Qurban bayramı: Mərhəmət, itaət və mənəvi təmizlik rəmzi

post-img

Bəşər tarixinin ən qədim və ən müqəddəs duyğularından biri paylaşmaqdır. İnsan ilk dəfə odu qorumağı, torpağı becərməyi, ailəsini və toplumunu yaratmağı öyrəndiyi gündən bəri bir həqiqəti də dərk edib: insan yalnız özü üçün yaşadıqda yox, başqası üçün də yaşadıqda kamilləşir. Elə buna görə də minilliklərin yaddaşından süzülüb gələn böyük bayramlar arasında Qurban bayramı təkcə dini mərasim deyil, həm də insan vicdanının, mərhəmətin və mənəvi ucalığın təntənəsidir.

Qurban bayramı İslam dünyasında ən müqəddəs bayramlardan biridir. AMEA Şamaxı Astrofizika Rəsədxanasının hesablamalarına əsasən Azərbаycаn üfüqündə Hilalın görünməsinə uyğun olaraq Qurbаn bаyrаmı Zül-hiccə ayının 10-na – Miladi təqvimlə 27 may tarixinə təsadüf edir. Şəriətə uyğun olaraq Qurban kəsimi 27 may tarixindən başlayaraq 3 gün davam edə bilər. Bu gün ölkəmizdəki bütün məscidlərdə bayram namazı qılınacaq. Mərasimlərdə adətən qoyun, qoç, keçi, dana və ya dəvə kəsilir. İslam dininin qaydalarına əsasən kəsilən heyvanlar sağlam olmalıdır. Qurban kəsimləri Qida Təhlükəsizliyi Agentliyinin Bakıda və onun ətrafı, habelə ölkənin bölgələri üzrə xüsusi ayırdığı ünvanlarda şəriət qaydalarına uyğun şəkildə Qafqaz Müsəlmanları İdarəsinin din xadimlərinin nəzarəti ilə həyata keçiriləcək. 

Bu bayramın mahiyyətində duran ən böyük həqiqət insanın Allaha bağlılığının sınağıdır. Tarixə və müqəddəs mənbələrə nəzər saldıqda görürük ki, Qurban bayramının kökü İbrahim peyğəmbərin misilsiz fədakarlıq nümunəsinə dayanır. Rəvayətə görə, Uca Yaradan İbrahim peyğəmbəri ən sevdiyi varlıqdan keçməyə hazır olub-olmaması ilə imtahan edir. O isə ilahi əmri tərəddüdsüz qəbul edir. Lakin Allah onun sədaqətini qəbul edərək insan qurbanını qoçla əvəz edir. Beləliklə, bəşər tarixində qurban anlayışı qan və qorxu simvolu olmaqdan çıxaraq mərhəmətin, itaətin və mənəvi təmizliyin rəmzinə çevrilir. 

Maraqlıdır ki, qurban vermək ənənəsi müxtəlif qədim sivilizasiyalarda da mövcud olub. Mesopotamiya, Misir və qədim türk inanclarında insanlar Tanrıya yaxınlaşmaq üçün müxtəlif qurban mərasimləri keçirirdilər. Lakin İslam dini bu anlayışa tamamilə yeni məna verdi: artıq əsas olan axıdılan qan deyil, insanın niyyəti, vicdanı və paylaşmaq iradəsidir. 

Əsrlər boyu Azərbaycan xalqı da bu müqəddəs bayramı xüsusi ehtiramla yaşadıb. Kəndlərdə ocaq tüstüsünün yüksəldiyi, həyətlərdə duaların oxunduğu, qapılardan ehtiyac sahiblərinə pay aparıldığı günlər xalq yaddaşında həmişə xeyirxahlıq və birlik rəmzi kimi qalıb. Keçmişdə ağsaqqallar deyərdilər ki, “Qurban payı verilən evdən bərəkət əskik olmaz.” Bu, sadəcə inanc yox, sosial həmrəyliyin əsrlərlə sınaqdan çıxmış həyat fəlsəfəsi idi.

