Bizi Telegram-da da izləyə bilərsiniz:@xqazeti
Fövqəladə Hallar Nazirliyinin Akademiyasında xüsusi təyinatlı ali təhsil müəssisəsinin yaradılmasının 18 illiyinə həsr edilmiş tədbir keçirilib.
Bu barədə XQ-yə Fövqəladə Hallar Nazirliyindən (FHN) məlumat verilib.
Tədbirdə akademiyanın indiki və sabiq rəhbərliyi, professor-müəllim heyəti, zabit və kursantlar iştirak ediblər.
FHN Akademiyasının rəisi general-mayor Baba Salayev çıxış edərək ali təhsil ocağının 18 illik fəaliyyət yoluna qısa ekskurs edərək bildirib ki, ötən müddət ərzində akademiya Fövqəladə Hallar Nazirliyi üçün yüksək ixtisaslı kadrların hazırlanmasında mühüm rol oynayıb.
Akademiya rəisi vurğulayıb ki, Ümummilli Lider Heydər Əliyev ölkəyə rəhbərlik etdiyi dövrlərdə Azərbaycan elminin və təhsilinin inkişafına xüsusi diqqət və qayğı göstərib, bu sahədə mühüm təşəbbüslər irəli sürüb və irimiqyaslı islahatlar həyata keçirib.
Sonra çıxış edən Akademiyanın sabiq rəis müavini ehtiyatda olan polkovnik Aslan Hüseynov Akademiyanın yaranma tarixindən, inkişaf mərhələlərindən və əldə etdiyi nailiyyətlərdən danışıb.
Tədbirin sonunda Akademiyanın hərbi orkestrinin solisti gizir Anar İlhamlı və digər ifaçıların iştirakı ilə konsert proqramı təqdim olunub.

