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsinin sədr müavini Elşad Əliyev çıxış edərək Komitə sədrinin bayram təbriklərini tədbir iştirakçılarına çatdırıb. Belə tədbirlərin Azərbaycan–Polşa dostluq əlaqələrinin inkişafına, milli-mədəni irsimizin tanıdılmasına və dövlətçilik ənənələrimizin beynəlxalq səviyyədə təbliğinə mühüm töhfə verdiyini bildirib. Sədr müavini qeyd edib ki, müasir Azərbaycanın inkişafı Ümummilli Lider Heydər Əliyevin müəyyən etdiyi strateji kurs əsasında Prezident İlham Əliyevin rəhbərliyi ilə uğurla davam etdirilir. 

Çıxışlar zamanı Polşadakı Azərbaycan diasporunun milli kimliyin qorunması, mədəniyyətimizin təbliği və Azərbaycan həqiqətlərinin yerli ictimaiyyətə çatdırılması istiqamətində fəaliyyətini yüksək qiymətləndirilib.

Polşalı nazir Tomaş Şemonyak Azərbaycan ilə Polşa arasında dostluq və əməkdaşlıq münasibətlərinin tarixinə diqqət çəkərək, iki ölkə arasında əlaqələrin daha da möhkəmləndirilməsinin vacibliyini vurğulayıb. Azərbaycanın regionda sabitlik və təhlükəsizliyin təmin edilməsində mühüm rol oynadığını bildirib, ölkəmizin Polşa ilə tərəfdaşlığının genişlənməsindən məmnunluğunu ifadə edib.

Tədbir bədii hissə ilə davam edib. Türk dövlətlərini təmsil edən “Yeddi gözəl” musiqi qrupunun ifasında Azərbaycan və türk xalqlarının zəngin musiqi irsinə aid əsərlər qardaş xalqların ortaq dəyərlərini, tarixi bağlarını və mənəvi birliyini musiqinin dili ilə nümayiş etdirib.















Mədəniyyət