Gözdən düşmüş “eks”in “küçədə fırtına” oyunbazlığı
Ermənistanda seçkiqabağı siyasi gərginlik artdıqca, hakimiyyət uğrunda mübarizə təhlükəli ritorika ilə müşayiət olunur. Tərəflər bir-birini ittiham edir, “inqilab” çağırışları isə siyasi qarşıdurmanın miqyasını genişləndirir. İkinci prezident Robert Koçaryanın Sisian şəhəri sakinləri ilə görüşdə səsləndirdiyi fikirlər vəziyyətin nə qədər həssas və riskli olduğunu göstərir.
“Ermənistan” blokundan baş nazirliyə namizəd Robert Koçaryan yerli sakinlərdən birinin “seçki saxtakarlıqlarına bulaşmış və cəmi 10–12 faiz dəstək qazanan hakim qüvvənin, hətta məğlub olsa belə hakimiyyəti verməyəcəyi barədə cəmiyyətdə fikir formalaşdırmağa çalışdığı” ilə bağlı sualını cavablandırarkən bildirib ki, hakimiyyətin xalqın iradəsinə qarşı çıxmaq cəhdləri onlar üçün iflasla nəticələnəcək. Onun sözlərinə görə, müxalifət ölkədəki 2 min seçki məntəqəsində ciddi nəzarət mexanizmi qurmağa hazırlaşır. R.Koçaryan çıxışında daha sərt mesaj da səsləndirib: “Əgər hakim komanda saxtakarlıq yolu ilə qələbəmizi əlimizdən almağa çalışsa, cavab olaraq əsl xalq inqilabı ilə qarşılaşacaq”.
Onun “əsl xalq inqilabı” ilə bağlı çağırışları artıq təkcə emosional siyasi ritorika kimi deyil, həm də köhnə siyasi elitanın revanş planlarının açıq mesajıdır. Vaxtilə seçki saxtakarlıqları, avtoritar idarəetmə və siyasi təzyiqlərlə adı hallanan keçmiş prezidentin bu gün “xalq iradəsi” anlayışına istinad etməsi Ermənistan siyasətində həm ironik, həm də narahatedici mənzərə yaradır. Diqqəti artıq seçkinin nəticələrindən daha çox, seçkidən sonrakı küçə ssenarilərinə yönəldir.
Əslində, Koçaryanın Sisianda səsləndirdiyi “əsl xalq inqilabı” ilə bağlı bəyanatı Ermənistanın daxili siyasi gündəminin ən həssas nöqtələrindən birinə toxunur. Bu çıxış yalnız seçkiqabağı ritorika deyil, həm də illərlə hakimiyyət uğrunda mübarizə aparmış köhnə siyasi sistemin yenidən səhnəyə qayıtmaq cəhdidir. Paradoks ondadır ki, vaxtilə hakimiyyətin bütün inzibati resurslarını əlində cəmləyən və seçkilərin legitimliyi ilə bağlı çoxsaylı ittihamların mərkəzində dayanan Koçaryan indi “xalq iradəsi” və “inqilab” anlayışlarından istifadə edir. Onun “saxtakarlığa qarşı mübarizə” və “xalqın seçimi” kimi mesajlar verməsi cəmiyyətin müəyyən hissəsində siyasi kinayə doğurur. Ermənistanda bir çoxları yaxşı xatırlayır ki, məhz onun hakimiyyəti dövrü seçki manipulyasiyaları, güc strukturlarının siyasətə müdaxiləsi və müxalifətin sərt şəkildə susdurulması ilə yadda qalıb. Bu baxımdan Koçaryanın baş nazir Nikol Paşinyanı “siyasi dələduz” adlandırması keçmişlə bu gün arasında sərt siyasi paralel yaradır.
R.Koçaryanın çıxışında diqqətçəkən əsas məqamlardan ən önəmlisi seçki nəticələrinin əvvəlcədən şübhə altına alınmasıdır. O, hakimiyyətin “xalqın qələbəsini oğurlamağa çalışacağını” iddia edir və bunun cavabında “inqilab” mesajını verir. Bu isə klassik postsovet siyasi texnologiyasını xatırladır: seçkidən əvvəl legitimlik böhranı yaratmaq və nəticələr arzuolunan kimi olmadığı təqdirdə kütləvi etiraz ssenarisinə zəmin hazırlamaq.
Onun “2000 seçki məntəqəsində ciddi nəzarət” barədə dedikləri ilk baxışda demokratik proseslərə nəzarət kimi təqdim olunsa da, əslində tərəfdarlarına “mübarizə seçki günü bitməyəcək” mesajıdır. Başqa sözlə, Koçaryan seçkiləri yalnız səsvermə prosesi kimi deyil, siyasi qarşıdurmanın başlanğıcı sayır.
Anklavdakı Kərkinin (Tiqranaşenin) Azərbaycana verilməsini istisna etdiyini deyən Koçaryan bununla şovinist ritorikaya üstünlük verdiyini nümayiş etdirib. O, seçicilərlə görüşündə Ermənistanın artıq “xeyli” güzəşt etdiyini deyib: “daha güzəşt etməyə heç nə qalmayıb”.
