FHN-in strukturlarında 28 May – Müstəqillik Günü qeyd edilib

post-img

Bizi Telegram-da da izləyə bilərsiniz:@xqazeti 

 

Fövqəladə Hallar Nazirliyinin (FHN) regional mərkəzlərində 28 May – Müstəqillik Günü münasibətilə tədbirlər keçirilib.

Nazirliyin mətbuat xidmətindən XQ-yə verilən məlumata görə, tədbirlər zamanı xalqımızın Ümummilli Lideri Heydər Əliyevin abidəsi önünə gül dəstələri qoyulub, əziz xatirəsi ehtiramla yad edilib.

Dövlət Himninin səsləndirilməsi ilə başlanan toplantılarda Ulu Öndər Heydər Əliyevin və ölkəmizin müstəqilliyi və ərazi bütövlüyü uğrunda canını fəda etmiş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub.

Tədbirlərdə bildirilib ki, Azərbaycan Xalq Cümhuriyyətinin yaranması xalqımızın milli istiqlal iradəsinin siyasi təntənəsi olmaqla yanaşı, müsəlman Şərqində müasir tipli parlamentli respublika idarəçiliyinin, hüquqi dövlətçilik ənənələrinin, hakimiyyət bölgüsü prinsipinin, vətəndaş hüquq və azadlıqlarına əsaslanan demokratik idarəetmə modelinin formalaşmasının tarixi-siyasi əsasını qoyub. Xalq Cümhuriyyəti cəmi 23 ay fəaliyyət göstərməsinə baxmayaraq, milli ordu quruculuğu, parlament mədəniyyətinin təşəkkülü, dövlət atributlarının təsis edilməsi, milli valyuta və təhsil sisteminin yaradılması, qadınlara seçki hüququnun verilməsi və ölkəmizin beynəlxalq münasibətlər sistemində müstəqil subyekt kimi tanınması kimi mütərəqqi nəticələrlə Azərbaycan dövlətçilik tarixində silinməz iz qoyub.

Çıxış edənlər, həmçinin vurğulayıblar ki, Azərbaycan Xalq Cümhuriyyətinin süqutundan təxminən 70 il sonra Ulu Öndər Heydər Əliyev xalqın yenidən bərpa etdiyi dövlət müstəqilliyinin qorunub saxlanılması və möhkəmləndirilməsi, müasir və dayanıqlı respublika institutlarının formalaşdırılması, hüquqi-demokratik dövlət quruculuğunun həyata keçirilməsi və Azərbaycanın beynəlxalq aləmdə etibarlı, müstəqil dövlət kimi tanınması sahəsində müstəsna tarixi xidmətlər göstərib.

Dünyaşöhrətli lider Heydər Əliyev siyasi kursunun layiqli davamçısı Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan dövləti ildən-ilə güclənir, beynəlxalq birliyin nüfuzlu üzvlərindən birinə çevrilir. 2020-ci ilin payızında məhz onun rəhbərliyi ilə Azərbaycan Ordusu tarixi Zəfərə imza ataraq Ermənistanın işğalı altında olan torpaqlarımızı azad edib, ölkəmizin suverenliyi və ərazi bütövlüyü tam bərpa olunub.

Keçirilən tədbirlərdə 28 May – Müstəqillik Günündən bəhs edən sənədli film nümayiş olunub.

















Sosial həyat