Pakistanda Azərbaycanın Müstəqillik Gününə həsr olunan tədbir keçirilib

post-img

Bizi Telegram-da da izləyə bilərsiniz:@xqazeti 

 

Azərbaycanın Pakistandakı səfirliyi 28 May - Müstəqillik Günü münasibətilə rəsmi qəbul təşkil edib.

XQ xəbər verir ki, qəbulda Pakistan Senatının sədri Syed Yousaf Rza Gillani və bu ölkənin kommunikasiya üzrə federal naziri Abdul Aleem Xan, digər federal və vilayət nazirləri, senatorlar, xarici ölkələrin Pakistandakı səfirləri, diplomatlar, Pakistanın dövlət qurumlarının, ictimai, mədəni, işgüzar dairələrinin nümayəndələri, bu ölkənin Silahlı Qüvvələrinin yüksək rütbəli zabitləri, media təmsilçiləri, eləcə də Pakistanda yaşayan azərbaycanlılar iştirak ediblər.

İki ölkənin dövlət himnləri səsləndirildikdən sonra çıxış edən səfir Xəzər Fərhadov 108-ci ildönümü qeyd olunan Azərbaycan Demokratik Respublikasının (ADR) keçdiyi müstəqillik yolu haqqında məlumat verib. Diplomat qeyd edib ki, cəmi 23 ay mövcud olmasına baxmayaraq, parlament, hökumət, dövlət atributları formalaşdırılıb, dövlət quruculuğu sahəsində əhəmiyyətli addımlar atılıb, həmçinin Azərbaycanın milli dövlətçilik tarixində demokratik ənənələrin əsası qoyulub.

Səfir əlavə edib ki, Azərbaycan Xalq Cümhuriyyətinin hüquqi varisi olan müstəqil Azərbaycan Respublikası 1991-ci ildə müstəqilliyini bərpa etsə də, Azərbaycan xalqı və dövləti qarşısında müstəsna xidmətləri olan Ulu Öndər Heydər Əliyevin sayəsində öz suverenliyini qoruyub saxlaya bilib. Həmin siyasət hazırda Prezidentiİlham Əliyev tərəfindən uğurla davam etdirilir.

Diplomat Pakistanın Azərbaycanın müstəqilliyini tanıyan ilk dövlətlərdən biri olduğunu və diplomatik münasibətlərin 1992-ci ildə qurulduğunu xatırlayaraq, Azərbaycan və Pakistan arasında münasibətlərin xüsusi xarakter daşıdığını, iki ölkə arasındakı əlaqələrin qarşılıqlı etimad, qardaşlıq və həmrəylik prinsiplərinə əsaslandığını vurğulayıb. O, Azərbaycan və Pakistanın bir-birini həm ikitərəfli formatda, həm də regional və beynəlxalq platformalar çərçivəsində ənənəvi olaraq hərtərəfli dəstəklədiyini diqqətə çatdırıb.

Pakistanın kommunikasiya üzrə federal naziri Abdul Aleem Xan Müstəqillik Günü münasibətilə Azərbaycan hökumətini və xalqını Baş nazir Məhəmməd Şahbaz Şərif, Pakistan höküməti və şəxsən öz adından ürəkdən təbrik edib. İki ölkə arasındakı qardaşlıq münasibətləri barədə danışan federal nazir bu əlaqələrin sarsılmaz təməllərə söykəndiyini bildirib.

Pakistan Senatının sədri Seyid Yusuf Rza Gilani də Azərbaycan hökuməti və xalqını Müstəqillik Gününün 108-ci ildönümü münasibətilə təbrik edib. Azərbaycan-Pakistan parlamentlərarası əməkdaşlığının yüksək səviyyədə inkişaf etdiyini bildirən Senat sədri iki ölkə arasında mövcud olan qarşılıqlı anlaşma və həmrəyliyin diqqətəlayiq olduğunu vurğulayıb.









Sosial həyat