Beynəlxalq festivalda uşaqların caz və estrada bayramı

post-img

Bizi Telegram-da da izləyə bilərsiniz:@xqazeti

M.Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasının Kamera və Orqan Musiqisi Zalında “Uşaq dünyası” Beynəlxalq Musiqi Festivalı çərçivəsində “Estrada və caz” adlı rəngarəng konsert proqramı təqdim olunub.

Bu barədə XQ-yə Filarmoniyadan məlumat verilib.

Bildirilib ki, konsertdən əvvəl M.Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasının direktor müavini, sənətşünaslıq üzrə fəlsəfə doktoru, musiqişünas Ayla Kərimova-Zəkəriyyə və Azərbaycan Dövlət Uşaq Filarmoniyasının direktoru, pianoçu Səidə Tağızadə festival və Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə bütün iştirakçıları təbrik edib.

Gecədə dirijor Cavad Tağızadənin rəhbərliyi ilə Q.Qarayev adına Azərbaycan Dövlət Kamera Orkestri və Azərbaycan Dövlət Uşaq Filarmoniyasının “Səda” uşaq xoru çıxış edib. Xormeyster Aysel Mehdizadə, konsertmeyster isə Şahin Yəhyazadə idi.

Konsert proqramında gənc musiqiçilər müxtəlif janr və üslublarda çıxış edərək öz ifa bacarıqlarını nümayiş etdirdilər. Proqramda Volfqanq Amadey Motsart, Karl Bom, Qara Qarayev, Nazim Əliverdibəyov, Əzizə Mustafazadə, Nikolay Rimski-Korsakov, Scott Joplin Aaron Copland, Antonin Dvorjak, İrina Xrisanidi, İsfar Sarabski və digər müəlliflərin əsərləri yer alıb.

Beynəlxalq festival çərçivəsində Ukraynadan qatılan iştirakçıların çıxışları konsertə xüsusi rəng qataraq proqramın beynəlxalq ruhunu daha da gücləndirib.



























Mədəniyyət