Gender hesabatı dinlənildi, yeni hakimlər təyin olundu
Mayın 26-da Milli Məclisin Sədri Sahibə Qafarovanın sədrliyi ilə parlamentin yaz sessiyasının son iclası keçirildi. İclası açan spiker əvvəlcə Bakının ev sahibliyi etdiyi BMT-nin Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyasının (WUF13) əhəmiyyətini vurğuladı. O, 2026-cı ilin ölkəmizdə “Şəhərsalma və Memarlıq İli” elan olunduğunu xatırladaraq Prezident İlham Əliyevin rəhbərliyi ilə azad edilmiş ərazilərdə aparılan bərpa-quruculuq işlərinin müstəsna əhəmiyyət daşıdığını qeyd etdi.
Yaz sessiyasının qanunvericilik yekunlarına toxunan Milli Məclis Sədri hesabat dövründə parlamentin 15 iclasının keçirildiyini, 57 qanun və 19 qərarın qəbul edildiyini bildirdi. Sədr parlament ilə hökumət arasında qurulan konstruktiv iş birliyini, komitələr tərəfindən müxtəlif aktual mövzularda, o cümlədən kənd təsərrüfatında süni intellektin tətbiqi və gender bərabərliyi barədə təşkil edilən 4 mühüm ictimai dinləməni xüsusi qeyd edib. Eyni zamanda, sessiya ərzində nəzarət funksiyası çərçivəsində müvafiq dövlət qurumlarının hesabatlarının dinlənildiyi və 10 minə yaxın vətəndaş müraciətinə baxıldığı vurğulandı. Parlamentin beynəlxalq fəaliyyətinin də dinamik keçdiyini deyən S.Qafarova son 4 ayda deputatların 29 ölkəyə 110 səfər etdiyini, Milli Məclisin rəhbərliyi ilə İstanbulda Qoşulmama Hərəkatı Parlament Şəbəkəsinin 5-ci konfransının təşkil olunduğu və qurumun mənzil-qərargahının Bakıda yerləşdirilməsi barədə qərarın qəbul edildiyini diqqətə çatdırdı.
* * *
Daha sonra gündəlikdəki məsələlərin müzakirəsinə keçid edildi. İlk olaraq gender bərabərliyinin təmin edilməsinə nəzarəti həyata keçirən Ailə, Qadın və Uşaq Problemləri Komitəsinin 2025-ci ildə fəaliyyəti haqqında məlumat dinlənildi. Məlumatı komitənin sədri Bahar Muradova səsləndirdi. B.Muradova bildirdi ki, 2025-ci ildə Daxili İşlər Nazirliyi tərəfindən 90 erkən evliliyə cəhd faktı müəyyən edilərək 28 nəfər cinayət məsuliyyətinə cəlb olunub, həmçinin 5 valideyn və 41 aidiyyəti şəxs barəsində inzibati tənbeh tədbiri tətbiq edilib, daha 57 şəxslə isə profilaktik iş aparılıb. Hesabat dövründə 15 qızqaçırma faktı üzrə Cinayət Məcəlləsinin adam oğurluğu maddəsi ilə cinayət işi başlanılaraq 32 şəxs barəsində müvafiq məsuliyyət tədbirləri görülüb.
Komitə sədrinin hesabatında cəmiyyəti narahat edən məişət zorakılığı və aliment öhdəliklərindən yayınma halları ilə bağlı konkret statistika da öz əksini tapdı. Hesabata əsasən, Azərbaycanda qohum nikahları rəsmən qadağan olunana, yəni 2025-ci il iyulun 1-nə qədər ölkə üzrə 1412 belə fakt qeydə alınıb ki, bu da 2024-cü ildəki 2058 faktla müqayisədə ciddi azalma deməkdir. Ötən il qohum nikahların ən yüksək göstəricisi yenə də Bakı şəhərinin (360 fakt) payına düşüb. Ümumilikdə, 2025-ci il ərzində respublikada 48 min 546 rəsmi nikaha daxilolma və 20 min 675 boşanma halı qeydiyyata alınıb. Ötən illərin statistikası ilə müqayisədə müsbət tendensiya kimi, həm rəsmi nikahların, həm də boşanmaların əmsalında müəyyən azalmalar müşahidə olunub.