Respublikamız müstəqilliyini bərpa etdikdən sonra Qurban bayramı dövlət səviyyəsində qeyd edilir. Bu münasibətlə keçirilən müxtəlif xeyriyyə tədbirlərində adətən aztəminatlı ailələrə, sosial müdafiəyə ehtiyacı olan vətəndaşlara, şəhid ailələrinə qurbanlıq əti və ərzaq məhsullarından ibarət bayram sovqatı paylanılır.

Qurban bayramının ən təsirli tərəfi də elə insanları bir-birinə yaxınlaşdırmasıdır. Bu günlərdə varlı ilə kasıbın süfrəsi arasında görünməz körpü qurulur. İnsanlar təkcə ət paylaşmırlar; sevinc, qayğı və ümid bölüşürlər. Kimsənin unudulmaması, qapısının döyülməsi, halının soruşulması bayramın ən böyük mənəvi dəyəridir. Çünki insan bəzən bir tikə çörəkdən çox, xatırlandığını hiss etməyə ehtiyac duyur. 

Müasir dünyanın sürətlə dəyişən mənzərəsində Qurban bayramı insanlığa unudulmamalı həqiqətləri yenidən açılayır. Texnologiyanın inkişaf etdiyi, amma mənəvi tənhalığın artdığı bir zamanda bu bayram bizi paylaşmağa, mərhəmətli olmağa, ehtiyacı olanı görməyə çağırır. Qurban yalnız maddi imkan nümayişi deyil; nəfsdən, eqodan, biganəlikdən keçə bilməkdir. İnsan öz daxilindəki sərtliyi qurban vermədən həqiqi mənəvi yüksəlişə çata bilməz.

Artıq altıncı ildir ki, xalqımız Qurban bayramını Vətən müharibəsində Zəfər qazanmış qalib xalq kimi, Qələbə ab-havasında qarşılayır və bu bayram işğaldan azad edilən ərazilərimizdə də qeyd olunur. Müstəqillik tariximizdə ilk dəfə ərazi bütövlüyünü və suverenliyini tam təmin etmiş ölkəmizdə Böyük Qayıdışın ruh yüksəkliyi yaşanır, ata-baba torpaqlarına qayıdanlar həmrəylik, yardımlaşma və mənəvi təmizlənmə rəmzi olan müqəddəs bayram münasibətilə qurbanlar kəsilir. 

Prezident İlham Əliyevin Qurban bayramı münasibətilə xalqımıza təbrikində deyilir: “...İslamın sonuncu səmavi din və mənəvi-əxlaqi qurtuluş yolu olaraq bəşəriyyətə göndərilməsini təcəssüm etdirən Qurban bayramı günlərində milyonlarla müsəlman Həcc ziyarətində bir araya gəlir, birlik və bərabərliyin, nəcib amallar uğrunda hər cür fədakarlığa hazır olmanın qürur və sevincini yaşayır.

Hər il ölkəmizdə ümumxalq bayramı kimi qeyd olunan Qurban mərasimləri insanlar arasında həmrəylik, humanizm və mərhəmət duyğularını daha da gücləndirir, cəmiyyətimizdə milli-mənəvi dəyərlərə bağlılığın, xeyirxah əməllərin təntənəsinə çevrilir”.

Bəli, bu müqəddəs bayramın işığında bir həqiqət daha aydın görünür: dünyanı ayaqda saxlayan qüvvə insan qəlbindəki mərhəmətdir. Əgər insanlar bir-birinin ağrısını duyursa, paylaşmağı bacarırsa, deməli, həmin xalqın mənəvi kökləri yaşayır.

Qoy bu müqəddəs günlər hər evə ruzi, hər ürəyə mərhəmət, hər ailəyə birlik gətirsin. Çünki insanlıq tarixinin ən böyük zəfəri başqasının sevincində öz xoşbəxtliyini tapa bilməkdir.

Qurban bayramınız mübarək!

 

Nurəngiz Adilqızı

XQ

 

Sosial həyat