Everesti ilk fəth edən kim olub?

post-img

Comolunqmanın dünyanın ən hündür dağı olduğu XIX əsrin ortalarında britaniyalıların Himalaylarda apardığı ölçmə işləri zamanı məlum olub. Dağa “Everest” adı isə uzun illər Ost-Hindistan kartoqrafiya xidmətinə rəhbərlik etmiş Corc Everestin şərəfinə verilib.

Dəniz səviyyəsindən 8848 metr yüksəklikdə yerləşən Everestə ilk qalxma cəhdləri 1920-ci illərdə edilsə də, uğursuz olub. Bəzi alpinistlər bu yürüşlər zamanı həyatlarını itiriblər. 1924-cü ildə Corc Mellori və Endrü İrvin dağda itkin düşüblər. Onların qalıqları yalnız illər sonra tapılıb. Alimlər onların zirvəyə çatıb-çatmadığını hələ dəqiq bilmirlər.

1930-cu illərdə də Everestə bir neçə ekspedisiya təşkil olunsa da, zirvəni fəth etmək mümkün olmayıb. Yalnız İkinci Dünya Müharibəsindən sonra bu məqsədə nail olunub. 29 may 1953-cü ildə yeni zelandiyalı Edmund Hillari və şerpa alpinisti Tenzinq Norgey Everestin zirvəsinə qalxan ilk insanlar kimi tarixə düşüblər. Onlar britaniyalı Con Hantın rəhbərlik etdiyi ekspedisiyanın üzvləri olublar.

Bu uğur barədə xəbər 2 iyun 1953-cü ildə - Britaniya kraliçası II Elizabetin tacqoyma günündə elan olunub. Daha sonra Hillari bu nailiyyətə görə cəngavər titulu alıb.

Hazırladı:

S.ELAY

XQ

Maraqlı