Sonra Ailə, qadın və uşaq məsələləri komitəsinin sədri Hicran Hüseynova çıxışında gender məsələsində son dövrlərdə ölkədə inkişafın olduğunu, amma bəzi sahələrdə hələ də çətinliyin müşahidə edildiyini bildirdi: “Azərbaycanda doğulan qız və oğlan uşaqları arasındakı fərq azalsa da, ana və uşaq ölümü göstəriciləri artıb. Hazırda cinsi nisbət hər 100 qıza 113 oğlan təşkil edir. Halbuki bioloji norma hər 100 qıza 105-107 oğlandır. Digər tərəfdən ana və uşaq ölümü göstəricilərində artım müşahidə olunur. Əgər 2020-ci ildə hər 100 min diri doğulana 15,8 ana ölümü düşürdüsə, 2025-ci ildə bu göstərici 27,1 olub. Hər 1000 nəfər diri doğulan uşaqlar arasında 1 yaşadək ölən uşaqların sayı isə 2020-ci ildə 9,8, 2025-ci ildə isə 13,7 təşkil edib”.
Parlamentin İnsan hüquqları komitəsinin sədri Zahid Oruc çıxışında Milli Məclisin iki il öncə qəbul etdiyi qanunun öz bəhrəsini verdiyini və ölkədə qohum nikahlarının sayının azaldığını diqqətə çatdırdı: “2022-ci ildə 2542 olan qohum nikahlarının sayı 2024-cü ildə 2058-ə, 2025-ci ildə isə 1412-yə düşüb. Müsbət dinamikaya baxmayaraq, problem tam aradan qalxmayıb. 2025-ci ildə bu sahədə ən yüksək göstəricilər Bakı (360 nəfər) və Lənkəran-Astara (223 nəfər) bölgələrinin payına düşüb. Fikrimcə, qohum nikahları təkcə hüquqi qadağalarla həll oluna bilməz, eyni zamanda, cəmiyyətdə davranış dəyişikliyi formalaşmalı, maarifləndirmə dalğası, tibbi-genetik məsləhətlər və məktəblərdə sistemli işin artması vacibdir”.
Çıxışında digər ciddi və narahatedici məqam kimi ana və uşaq ölümü göstəricilərinə toxunan Zahid Oruc 2025-ci ildə hər 100 min diri doğulana ana ölümü sayının 26 nəfər təşkil etdiyini diqqətə çatdırdı. Şəhər yerlərində müvafiq göstəricinin 2024-cü ildəki 12,2 faizdən 2025-ci ildə kəskin artaraq 22,1 faizə yüksəlməsini xüsusi narahatlıq doğuran fakt sayan komitə sədri kənd yerlərində müəyyən azalma müşahidə olunsa da, ümumi rəqəmlərin hələ də yüksək qaldığını söylədi: “2025-ci ildə 1 yaşadək 1312 uşaq həyatını itirib və hər 1000 diri doğulana uşaq ölümü əmsalı 13,7 faiz təşkil edib. Ölkədə əhalinin demoqrafik artımına ehtiyac duyulan bir dövrdə “Ailə planlaşdırılması və reproduktiv sağlamlıq haqqında” yeni qanun layihəsinin parlament tərəfindən dəstəklənəcəyinə ümid edirəm. Sonda onu bildirmək istəyirəm ki, qızların təhsildən yayınması sonradan zəncirvari reaksiya kimi erkən nikaha, iqtisadi asılılığa, məişət zorakılığına qarşı müdafiəsizliyə və nəticədə sosial təcridə birbaşa yol açır”.
* * *
Çıxışlardan sonra hesabat səsverməyə qoyularaq qəbul edildi. Daha sonra gündəlikdə yer alan digər məsələlərin müzakirəsinə başlanıldı. Bu çərçivədə parlament Azərbaycan Respublikası Ali Məhkəməsinə yeni hakimlərin təyin edilməsi barədə təqdimatları təsdiqlədi. Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin hakimi Sənan Məmməd oğlu Qarayev və Xankəndi Şəhər Məhkəməsinin sədri İlkin Qismət oğlu Abdullayev tutduqları vəzifələrdən azad edilərək Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimi təyin olundular. Bununla yanaşı, deputatlar Bakı, Sumqayıt, Gəncə və ölkənin digər şəhərləri üzrə müvafiq instansiya məhkəmələrinə də hakimlərin təyin edilməsi ilə bağlı qərarları səsə qoyaraq qəbul etdilər.
Gündəlikdəki digər məsələrin müzakirəsindən sonra çıxış edən MM-in Sədri Sahibə Qafarova qarşıdan gələn Qurban bayramı və 28 May Müstəqillik Günü münasibətilə parlament adından Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya təbrik məktublarının ünvanlanmasını təklif etdi. Deputatlar bu təklifi yüksək qarşıladılar. Ulu öndər Heydər Əliyevin dövlətçilik xidmətlərini və Prezident İlham Əliyevin uzaqgörən siyasəti sayəsində qazanılan tarixi zəfərləri xatırladan spiker deputatları, xalqımızı və media nümayəndələrini bayramlar münasibətilə səmimi-qəlbdən təbrik edərək Milli Məclisin yaz sessiyasını bağlı elan etdi.
Tacir SADIQOV
XQ

