Mayın 26-da Elm və Təhsil Nazirliyinin İqtisadiyyat İnstitutunda növbəti daimi elmi seminar keçirilib.
İnstitutun baş direktoru, professor Nazim Müzəffərlinin sədrliyi ilə keçirilən tədbirdə Azərbaycan Memarlıq və İnşaat Universitetinin Dayanıqlı İnkişaf Mərkəzinin rəhbəri, ERA Araşdırma şirkətinin direktor müavini, ESOMAR Beynəlxalq Araşdırmaçılar Cəmiyyətinin Azərbaycan üzrə üzvü Kənan Həsənov “Elmi tədqiqatlarda süni intellekt: alətlər, tətbiq sahələri, etik qaydalar və avtomatlaşdırma” mövzusunda təqdimatla çıxış edib.
Seminarda müasir dövrdə sürətlə inkişaf edən süni intellekt texnologiyalarının elmi tədqiqatlarda rolu, onların tətbiq imkanları və gələcək perspektivləri geniş müzakirə olunub. Məruzəçi çıxışında süni intellektin əsas mahiyyəti və fəaliyyət prinsipləri barədə məlumat verərək bildirib ki, bu texnologiyalar artıq dünyanın aparıcı elmi və akademik mərkəzlərində tədqiqat prosesinin ayrılmaz hissəsinə çevrilməkdədir.
Kənan Həsənov elmi araşdırmalarda istifadə olunan əsas süni intellekt platformaları, onların funksional imkanları və tətbiq mexanizmləri haqqında ətraflı danışıb. O qeyd edib ki, süni intellekt vasitələri məlumatların emalı, statistik təhlil, mətnlərin hazırlanması, elmi məqalələrin strukturlaşdırılması, məlumat bazalarının idarə olunması və müxtəlif analitik proseslərin avtomatlaşdırılmasında tədqiqatçılar üçün mühüm üstünlüklər yaradır.
Məruzə zamanı süni intellektdən istifadənin müsbət tərəfləri ilə yanaşı, mümkün risklər və etik məsələlərə də toxunulub. Bildirilib ki, süni intellektdən istifadə zamanı məlumat təhlükəsizliyi, müəllif hüquqları, akademik dürüstlük və nəticələrin etibarlılığı xüsusi diqqətdə saxlanılmalıdır. Bu baxımdan beynəlxalq təcrübədə tətbiq olunan etik qaydalar və təhlükəsizlik prinsipləri barədə iştirakçılara geniş məlumat verilib.
Seminarda həmçinin dünyada süni intellekt texnologiyalarından istifadə üzrə mövcud tendensiyalar, eləcə də bu sahədə aparılan yeniliklər müzakirə olunub. Qeyd edilib ki, rəqəmsal transformasiya şəraitində süni intellekt alətlərinin mənimsənilməsi və onların elmi fəaliyyətə inteqrasiyası tədqiqatların keyfiyyətinin yüksəldilməsi baxımından mühüm əhəmiyyət daşıyır.
Təqdimatdan sonra iştirakçıların çoxsaylı sualları cavablandırılıb, mövzu ətrafında geniş fikir mübadiləsi aparılıb. Seminar iştirakçıları süni intellektin elmi fəaliyyətə təsiri və gələcək inkişaf perspektivləri ilə bağlı fikirlərini bölüşüblər.
XQ