Maraqlıdır ki, Koçaryan bir tərəfdən Kərkinin verilməyəcəyini iddia edib, digər tərəfdən isə qaz kəmərinin və Gürcüstana gedən yolun müəyyən hissələrinin Azərbaycanın nəzarətinə keçəcəyi təqdirdə buna təəccüblənməyəcəyini deyib. Bu isə göstərir ki, Ermənistan daxilində reallıq hissi ilə populist siyasət arasında ciddi ziddiyyət yaranıb. Köhnə siyasi elita cəmiyyətə emosional müqavimət mesajları verir, eyni zamanda, regional reallıqların dəyişdiyini də anlayır. Bu ritorika Ermənistanda müharibədən sonra formalaşmış psixoloji travmanı siyasi dividendlərə çevirmək cəhdidir. Çünki məğlubiyyətdən sonra Ermənistan cəmiyyətində “xəyanət”, “təslimçilik” və “satqınlıq” ittihamları daxili siyasi mübarizənin əsas alətlərindən birinə çevrilib.
Koçaryanın çıxışında ən sərt məqamlardan biri isə dolayısı ilə xarici faktor mesajı verməsidir. Ermənistan daxilində artıq belə bir fikir formalaşıb ki, köhnə siyasi elitanın bir hissəsi Moskvanın siyasi dəstəyinə arxalanaraq revanş götürməyə çalışır. Bu baxımdan Koçaryanın sərt ritorikası təkcə daxili auditoriyaya deyil, həm də müəyyən geosiyasi dairələrə ünvanlanan “mən hələ oyundayam” mesajıdır.
Ən maraqlısı isə onun seçicilərlə görüşdə xatırlatdığı ingilis atalar sözüdür: “Əgər kimsə səni bir dəfə aldadıbsa, ayıb onadır, iki dəfə aldadıbsa, ayıb sənədir”. Bununla o, cəmiyyəti Paşinyana ikinci dəfə səs verməməyə çağırır. Bunlardan aydın olur ki, Koçaryanın əsas problemi ondan ibarətdir ki, o, keçmişin siyasi yükündən tam şəkildə uzaqlaşa bilməyib. Bu səbəbdən onun bu gün “xalq inqilabı”ndan danışması cəmiyyətin bir hissəsi üçün səmimi çağırışdan daha çox, siyasi manipulyasiyadır.
Mövzu ilə bağlı Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin şöbə müdiri Mətin Məmmədli XQ-yə bildirdi ki, Koçaryanın açıqlaması Ermənistan müxalifətinin seçkilərə ciddi şəkildə hazırlaşdığını və vəziyyəti gərginləşdirməyə cəhd göstərə biləcəyini göstərir: “Onlar bu gərgin vəziyyətdən öz siyasi məqsədlərini reallaşdırmaq üçün istifadə etməyi planlaşdırırlar. Son zamanlar Ermənistanda keçirilən rəy sorğuları göstərir ki, hakimiyyətin reytinqi müxalifətdən xeyli öndədir. Görünür, demokratik yolla öz məqsədlərinə çata bilməyən revanşist qüvvələr vəziyyəti gərginləşdirməyə, qarşıdurma mühiti yaratmağa və prosesləri qeyri-konstitusion müstəviyə keçirməyə, bu yolla da məqsədlərinə çatmağa çalışacaqlar. Amma məqsədlərinə çatacaqlarmı? Sual budur. Təbii ki, bu, Ermənistan cəmiyyətinin və hakimiyyətinin davranışından və mövqeyindən asılı olacaq”.
Milli Məclisin deputatı Arzu Nağıyev isə bildirdi ki, Koçaryanın bu açıqlaması Ermənistanda seçkiqabağı siyasi gərginliyin artıq pik həddə çatdığını göstərir: “O, hakimiyyətin mümkün seçki saxtakarlığına gedə biləcəyi barədə xəbərdarlıq etməklə yanaşı, tərəfdarlarını səfərbər etməyə çalışır. Koçaryan yaxşı anlayır ki, onun arxasında Rusiyadakı müəyyən siyasi dairələrin dəstəyi dayanır. Son dövrlərdə Rusiyanın xarici işlər naziri Sergey Lavrovun, eləcə də Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedevin Ermənistanla bağlı açıqlamaları da revanşist düşərgəni ruhlandıran amillər kimi qiymətləndirilir. Bununla yanaşı, Nikol Paşinyan da öz siyasi xəttini davam etdirməkdə qərarlıdır. O, uzun müddət hakimiyyət üçün ciddi təsir vasitəsi sayılan kilsənin və “Qarabağ klanı”nın imkanlarını zəiflədib. Paşinyan çıxışlarında revanşist qüvvələrin yenidən müharibə ritorikasını gündəmə gətirdiyini bildirir və vurğulayır ki, Ermənistan cəmiyyəti yeni qarşıdurma deyil, sabitlik və dinc həyat istəyir. Baş nazirin fikrincə, ölkənin gələcəyi Azərbaycanla sülh müqaviləsinin imzalanmasından keçir”.
Beləliklə, mövcud mənzərə göstərir ki, Koçaryanın “inqilab” ritorikası daha çox siyasi çıxılmazlığın əlamətidir. Çünki seçkidə qələbəyə inam zəiflədikcə, küçə ssenarilərindən danışılması halları artır. Koçaryanın siyasətdə ən zəif tərəfi keçmişin siyasi alətləri ilə gələcəyin seçicisini inandırmağa çalışmasıdır. Bu baxımdan “xalq inqilabı” şüarı Koçaryan üçün siyasi dirçəliş vasitəsindən çox çıxılmazlığın etirafıdır. Əsas sual isə dəyişməz qalır: xalq doğrudanmı Koçaryanın arxasınca yeni bir inqilaba hazırdır, yoxsa bu çağırış, sadəcə, seçkiöncəsi psixoloji təzyiq elementidir? Ermənistanın mövcud reallığında ikinci ehtimal daha inandırıcı görünür.
Pünhan ƏFƏNDİYEV
XQ




