Bizi Telegram-da da izləyə bilərsiniz:@xqazeti
Mayın 28-də BMT-nin Nyu-Yorkdakı Baş Qərargahında Azərbaycan Respublikasının BMT yanında Daimi Nümayəndəliyinin təşkilatçılığı ilə Müstəqillik Gününə həsr olunan rəsmi qəbul keçirilib.
XQ xəbər verir ki, tədbirdə BMT-nin yüksək səviyyəli nümayəndələri, təşkilata üzv ölkələrin daimi təmsilçiləri və diplomatlar iştirak ediblər. Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayıb.
BMT Baş katibinin aparat rəhbəri Kortni Rettrey çıxışı zamanı Azərbaycan xalqını Müstəqillik Günü münasibətilə təbrik edib və belə bir tədbirdə iştirakdan məmnunluğunu ifadə edib. O qeyd edib ki, Azərbaycan tarixən müxtəlif mədəniyyətlərin, ideyaların və ənənələrin qovuşduğu coğrafiyada formalaşaraq zəngin kimlik yaradıb.
Azərbaycanın BMT yanında daimi nümayəndəsi Tofiq Musayev çıxışında bildirib ki, 108 il əvvəl yaradılmış Azərbaycan Xalq Cümhuriyyəti qısa müddət fəaliyyət göstərsə də, onun irsi bu gün də xalq üçün qürur və ilham mənbəyidir. Diplomat vurğulayıb ki, Azərbaycan artıq üçüncü ildir Müstəqillik Gününü öz ərazi bütövlüyünü tam bərpa etmiş dövlət kimi qeyd edir və regionda sülhün, təhlükəsizliyin və davamlı inkişafın təmin olunmasına töhfə verir.
Səfir Prezident İlham Əliyevin BMT Baş Assambleyasının 80-ci sessiyasındakı çıxışına istinad edərək bildirib ki, Azərbaycanın əsas prioritetləri beynəlxalq hüquqa hörmət, dövlətlərin suverenliyinə müdaxilə etməmək, qarşılıqlı əməkdaşlıq və davamlı inkişafdır.
Tofiq Musayev qeyd edib ki, Azərbaycan 1991-ci ildə müstəqilliyini yenidən bərpa etdikdən və 1992-ci ildə BMT-yə üzv olduqdan sonra təşkilatın məqsəd və prinsiplərinə daim sadiq qalıb. O əlavə edib ki, ölkəmiz Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü olmaqla yanaşı, ECOSOC və İnsan Hüquqları Şurasında da fəal iştirak edib.
Diplomat həmçinin bildirib ki, Azərbaycanın BMT ilə əməkdaşlığının göstəricilərindən biri də ölkəmizin təcrübəli mütəxəssislərinin 2027–2030-cu illər üzrə İnsan Hüquqları Komitəsinə, 2027–2031-ci illər üzrə Uşaq Hüquqları Komitəsinə və 2027–2030-cu illər üzrə Qadınlara Qarşı Ayrı-seçkiliyin Ləğvi Komitəsinə namizəd göstərilməsidir. O, qarşıdan gələn seçkilərdə üzv dövlətlərin dəstəyinə ümid etdiyini ifadə edib.
Tədbirin bədii hissəsində Nyu-Yorkda fəaliyyət göstərən “My Way” Uşaq və Gənclər İnkişaf Mərkəzinin üzvləri Azərbaycan milli rəqslərini təqdim ediblər. Eyni zamanda, musiqiçilər Röya və Rizvan milli musiqi nümunələri ilə çıxış edib, qonaqlara Azərbaycan mətbəxinə aid təamlar təqdim olunub.







